Bakı Mühəndislik Universiteti (BMU) ilə “Xsolla Baku” MMC arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AzEdu.az xəbər verir ki, imzalanma mərasimində BMU-nun rektoru Yaqub Piriyev informasiya texnologiyaları (IT) sahəsində yüksəkixtisaslı kadr hazırlığının müasir ali təhsilin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, universitetdə son üç ildə bu istiqamətdə həyata keçirilən məqsədyönlü işlərdən bəhs edib. Onun sözlərinə görə, rəqəmsal transformasiyanın sürətlənməsi IT mütəxəssislərindən yalnız nəzəri biliklər deyil, həm də proqramlaşdırma, layihələrin hazırlanması, texnoloji həllərin tətbiqi və komanda şəklində işləmək bacarıqları tələb edir. Bu baxımdan, universitetlə sənaye nümayəndələri arasında əməkdaşlıq tədrisin praktiki yönünün gücləndirilməsi və tələbələrin peşəkar hazırlığının yüksəldilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Rektor BMU-da tədris prosesinin müasir texnoloji yeniliklərə və əmək bazarının tələblərinə uyğunlaşdırılmasının, tələbələrin əldə etdikləri bilikləri real layihələrdə tətbiq etmək imkanlarının genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib. Universitetdə həyata keçirilən ikili diplom proqramlarının tələbələrin beynəlxalq təhsil təcrübəsi qazanmalarına və rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişmələrinə geniş imkanlar yaratdığını da diqqətə çatdırıb. Yaqub Piriyev “Xsolla Baku” ilə tərəfdaşlığın IT ixtisasları üzrə təhsil alan tələbələrin praktiki bacarıqlarının inkişafına, layihəyönümlü tədris imkanlarının genişləndirilməsinə və innovativ həllərin hazırlanması sahəsində təcrübə qazanmalarına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra “Xsolla Baku” MMC-nin regional icraçı direktoru Fuad Kərimov şirkətin fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri barədə məlumat verib. O, beynəlxalq oyun sənayesi şirkəti “Xsolla”nın videooyunlar və oyun texnologiyaları sahəsində ixtisaslaşdığını söyləyib. Şirkətin yerli texnologiya ekosisteminin inkişafına, proqram təminatı və rəqəmsal məhsullar hazırlayan komandaların, eləcə də startapların dəstəklənməsinə, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini vurğulayıb. İcraçı direktor “Xsolla Baku”da BMU məzunlarının da çalışdığını, onların yüksək peşəkarlığı ilə seçildiklərini qeyd edib. Universitetlə əməkdaşlığın genişləndirilməsinin tələbələrin müasir texnologiyalar üzrə praktiki təcrübə qazanmalarına və gələcək karyeralarına daha yaxşı hazırlaşmalarına şərait yaradacağını bildirib.
Görüşdə tələbələr üçün master-klasların təşkilinin əhəmiyyətinə toxunulub, bu cür təşəbbüslərin sahə mütəxəssislərinin təcrübəsinin gənclərlə bölüşülməsinə, onların aktual texnoloji istiqamətlər və oyun sənayesindəki yeniliklərlə tanışlığına imkan verəcəyi vurğulanıb.
Daha sonra tərəflər anlaşma memorandumunu imzalayıblar.
Sənəddə texnologiya sahəsində gənclərin potensialının inkişaf etdirilməsi, BMU tələbələrinin müvafiq məhsulların yaradılması üzrə praktiki bilik və təcrübə qazanmalarına dəstək göstərilməsi, habelə “Xsolla Baku”nun təşkil etdiyi və ya dəstəklədiyi beynəlxalq tədbirlər, proqramlar barədə tələbələrin məlumatlandırılması kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulub.