Azedu.az

Tələbələr 30 həftə əvəzinə 27 həftə təhsil alır? - Rektordan TƏKLİF

Ali təhsil

12 Oktyabr 2026, 10:33
Tələbələr 30 həftə əvəzinə 27 həftə təhsil alır? - Rektordan TƏKLİF

Azərbaycanda universitetlərdə dərs ili hər semestr 15 həftə olmaqla iki semestrdən və bütövlükdə 30 həftədən ibarətdir.

Bu isə o deməkdir ki, təhsil standartları, tədris planları və tədrisin nəticələri 30 həftəyə hesablanıb. Eləcə də, nəzərdə tutulan kompetensiyalar da 30 həftə ərzində formalaşdırılmalıdır. Reallıqda isə vəziyyət fərqlidir. Yəni, tələbə nəzərdə tutulduğu kimi, 30 həftə yox, daha az müddətdə təhsil alır.

Məsələn, 2025/2026-cı tədris ilində müxtəlif bayramlar və digər səbəblərdən 15 gün və yaxud 3 həftə qeyri-iş günü olmuşdur. Həmin 3 həftə ərzində, təbii olaraq, dərs keçirilməmişdir. Başqa sözlə, tələbə 30 həftə əvəzinə 27 həftə təhsil almışdır. Bu zaman tədris planları və kompetensiyalar dəyişdirilmədən qalmışdır. Deməli, 30 həftəlik tədris planı 27 həftə ərzində "yerinə yetirilir." Başqa sözlə, 30 həftə ərzində formalaşdırılmalı kompetensiyalar formalaşdırılmır və heç formalaşdırıla da bilməz.

Nə etməli? Fikrimizcə, üç variant mümkündür.

Birinci variant: Tədris planları və kompetensiyalar 27 həftəlik real dərs ilinə uyğunlaşdırılır. Bu, arzuolunan variant deyil.

İkinci variant: Tədris planları və kompetensiyaları təmin etmək üçün tədris ili 30 həftə əvəzinə 30 İŞ həftəsi kimi müəyyən edilir. Bu müzakirə edilə bilən variantdır.

Üçüncü variant: Akademik-təqvim planını (tədris ilinin başlanğıc və bitmə tarixlərini, dərs, imtahan, tətil və digər akademik proseslərin vaxtlarını müəyyən edən planlaşdırma sənədidir) universitetlər özləri müəyyən edir. Bu yanaşma universitetlərin yeni, müasir, obyektiv və şəffaf akkreditasiya sisteminin qurulmasını zəruri edir. Bu, doğru yanaşmadır və 4 illik tədris ilinin müddətini heç bir itkisiz ən azı bir semestr azaltmağa da imkan verər.

Prof. Ədalət Muradov,

UNEC-in rektoru.

İrandan hicab mesajı - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox