Qəbul imtahanında 623 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Riyaziyyat müəllimliyi ixtisasına qəbul olan Elşad Musayev yüksək nəticəsi ilə diqqət çəkib.
Onun seçimi isə xüsusilə maraq doğurub. Belə ki, “Bu balla niyə məhz bura?” sualı ilə qarşılaşsa da, Elşad uşaqlıqdan arzuladığı müəllimlik peşəsindən və seçimindən geri dönməyib.
AzEdu.az onunla əlaqə saxlayaraq yüksək bal toplamasına baxmayaraq məhz bu ixtisası və universiteti seçməsinin səbəblərini, uşaqlıq arzusunu və gələcək planlarını öyrənib.
Müsahibəni təqdim edirik:
- Elşad, istərdik ki, oxucularımıza səni daha yaxından tanıdaq.
- Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbinin məzunuyam. I ixtisas qrupunun kimya-riyaziyyat altqrupu üzrə imtahan verərək ümumilikdə 623 bal topladım və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Riyaziyyat müəllimliyi ixtisasını seçdim.
- Yüksək nəticə ilə nə üçün başqa ixtisaslar yox, məhz pedaqoji ixtisasa yönəlmisiniz? Bunu siz özünüzmü istəmisiniz, yoxsa ailənizmi sizi yönləndirib?
- Daha çox özüm istəmişəm. Çünki ümumiyyətlə, müəllimlik ixtisasına uşaqlıqdan bəri marağım olub. Həm də riyaziyyatı sevmişəm. Ona görə də riyaziyyat müəllimliyini seçdim. Qubanı seçməyimin səbəbi isə odur ki, özüm qubalıyam. Müəllimliyi başqa universitetdə oxumağımın fərqi yoxdur.
- Amma bir çox abituriyentlər daha çox paytaxt universitetlərinə üz tuturlar. Ümumiyyətlə, cəmiyyətimizdə belə bir düşüncə var ki, paytaxt universitetləri region universitetlərindən yaxşıdır.
- Bu fikirlə razı deyiləm. Çünki universitetdən də daha çox insanın öz bacarığı önəmlidir. Bir yerə gəlmək üçün bacarıqlı olmaq lazımdır.
- Bəs ailədə başqa müəllim var, yoxsa bu yolda təksən?
- Xeyr, ilk müəllim mən olacağam.
- Nə üçün xüsusilə riyaziyyat müəllimliyi? Bu gün bir çoxlarının qorxulu röyasıdır riyaziyyat. Bəs sizdə riyaziyyata sevgi, həvəs necə yaranıb?
- Məktəb dövründən yaranıb. Həmişə bütün fənlərdən daha çox riyaziyyatı yaxşı bilmişəm.
- Yüksək nəticə ilə müəllimlik ixtisasını seçməyinizə, daha sonra elə Qubada təhsil almağınıza heç kənardan təəccüblənənlər və ya sizi tənqid edənlər oldumu?
- Çox oldu. “Niyə Qubanı seçirsən, o qədər bal toplamısansa, Bakını seç”, hətta müəllimliyi seçməyimə də qarşı çıxanlar oldu. “O qədər bal toplamısan, mühəndisliyi seç və yaxud da ADA-nı seç” kimi sözlər deyən çox oldu. Ancaq mən həmin ixtisasları istəmirəm, o ixtisaslara həvəsim yoxdur. İstəmədiyim işdə niyə işləməliyəm?!
- Nəzərə alsaq ki, bu gün sertifikasiya, MİQ kimi imtahanlar var və müəllimlər daim üzərlərində çalışmalıdırlar.
- Düzdür, imtahanlar çətin olur. Amma Müəllimlərin İşə Qəbulu imtahanında da riyaziyyatdan suallar olacaq. Riyaziyyatı bilirəm, inanıram ki, o sualları da yazacağam. Əlavə olaraq, kurikulum olacaq, ona da hazırlaşmaq lazımdır. Mənim üçün çətin olacağını düşünmürəm.
- Səncə, niyə bəylər müəllimlik ixtisasına xanımlar qədər isti yanaşmırlar?
- Düzü, səbəbini çox da bilmirəm. Amma xanımların bu sahədə daha həvəsli və səbirli olduqlarını düşünürəm.
- Qrupunuzda bəylər çoxdur, yoxsa xanımlar?
- Qrupda 20 nəfərik. 16 xanım, 4 bəy tələbə var.
- Bəs müəllimliyin çətinliklərindən çəkinib tərəddüd etdiyiniz olurdu abituriyent vaxtı ki, bəlkə müəllimliyi yox, kənardan deyənlər düz deyirlər, bəlkə mühəndisliyi seçim?
- Əslində, yox. Heç vaxt fikrim olmayıb ki, mühəndisliyi seçim. Müəllimlikdən də əsas müəllim olmaq üçün səbirli olmaq lazımdır. Çünki uşaqlar bəzən müəllimi hövsələdən çıxara bilirlər, amma səbirli olandan sonra asandır.
- Bakalavr təhsilini bitirəndən sonra magistratura təhsilini davam etdirmək fikrin varmı?
- Magistratura üçün Bakı universitetlərindən birini seçərəm. Mümkün olsa, ADA Universitetində təhsil almaq istəyərəm.
- Sənin gözündə ən yaxşı müəllim necədir? Özünü müəllim kimi necə təsəvvür edirsən?
- Müəllim, birinci olaraq, səbirli olmalıdır. Məsələn, bir sualı neçə dəfə versələr də, hər dəfə izah etməlidir, fərqli üsullarla izah etməlidir ki, şagird başa düşənə kimi. Və müəllim müəllimlikdən əlavə, şagirdə həm də dost olmalıdır.
- Bu yolda sənin uğurunun sirri nə oldu? Ümumiyyətlə, imtahanlara neçə il hazırlaşmısınız?
- İmtahanlara ciddi olaraq 2 il hazırlaşmışam. Gecə-gündüz oxumuşam. Həm də müəllimlərimin mənim üzərimdə çox böyük əməyi oldu. Hər bir sualı, mövzunu dərindən edirdilər. Bu yolda anam da mənə çox dəstək olub.
- Yüksək nəticə toplamış bir tələbə kimi abituriyentlərə hansı tövsiyələri verərdin? Ən çox nələrə diqqət etsinlər? “Mənim etdiyim səhvləri etməyin” dediyin nələr var?
- Çox güman ki, hazırlığa gedirlər. Müəllimə çox diqqətlə qulaq asmalıdırlar, hər sözünə. Heç fikirləri yayınmasın. Mənim çox başıma gəlib, fikrim yayınıb. Məsələn, hər hansı bir qaydanı eşitməmişəm, sonra çətinlik çəkmişəm. Amma daha sonra müəllim onu bir daha izah etdiyi zaman başa düşmüşəm. Təkrar da çox əhəmiyyətlidir. Bir mövzunu bir dəfə oxumaq kifayət deyil. Bir dəfə öyrənsək belə, düsturlar və ya başqa qaydalar yaddan çıxa bilər. Təkrar həqiqətən vacibdir.
- Riyaziyyatı yaxşı bilən bir tələbə və gələcəyin riyaziyyat müəllimi kimi bu fənni sevməyən, öyrənməkdə çətinlik çəkən abituriyentlərə nə tövsiyə edərdiniz? İşlərini asanlaşdırmaq üçün özünüzün hansı qızıl qaydalarınızı və taktikalarınızı paylaşa bilərsiniz?
- Ən sadədən başlamaq lazımdır. Birdən-birə çətin və mürəkkəb suallara baxanda, əlbəttə, insan qorxur və öyrənə bilmir. Ən sadə suallardan başlayaraq yavaş-yavaş çətinlərinə baxmaq lazımdır. Mən özüm də 9-cu sinifdə yüksək bal toplamağıma baxmayaraq, riyaziyyatda funksiyalar kimi bəzi mövzuları tam bilmirdim. Dəfələrlə məşğul oldum, sualları həmişə ən sadədən ən çətinə doğru işlədim. Bu metod mənə həmişə kömək olub.