Təhsil sahəsində çalışan işçilərin əmək məzuniyyətinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Müxtəlif vəzifələr üzrə çalışan təhsil işçilərinə 42 və ya 56 təqvim günü müddətində məzuniyyət verilir.
AzEdu.az-ın Əmək Məcəlləsinə istinadən verdiyi məlumata görə, bəzi kateqoriyadan olan təhsil işçiləri üçün daha uzunmüddətli məzuniyyət nəzərdə tutulub.
Kimlər 56 gün məzuniyyət alır?
Qanunvericiliyə əsasən, illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbər işçiləri, müəllimlər, praktik psixoloqlar, loqopedlər, surdopedaqoqlar, uşaq birliyi rəhbərləri, magistrlər, həmçinin bir sıra musiqi və pedaqoji işçilər 56 təqvim günü əmək məzuniyyəti hüququna malikdirlər.
Bundan əlavə, elmlər doktoru elmi dərəcəsi olan elmi işçilər, elmi müəssisə və ali təhsil müəssisələrinin elmi-tədqiqat bölmələrinin rəhbərləri, elmi işlər üzrə müavinləri və elmi katibləri də bu kateqoriyaya daxildir.
42 günlük məzuniyyət hüququ olanlar:
Məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçiləri, tərbiyəçilər, metodistlər, defektoloqlar, loqopedlər, psixoloqlar, musiqi rəhbərləri, metodika kabinetləri və mərkəzlərinin əməkdaşları, internat tipli məktəblərin tərbiyəçiləri, məktəbdənkənar müəssisələrin dərnək rəhbərləri və məşqçi-müəllimlər üçün isə 42 təqvim günü əmək məzuniyyəti müəyyən edilib.
Həmçinin fəlsəfə doktoru elmi dərəcəsi olan elmi işçilər, elmi-tədqiqat bölmələrinin rəhbərləri və onların elmi işlər üzrə müavinləri də 42 günlük məzuniyyət hüququndan istifadə edə bilərlər.