Hüquq təhsili alan tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək və peşəkar inkişafına dəstək göstərmək məqsədilə həyata keçirilən “Meet the Law” (Hüquqla tanış ol) layihəsinə start verilib. Layihə çərçivəsində hüquq fakültəsi tələbələri ilə ilk görüş Dövlət Miqrasiya Xidmətində keçirilib.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, ADA Universitetinin Hüquq fakültəsinin tələbəsi İmdad Kərimlinin koordinatoru olduğu layihə müxtəlif yerli və xarici universitetlərin hüquq fakültələrində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri əhatə edir.
Dövlət Miqrasiya Xidmətində keçirilən görüş zamanı qurumun məsul əməkdaşları tələbələrə miqrasiya qanunvericiliyi, bu sahədə inzibati praktika və miqrasiya idarəçiliyi ilə bağlı digər məsələlər barədə məlumat veriblər. Görüşdə iştirakçıların sualları cavablandırılıb, onların müvafiq sahə üzrə biliklərinin genişləndirilməsinə və praktiki fəaliyyətlə tanış olmalarına şərait yaradılıb.
Layihə çərçivəsində ölkənin aparıcı dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına, məhkəmələrə, Vəkillər Kollegiyasına və özəl hüquq firmalarına görüşlərin təşkili nəzərdə tutulur.Tələbələrə qurumların fəaliyyəti və iş prinsipləri ilə yaxından tanış olmaq, sahə üzrə mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradacaq.
Qeyd edək ki, “Meet the Law” layihəsinin əsas məqsədi akademik biliklərlə hüquqi praktika arasında əlaqəni gücləndirmək, tələbələrin peşəkar əlaqələrini genişləndirmək, müxtəlif hüquq sahələri üzrə karyera imkanlarını tanımalarına və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı olmalarına dəstək göstərməkdir. Layihə, həmçinin müxtəlif universitetlərdən olan tələbələr arasında təcrübə mübadiləsini təşviq etməyi hədəfləyir