Azedu.az

Cümhuriyyət təhsilimizə nə qazandırdı?- Deputatların təəssüratları

Təhsil hüququ və qanunvericilik

28 May 2026, 14:27
Cümhuriyyət təhsilimizə nə qazandırdı?- Deputatların təəssüratları

Respublika yalnız siyasi müstəqillik anlayışı deyil, həm də elmə, maarifçiliyə və savadlı cəmiyyət quruculuğuna əsaslanan bir dövlət modelidir. Azərbaycan Cümhuriyyətinin qısa fəaliyyət dövründə belə təhsilə xüsusi önəm verməsi, gənclərin xaricdə oxumağa göndərilməsi və milli maarifçilik ənənələrinin formalaşdırılması bu gün də aktuallığını qoruyur.

Müstəqillik Günü təhsil və maarifçilik baxımından hansı mənanı daşıyır? 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Mehriban Vəliyeva qeyd edib ki, Respublika anlayışı yalnız idarəetmə forması deyil, eyni zamanda milli düşüncənin, vətəndaş məsuliyyətinin, hüquqi dövlət prinsipinin və maarifçi cəmiyyət modelinin ifadəsidir:

"Azərbaycan Cümhuriyyəti 1918-ci ildə Şərqdə ilk parlamentli respublika kimi yaranarkən çox ağır geosiyasi və hərbi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi məhz təhsili və maarifçiliyi müəyyənləşdirmişdi. Bu, təsadüfi deyildi. Çünki Cümhuriyyət qurucuları yaxşı anlayırdılar ki, savadlı cəmiyyət olmadan güclü dövlət qurmaq mümkün deyil.

Azərbaycan Cümhuriyyətinin cəmi 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi təhsil siyasəti bu gün də öz aktuallığını qoruyur. Həmin dövrdə milli məktəblərin yaradılması, ana dilində təhsilin təşviqi, müəllim hazırlığı məsələlərinə diqqətin artırılması və xüsusilə yüzlərlə azərbaycanlı gəncin Avropanın nüfuzlu universitetlərinə təhsil almağa göndərilməsi strateji dövlət baxışının göstəricisi idi.

O dövr üçün bu addımlar sadəcə təhsil təşəbbüsü deyil, milli gələcəyə hesablanmış dövlət investisiyası idi. Bu gün müstəqil Azərbaycan həmin maarifçilik ənənələrini daha güclü şəkildə davam etdirir. Ulu Öndər Heydər Əliyev dövlətçilik fəlsəfəsində təhsili milli inkişafın əsas sütunlarından biri kimi müəyyənləşdirmişdi. Onun rəhbərliyi dövründə Azərbaycanda milli təhsil sisteminin formalaşdırılması, elmin inkişafı, azərbaycançılıq ideologiyasının gənc nəslə aşılanması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” fikri bu gün də öz strateji əhəmiyyətini qoruyur.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlar Azərbaycanın insan kapitalının gücləndirilməsinə xidmət edir. Müasir məktəblərin tikilməsi, rəqəmsal təhsil imkanlarının genişləndirilməsi, xaricdə təhsil proqramları, gənclərin beynəlxalq bilik və innovasiya mühitinə inteqrasiyası dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar və təhsil layihələri, xüsusilə məktəblərin yenidən qurulması, regionlarda təhsil imkanlarının artırılması və mədəni-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər Azərbaycan təhsilinin inkişafına mühüm töhfə verir".

Bu gün Müstəqillik Gününü qeyd edərkən xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Cümhuriyyətinin qurucularının ruhu şaddır:

"Çünki onların arzuladığı güclü, müstəqil və suveren Azərbaycan bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti və sərkərdəliyi nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu, yalnız hərbi zəfər deyil, həm də milli dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən biridir. Güclü dövlət, güclü ordu və savadlı cəmiyyət bir-biri ilə sıx bağlı anlayışlardır.

Müasir dövrdə respublika quruculuğunda təhsilin rolu daha da artıb. Çünki artıq dövlətlərin gücü yalnız təbii resurslarla deyil, insan kapitalı, innovasiya potensialı, elmi inkişaf və intellektual imkanlarla ölçülür. Təhsilli gənclik milli təhlükəsizliyin, iqtisadi inkişafın və dövlət müstəqilliyinin əsas təminatçılarından biridir. Güclü respublika ilk növbədə düşünən, savadlı, milli maraqları qoruyan və dünyagörüşlü vətəndaşlar üzərində qurulur. Respublika Günü münasibətilə gənclərə ən vacib mesaj ondan ibarətdir ki, müstəqillik və dövlətçilik bizə asan başa gəlməyib.

Bu dövlət böyük mübarizələrin, şəhidlərin qanının, milli iradənin nəticəsidir. Gənclər tariximizi yaxşı öyrənməli, milli kimliyimizi qorumalı, eyni zamanda müasir biliklərə yiyələnərək Azərbaycanın gələcək inkişafında fəal rol oynamalıdırlar. Çünki gələcəyin güclü Azərbaycanı məhz savadlı, vətənpərvər və məsuliyyətli gənclərin çiyinləri üzərində qurulacaq".

Deputat Elnarə Akimovanın sözlərinə görə, Respublika bayraq, gerb və himnlə birlikdə həm də düşünən beyin, savadlı cəmiyyət, azad fikir və milli şüurun dövlət səviyyəsində təsdiqidir:

"1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyəti qısa ömür sürsə də, xalqımıza çox böyük bir həqiqəti miras qoydu. Güclü dövlət yalnız silahla deyil, məktəblə, müəllimlə, kitabla və elmə verilən dəyərlə qurulur.Məhz buna görə də Respublika Günü təkcə siyasi istiqlalla yanaşı həm də milli maarifçiliyin bayramıdır. Çünki Cümhuriyyət qurucuları yaxşı anlayırdılar ki, savadsız xalq müstəqilliyini qorumaqda çətinlik çəkər.

Hələ o dövrdə ölkənin ağır iqtisadi və siyasi vəziyyətinə baxmayaraq, təhsil dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdi. Azərbaycan dilində məktəblərin açılması, müəllim hazırlığı, qadın təhsilinə verilən önəm, gənclərin Avropanın müxtəlif universitetlərinə göndərilməsi həmin dövrün nə qədər uzaqgörən düşüncəyə sahib olduğunu göstərirdi.

O illərdə yüzlərlə gəncin xaricdə təhsil alması üçün dövlət vəsaiti ayrılması əslində gələcəyin Azərbaycanına qoyulan sərmayə idi.Ancaq reallıq da budur ki, müasir Azərbaycan təhsili yüz il əvvəlki dövrlə müqayisədə qat-qat, bəlkə də yüz dəfə daha inkişaf etmiş bir sistemdir. Bu gün ölkəmizdə minlərlə məktəb, universitet, rəqəmsal təhsil platformaları, beynəlxalq proqramlar, xaricdə təhsil imkanları, müasir laboratoriyalar və innovativ tədris üsulları mövcuddur".

Süni intellektdən rəqəmsal texnologiyalara qədər dünyanın ən yeni imkanları artıq Azərbaycan təhsilinə inteqrasiya olunur:

"Regionlarda belə müasir məktəb binalarının inşa edilməsi, elektron resursların əlçatan olması göstərir ki, Azərbaycan təhsili yeni mərhələyə qədəm qoyub.2003-2018-ci illər ərzində ölkədə 3200-dən çox məktəb binasının tikilməsi və ya əsaslı təmir olunması, təhsil xərclərinin dəfələrlə artırılması dövlətin bu sahəyə strateji yanaşmasının göstəricisidir. Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” strategiyası isə təhsilin dövlət siyasətində nə qədər mühüm yer tutduğunu açıq şəkildə göstərir.

Bəs o zaman yüz il əvvəlki təhsildən bu gün üçün nə götürə bilərik?Ən vacib nümunə ruh məsələsidir. O dövrdə imkan az idi, amma məqsəd böyük idi. Maddi çətinliklərə baxmayaraq, təhsilə milli gələcəyin təməli kimi baxılırdı. Maarifçilik sadəcə peşə deyil, missiya hesab olunurdu. Müəllim cəmiyyətin ən nüfuzlu simalarından biri idi. Gənclər xaricə yalnız diplom almağa deyil, vətənə xidmət etmək üçün göndərilirdi. Təhsilin mərkəzində milli düşüncə, vətən sevgisi və ictimai məsuliyyət dayanırdı.

Bu gün texnologiya baxımından çox irəlidəyik, amma Cümhuriyyət dövründən götürəcəyimiz ən böyük dərs təhsilə ideoloji və mənəvi məsuliyyət kimi yanaşmaqdır. Təhsil yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət yetişdirməkdir. Dövlətini sevən, milli kimliyinə sahib çıxan, dünyagörüşlü və savadlı gənclər formalaşdırmaq hər dövrdə əsas məqsəd olmalıdır.

Müasir dünyada dövlətlərin gücü artıq yalnız təbii sərvətlərlə ölçülmür. Ən böyük sərvət insan kapitalıdır. Təhsilli cəmiyyət isə güclü respublikanın əsas dayağıdır. Elmə yatırım etməyən ölkə gələcəyini risk altına atmış olur. Çünki XXI əsr bilik, texnologiya və innovasiya əsridir. Güclü iqtisadiyyatın, rəqabətqabiliyyətli ordunun, dayanıqlı dövlət idarəçiliyinin arxasında ilk növbədə savadlı insan dayanır.

Müstəqillik Günü münasibətilə gənclərə ən vacib mesaj isə budur: müstəqillik sadəcə bizə verilmiş tarixi miras deyil, hər gün qorunmalı olan böyük məsuliyyətdir. Bu məsuliyyəti daşımağın ən doğru yolu isə savadlı olmaq, dünyanı öyrənmək, milli kimliyə sahib çıxmaq və ölkənin inkişafına biliklə xidmət etməkdir. Çünki kitab oxuyan, elm öyrənən, düşünən gənclik hər bir respublikanın ən böyük gücüdür".

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox