Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir. Oktyabrın 10-dan 17-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin BMU-da təcrübə mübadiləsində və mühazirə sessiyalarında iştirakı nəzərdə tutulur.
AzEdu.az xəbər verir ki, Özbəkistanlı qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev nümayəndə heyətini universitetdə salamlamaqdan məmnunluğunu ifadə edib. Rektor Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin səyləri nəticəsində strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Rektor 2026-cı il avqustun 24-də Daşkənddə Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını önə çəkib. Bildirib ki, ölkələr arasında mövcud olan qarşılıqlı etimad və qardaşlıq ruhu təhsil də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
İki universitet arasında formalaşmış əməkdaşlıq əlaqələrindən danışan rektor əlavə edib ki, akademik mübadilələr qabaqcıl təcrübənin paylaşılması, elmi və tədris əlaqələrinin genişləndirilməsi, eləcə də əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm önəm daşıyır. Yaqub Piriyev nümayəndə heyəti üzvlərinin BMU-da mühazirə sessiyalarında və təcrübə mübadiləsində iştirakının mövcud əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini dilə gətirib.
Nümayəndə heyətinə Namangan Dövlət Texniki Universitetinin dekanı Cəmşid Yuldaşev, Dizayn kafedrasının müdiri Mətlubə Nazarova, həmin kafedranın professoru Zokirjon Erkinov, Tekstil sənayesi texnologiyası kafedrasının professoru Xusanxon Bobojanov, Metrologiya və standartlaşdırma kafedrasının dosenti Abduqani Bobomatov, baş müəllim Manzura Rizamatova və müəllim Mircomal Mirxocayev daxildir.
Namangan Dövlət Texniki Universitetinin nümayəndələri BMU-da yaradılmış akademik mühiti və təcrübə mübadiləsi imkanlarını yüksək qiymətləndirərək, səfərin hər iki universitet arasında əlaqələrin genişləndirilməsinə, elmi-pedaqoji təcrübənin paylaşılmasına və gələcək birgə təşəbbüslərin inkişafına töhfə verəcəyinə inandıqlarını bildiriblər.
Görüşdə iki universitet arasında əməkdaşlığın inkişaf perspektivləri, akademik mübadilənin genişləndirilməsi, eləcə də tədris və elmi fəaliyyət sahələrində təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin tekstil sənayesi, dizayn, texnologiya, metrologiya və standartlaşdırma istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.