Azedu.az

Deputatlardan müəllimlər üçün güzəşt TƏKLİFİ - Ev, torpaq, kredit...

Müəllimlər və elm adamları

5 Oktyabr 2026, 17:12
Deputatlardan müəllimlər üçün güzəşt TƏKLİFİ - Ev, torpaq, kredit...

Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərin sosial rifahının və peşə nüfuzunun artırılması məsələsi də gündəmə gəlir. Xüsusilə gələcəkdə müəllimlər üçün əlavə güzəşt və imtiyazların tətbiqi, onların əmək şəraitinin yaxşılaşdırılması və sosial təminatlarının genişləndirilməsi ilə bağlı müxtəlif mexanizmlərin nəzərdən keçirilməsi təklif olunur.

Bəs müəllimlər üçün hansı əlavə güzəşt və imtiyazların tətbiqi məqsədəuyğun olardı?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, müəllim peşəsinə marağın azalmasının qarşısını almaq üçün maaş artımı ilə yanaşı, müəllimlərə ev, torpaq və kreditlə bağlı güzəştlər də nəzərdə tutulmalıdır:

189625

"Bütün müəllimlərimizi Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Müəllimliyi müqəddəs peşə hesab edirəm. Müəllim hər birimizin həyatında böyük rol oynayan şəxsiyyətdir və bizim formalaşmağımızda onların rolu çox böyükdür.

Beynəlxalq təcrübə məsələsinə gəldikdə, bu gün Azərbaycanda bununla bağlı tez-tez müxtəlif müzakirələr aparılır. Mən düşünürəm ki, dünya təcrübəsinə baxdıqda görürük ki, ən yüksək maaş alan kateqoriyalardan biri müəllimlərdir. Bu gün Azərbaycanda müəllimlərin maaşının artırılması istiqamətində addımlar atılır, amma bu sahədə görüləsi işlər hələ çoxdur. Getdikcə müəllim peşəsinə maraq nisbətən azalacaq. Ona görə də müəllimliyə marağın artırılması istiqamətində ciddi çalışmalıyıq.

Bura, ilk növbədə, müəllimlərin maaşının artırılması məsələsi daxildir. Ola bilər ki, müəllimlər xüsusi kateqoriya kimi qəbul edilsin və onların maaşı məsələsi xüsusi diqqətdə saxlanılsın. Çünki bu, çox vacib məsələdir. Eyni zamanda, müəllimlərə ev, torpaq və kreditlə bağlı müəyyən güzəştlərin, həmçinin pensiya ilə bağlı əlavə imkanların nəzərdə tutulmasına ehtiyac var".

Məktəblərdə kişi müəllimlərin sayının az olmasının səbəblərindən biri müəllimlərin sosial təminatı ilə bağlı məsələlərdir:

"Zaman-zaman müəllimlərin dövlət qulluğuna aid edilməsi ilə bağlı da müzakirələr aparılır. İdeya kimi bu, çox yaxşıdır, amma tətbiqi kifayət qədər mürəkkəbdir. Bu, aidiyyəti qurumların işidir. Hesab edirəm ki, məsələyə ilk növbədə müəllimlərin əməkhaqqının artırılması və onların sosial təminatının gücləndirilməsi baxımından yanaşmalıyıq.

Müəllimlərə əlavə şərait və imkanlar yaradılmalıdır - kredit, torpaq, mənzil, istirahət və yaşayış şəraiti ilə bağlı güzəştlər nəzərdə tutula bilər. Biz daha çox addım atmalıyıq ki, müəllim peşəsinə maraq azalmasın, əksinə, artsın. Məsələn, bu gün müəllimliyə daha çox qadınlar meyl göstərir. Məktəblərdə kişilərin sayı isə çox azdır. Bunun səbəblərindən biri də məhz qeyd etdiyimiz məsələlərdir".  

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, müəllimin əmək şəraitini yaxşılaşdırmaq əslində təhsilin keyfiyyətinə, deməli, ölkənin gələcəyinə investisiya qoymaqdır:

189627

“Gələcəkdə müəllimlər üçün xüsusilə mənzil və kirayə dəstəyi, nəqliyyatda güzəştlər, regionlarda çalışan müəllimlərə əlavə ödənişlər, peşəkar inkişaf proqramlarına üstün çıxış, uzunmüddətli xidmətə görə əlavə təminatlar və karyera pillələrinin genişləndirilməsi kimi mexanizmlər nəzərdən keçirilə bilər. Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində bunların müxtəlif formaları mövcuddur: uzaq və yaşayış xərcləri yüksək olan ərazilərdə əlavə ödənişlər, ailə və nəqliyyat müavinətləri, peşəkar inkişaf üçün imkanlar kimi yanaşmalar tətbiq olunur.

Azərbaycanda xüsusilə regionlarda və ucqar yaşayış məntəqələrində çalışan müəllimlərə münasibətdə fərqli yanaşmanın faydalı olacağını düşünürəm. Çünki Bakı ilə ucqar rayon məktəbində işləyən müəllimin eyni peşə məsuliyyəti olsa da, onun qarşılaşdığı yaşayış, nəqliyyat və məişət çətinlikləri eyni deyil. Buna görə “eyni işə eyni münasibət” prinsipi ilə yanaşı, “çətin şəraitdə daha çox dəstək” prinsipi də işləməlidir.

Beynəlxalq təcrübənin başqa bir mühüm tərəfi müəllimin yalnız dərs saatı ilə ölçülməməsidir. Dərsə hazırlıq, yoxlama, valideynlərlə ünsiyyət, şagirdlərin fərdi problemləri, əlavə tədbirlər və digər işlər də müəllimin əməyinin bir hissəsidir. UNESCO da müəllim üçün balanslaşdırılmış iş yükünü, sosial təminatı, münasib əmək şəraitini, mənzil imkanlarını və peşəkar inkişafı vacib şərtlər sırasında göstərir”.

Müəllimə verilən hər bir əlavə sosial təminata xərc kimi yox, gələcəyin insan kapitalına qoyulan sərmayə kimi baxmaq lazımdır:

“Hesab edirəm ki, müəllim statusunun gücləndirilməsi üçün “müəllim nüfuzu” anlayışını qanunvericilik və sosial siyasət səviyyəsində daha da möhkəmləndirmək lazımdır. Bunun bir istiqaməti də müəllimin peşəkar inkişafına sərmayə qoymaqdır. Müəllim illərlə eyni biliklə kifayətlənməməli, yeni metodları öyrənməli, təcrübə mübadiləsində iştirak etməli və bunun üçün real imkanlara sahib olmalıdır. OECD də müəllimlik karyerasında inkişaf və ixtisaslaşma imkanlarının peşənin cəlbediciliyinə təsir etdiyini vurğulayır.

Bir məsələni də xüsusi qeyd edərdim: müəllimə güzəşt vermək onu cəmiyyətdən üstün tutmaq deyil, onun üzərinə qoyulan məsuliyyətin dəyərini qəbul etməkdir. Həkim insanın sağlamlığını, mühəndis təhlükəsizliyini, müəllim isə bütün bunların gələcəkdə kim tərəfindən həyata keçiriləcəyini formalaşdırır.

Ona görə müəllimə verilən hər bir əlavə sosial təminata xərc kimi yox, gələcəyin insan kapitalına qoyulan sərmayə kimi baxmaq lazımdır. Çünki məktəbin müəlliminin sosial statusu nə qədər möhkəm olarsa, müəllimlik peşəsi də bir o qədər gələcək nəsillərin seçmək istədiyi nüfuzlu peşəyə çevrilər”.

Ukraynadan ağlasığmaz əməliyyat - 2 min rus əsgəri ö*ldürürldü
Son xəbərlərDaha çox