Bu gün 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün uşaqların hüquqlarının qorunması, onların keyfiyyətli təhsil alması və sağlam mühitdə böyüməsi məsələlərinə diqqətin artırılması ilə qeyd olunur.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir:
"Məhz onlar gələcəkdə inkişaf edərək dövlətə və dövlətçiliyə öz töhfələrini verəcəklər. Buna görə də bu gün dünyanın hər bir ölkəsində uşaqların hüquqlarının qorunması, keyfiyyətli təhsil alması və sağlam mühitdə böyüməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması da mühüm mesajlar daşıyır. Bu bayram vasitəsilə dünya ictimaiyyətinin diqqəti uşaqların hüquqlarının qorunmasına, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinə, eləcə də bu istiqamətdə məsuliyyətin artırılmasına yönəldilir.
Bayramın əsas məqsədi və hədəfi ondan ibarətdir ki, gələcəyimiz olan uşaqların hüquqları etibarlı şəkildə təmin edilsin, onlar sağlam və əlverişli şəraitdə böyüsün, gələcəkdə isə cəmiyyətə və dövlətə layiqli töhfələr versinlər.
Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür. Son illərdə çoxsaylı məktəblər tikilib və əsaslı təmir olunub, yeni uşaq bağçaları istifadəyə verilib, insanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün bunlar uşaqların daha keyfiyyətli təhsil almasına və sağlam inkişafına xidmət edir.
Eyni zamanda, uşaqların zərərli təsirlərdən qorunması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bir müddət əvvəl cənab Prezident tərəfindən imzalanmış mühüm sənəddə bu məsələlər öz əksini tapıb. Həmin sənəd uşaqların zərərli informasiyalardan, sosial medianın mənfi təsirlərindən və digər risk faktorlarından qorunmasını nəzərdə tutur.
Müasir dövrdə yaranan çağırışlar və informasiya mühitinin sürətlə dəyişməsi bu sahədə daha ciddi tədbirlərin görülməsini zəruri edir. Bu baxımdan dövlətin üzərinə böyük məsuliyyət düşür və müxtəlif layihələr vasitəsilə uşaqların və gənclərin qorunmasına xüsusi diqqət yetirilir. Təhsil hüququnun təmin olunması, keyfiyyətli təhsilin əlçatanlığı, uşaqların təhlükəsizliyinin qorunması, sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması, eləcə də digər sosial məsələlərin həlli bu istiqamətdə xüsusi önəm daşıyır".