Süni intellekt artıq təhsil sahəsində də müəllimlərin gündəlik işini asanlaşdıran əsas texnologiyalardan birinə çevrilib. Dərs planının hazırlanması, mövzuya uyğun tapşırıqların seçilməsi, təqdimatların hazırlanması, testlərin tərtib edilməsi və müxtəlif səviyyəli şagirdlər üçün materialların yaradılması kimi işlərdə süni intellekt alətlərindən istifadə etmək mümkündür. Bu alətlər müəllimi əvəz etmir, əksinə onun vaxtına qənaət etməyə və dərsə daha yaxşı hazırlaşmasına kömək edir.
AzEdu.az müəllimlər üçün müxtəlif istiqamətlər üzrə hazırlanmış çoxsaylı süni intellekt alətlərini araşdırıb:
Dərs planı və tədris materiallarının hazırlanmasına kömək edən alətlər:
Eduaide.AI: – müəllimlərin ehtiyacları nəzərə alınaraq hazırlanmış süni intellekt platformalarından biridir. Müəllim burada dərs planı, iş vərəqi, tapşırıqlar, qiymətləndirmə meyarları və müxtəlif tədris fəaliyyətləri hazırlaya bilər. Mövzu, sinif səviyyəsi və dərsin məqsədi daxil edildikdən sonra platforma həmin məlumatlara uyğun ilkin material təqdim edir.
MagicSchool AI – müəllimlərin həm akademik, həm də inzibati iş yükünü azaltmağa yönəlmiş çoxsaylı süni intellekt alətlərini bir platformada birləşdirir. Burada dərs planı, test, iş vərəqi, qiymətləndirmə meyarları, mətnin sadələşdirilməsi və müxtəlif səviyyəli şagirdlər üçün tapşırıqlar hazırlamaq mümkündür. Platformanın əsas üstünlüklərindən biri müəllimin gündəlik tədris işlərinin böyük hissəsini bir yerdə həyata keçirməsinə imkan verməsidir.
ChatGPT – dərs hazırlığında istifadə edilə bilən ən universal süni intellekt vasitələrindən biridir. Müəllim konkret mövzu üzrə dərs ssenarisi, izah nümunələri, müzakirə sualları, esse mövzuları, qrup tapşırıqları, testlər və yaradıcı fəaliyyətlər hazırlaya bilər. Eyni mövzunun müxtəlif səviyyəli şagirdlər üçün sadələşdirilməsini də istəmək mümkündür.
Google Gemini – dərs planlarının, mövzu izahlarının, sualların və müxtəlif tədris fəaliyyətlərinin hazırlanmasında istifadə oluna bilər. Xüsusilə Google xidmətlərindən istifadə edən müəllimlər üçün əlverişli vasitədir.
Microsoft Copilot – dərs planı, qiymətləndirmə meyarları, testlər və digər tədris materiallarının hazırlanmasına kömək edir. Müəllim fənni, sinfi, mövzunu və dərsin məqsədini qeyd etməklə ilkin dərs planı əldə edə bilər.
İnteraktiv təqdimat və slaydların hazırlanmasına kömək edən alətlər:
Gamma – müəllimin daxil etdiyi bir neçə cümləlik məlumat və ya mövzu əsasında təqdimat hazırlamağa imkan verir. Təqdimat və slayd hazırlamaq üçün istifadə olunan bu alət dərs materialının daha vizual və sistemli şəkildə təqdim edilməsinə kömək edir.
Məsələn, müəllim “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunu daxil edərək həmin mövzu üzrə əsas hadisələri, tarixləri və anlayışları əhatə edən təqdimatın ilkin variantını hazırlada bilər. Daha sonra müəllim təqdimatı özü yoxlaya və lazımi dəyişiklikləri edə bilər.
Canva AI – təqdimat, infoqrafika, plakat, iş vərəqi və digər vizual tədris materiallarının hazırlanması üçün istifadə olunur. İnfoqrafika vasitəsilə mürəkkəb məlumatları daha sadə və vizual formada təqdim etmək mümkündür.
Məsələn, biologiya müəllimi insan orqanizminin quruluşunu sxemlə, tarix müəllimi hadisələrin ardıcıllığını zaman xətti ilə, coğrafiya müəllimi isə müəyyən mövzunu xəritə və infoqrafika ilə göstərə bilər.
Curipod – İnteraktiv təqdimat hazırlamaq üçün nəzərdə tutulmuş platformadır. Müəllim təqdimatın daxilində sorğular, açıq suallar, müzakirə mövzuları və müxtəlif fəaliyyətlər yerləşdirə bilər. Bu, şagirdlərin dərsdə daha aktiv iştirakına şərait yaradır.
Tədris videolarının hazırlanmasına kömək edən alətlər:
Synthesia – süni intellekt vasitəsilə AI Avatar (süni intellekt avatarı) istifadə edilən tədris videoları hazırlamağa imkan verir. Müəllim mövzu ilə bağlı mətni daxil etməklə həmin məlumatın virtual aparıcı tərəfindən təqdim edildiyi video yarada bilər.
HeyGen – virtual avatarlar və süni intellektlə yaradılan səslər vasitəsilə izahlı videolar hazırlamağa imkan verir. Bu alət xüsusilə mövzunun yalnız mətn və slayd deyil, video formatında da təqdim edilməsini istəyən müəllimlər üçün maraqlı ola bilər.
Belə videolardan dərsin başlanğıcında mövzuya maraq yaratmaq, mürəkkəb anlayışı izah etmək və ya dərsdən sonra şagirdlərə əlavə material təqdim etmək üçün istifadə etmək mümkündür.
Müəllimin öz mənbələri əsasında material hazırlanması
NotebookLM – müəllimin təqdim etdiyi sənədlər, məqalələr, kitab parçaları və digər materiallar əsasında işləyən süni intellekt köməkçisidir. Müəllim öz materiallarını sistemə əlavə edərək həmin mənbələr əsasında xülasə, suallar, əsas anlayışların siyahısı və izahlar hazırlaya bilər.
Bu alət xüsusilə dərslik və ya müəllimin əvvəlcədən hazırladığı material əsasında işləmək üçün faydalıdır. Məsələn, müəllim dərsliyin müəyyən bölməsini sistemə daxil edib həmin mətn əsasında 10 test sualı, 5 müzakirə sualı və şagirdlər üçün qısa xülasə hazırlada bilər.
Qiymətləndirmə və testlərin hazırlanması
Kahoot! AI – mövzu əsasında interaktiv Quiz (test/viktorina) və suallar hazırlamağa imkan verir. Müəllim dərsin sonunda şagirdlərin mövzunu nə dərəcədə mənimsədiyini yoxlamaq üçün bu suallardan istifadə edə bilər.
Quizizz AI – müəyyən mövzuya uyğun avtomatik testlər hazırlamaq üçün istifadə olunur. Hazırlanan testlər şagirdlərin daha interaktiv şəkildə iştirakına imkan verir və ənənəvi yazılı yoxlamaya alternativ kimi istifadə edilə bilər.
Formative – şagirdlərin cavablarını izləmək və onların hansı mövzularda çətinlik çəkdiyini müəyyənləşdirmək üçün istifadə olunan vasitələrdəndir. Feedback (geribildirim) funksiyaları müəllimə şagirdlərin nəticələri əsasında əlavə tapşırıqlar və izahlar hazırlamağa kömək edə bilər.
Müxtəlif səviyyəli şagirdlər üçün material hazırlanmasına kömək edən alətlər:
Sinifdə bütün şagirdlərin bilik səviyyəsi eyni olmur. Buna görə müəllim üçün eyni mövzunun müxtəlif çətinlik səviyyələrində hazırlanması vacibdir. Süni intellekt bu prosesdə də müəllimə kömək edə bilər.
Diffit – mövcud məzmunu müxtəlif səviyyəli şagirdlərə uyğunlaşdırmağa imkan verir. Məsələn, müəllim mürəkkəb elmi mətni daha sadə dildə hazırlaya, həmin mətn üzrə müxtəlif çətinlik səviyyəsində suallar yarada bilər.
Bu proses fərqləndirilmiş təlim adlanır. Məqsəd eyni dərsi bütün şagirdlərə eyni formada təqdim etmək deyil, onların bilik və bacarıq səviyyələrinə uyğunlaşdırılmış materiallardan istifadə etməkdir.
MagicSchool AI də fərqləndirilmiş tədris üçün istifadə oluna bilər. Müəllim eyni mövzu üzrə zəif, orta və yüksək hazırlıq səviyyəsində olan şagirdlər üçün ayrıca tapşırıqlar hazırlaya bilər.
Dil və mətnlərlə işləməyə kömək edən alətlər:
QuillBot – mətnlərin redaktə edilməsi, yenidən ifadə olunması, qısaldılması və daha sadə formada yazılması üçün istifadə edilə bilər. Mətnin sadələşdirilməsi funksiyası xüsusilə müxtəlif oxu səviyyəsinə malik şagirdlər üçün material hazırlayarkən faydalıdır.
Grammarly – əsasən ingilis dilində mətnlərin qrammatikasını, yazılışını və üslubunu yoxlamaq üçün istifadə olunur. İngilis dili müəllimləri və həmin dildə material hazırlayan digər müəllimlər üçün faydalı vasitədir.
DeepL – müxtəlif dillər arasında tərcümə aparmaq üçün istifadə edilən süni intellekt əsaslı platformadır. Xarici dil müəllimləri xarici mənbələri tərcümə etmək və dərs materialları hazırlamaq üçün bu vasitədən yararlana bilərlər.
Xarici dil dərslərində süni intellekt alətləri
Xarici dil müəllimləri üçün süni intellektin imkanları xüsusilə genişdir. Şagirdlər yeni sözləri öyrənməklə yanaşı, süni intellektlə dialoq quraraq danışıq bacarıqlarını da inkişaf etdirə bilərlər.
Duolingo Max – süni intellektdən istifadə etməklə dil öyrənən şəxslərə əlavə danışıq və izah imkanları təqdim edir. Şagird müxtəlif gündəlik situasiyalarda süni intellektlə dialoq qura bilər.
ChatGPT və Gemini isə xarici dil dərslərində dialoq, söz ehtiyatı üzrə tapşırıqlar, qrammatika çalışmaları, oxu mətnləri və danışıq mövzuları hazırlamaq üçün istifadə oluna bilər.
Məsələn, ingilis dili müəllimi süni intellektə “B1 səviyyəsində şagirdlə mağazada alış-veriş mövzusunda dialoq qur” göstərişi verə bilər. Daha sonra şagird həmin dialoqu süni intellektlə davam etdirərək danışıq bacarığını məşq edə bilər.
Müəllim üçün düzgün sorğu hazırlamaq
Süni intellektdən keyfiyyətli nəticə almaq üçün müəllimin ona verdiyi sorğu və ya göstəriş dəqiq olmalıdır. Sadəcə “Mənə dərs planı hazırla” yazmaq əvəzinə, fənni, sinfi, mövzunu, dərsin müddətini, məqsədini və şagirdlərin səviyyəsini qeyd etmək daha yaxşı nəticə verir.
Məsələn, müəllim belə sorğu yaza bilər: “7-ci sinif Azərbaycan dili üçün 45 dəqiqəlik dərs planı hazırla. Mövzu mürəkkəb cümlələrdir. Dərsin əvvəlində 5 dəqiqəlik motivasiya, daha sonra mövzunun izahı, qrup işi və fərdi tapşırıq olsun. Sonda 5 suallıq qiymətləndirmə testi hazırla”.
Bu cür konkret göstəriş süni intellektə müəllimin nə istədiyini daha yaxşı anlamağa imkan verir. Müəllim eyni zamanda nəticənin dilini, çətinlik səviyyəsini və təqdimat formasını da əvvəlcədən müəyyənləşdirə bilər.
Müəllimlər süni intellektdən istifadə edərkən nələrə diqqət etməlidirlər?
Süni intellektdən istifadə zamanı ən vacib məsələlərdən biri şagirdlərin şəxsi məlumatlarının qorunmasıdır. Şagirdlərin adları, qiymətləri, sağlamlıq vəziyyəti və digər şəxsi məlumatları açıq AI sistemlərinə daxil edilərkən diqqətli olmaq lazımdır.
Bundan başqa, müəllim AI tərəfindən hazırlanmış materialın kurikulum/tədris proqramı və dərsin məqsədlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Hazır materialı olduğu kimi istifadə etməkdənsə, onu müəllimin öz pedaqoji yanaşmasına uyğunlaşdırması daha məqsədəuyğundur.
Nəticə etibarilə, müəllim üçün ən səmərəli yanaşma bütün işləri bir AI alətinə həvalə etmək deyil. Məsələn, dərsin planı ChatGPT, Gemini və ya MagicSchool AI, mənbələrin təhlili NotebookLM, təqdimat Canva və ya Gamma, müxtəlif səviyyəli tapşırıqlar Diffit, dərsin sonunda qiymətləndirmə isə Kahoot! AI və ya Quizizz AI vasitəsilə hazırlana bilər.
Beləliklə, süni intellekt müəllimin “əvəzedicisi” deyil, onun rəqəmsal köməkçisi kimi çıxış edir. Əsas məqsəd texnologiyadan istifadə etməklə daha çox material hazırlamaq yox, daha məqsədli, interaktiv və şagirdin ehtiyaclarına uyğun dərs təşkil etməkdir.