Formula 1-də yarışmaq üçün pilotlar adətən illərlə kartinq və müxtəlif yarış seriyalarında təcrübə toplayırlar. Buna baxmayaraq, tarixdə çox gənc yaşlarında dünyanın ən nüfuzlu avtomobil yarışlarından birinə qatılan pilotlar da olub.
AzEdu.az Formula 1 tarixində ən gənc yaşda Qran-Prisə start götürən pilotları araşdırıb.
1. Maks Ferstappen (Max Verstappen) - Formula 1 tarixində yarış qazanan ən gənc pilot:

Formula 1 tarixində ən gənc yaşda Qran-Prisə start götürən pilot niderlandlı Maks Ferstappendir. O, 2015-ci ildə Avstraliya Qran-Prisində Toro Rosso komandası ilə yarışa çıxanda 17 yaşında olub. Ferstappen Formula 1-ə qədər təkoturacaqlı avtomobillərdə cəmi bir mövsüm yarışıb. Buna baxmayaraq, Red Bull onun istedadına güvənərək 2016-cı ildə əsas komandaya keçirib. Ferstappen elə həmin il İspaniya Qran-Prisində qalib gələrək Formula 1 tarixində yarış qazanan ən gənc pilot olub. 2026-cı ilə qədər isə dördqat dünya çempionuna çevrilib, 71 Qran-Pris qələbəsi və 127 podium nəticəsi əldə edib.
2. Lans Stroll (Lance Stroll)

Kanadalı Lans Stroll 2017-ci ildə Uilyams komandası ilə Formula 1-də debüt edib. Həmin vaxt onun 18 yaşı olub. Stroll daha əvvəl Ferrari-nin gənc pilot proqramında yer alıb, 2016-cı ildə Avropa Formula 3 çempionluğunu qazanıb və daha sonra Uilyamsın test pilotu kimi Formula 1 bolidinə uyğunlaşıb. Debüt mövsümündə Kanada Qran-Prisində ilk xallarını qazanan Stroll Azərbaycan Qran-Prisində də podiuma yüksələrək üçüncü olub. 2020-ci ildə isə Türkiyə Qran-Prisinin sıralanma turunda poul mövqeyini əldə edib. Hazırda Aston Martin komandasında çıxış edir.
3. Kimi Antonelli (Kimi Antonelli)

İtaliyalı Kimi Antonelli Formula 1-in ən gənc pilotlarından olmaqla yanaşı, çox sürətli karyera yüksəlişi ilə də diqqət çəkir. O, Formula 1-də 18 yaşında debüt edib. Kimi, Formula 4-dən başlayaraq Formula Regional-a, daha sonra Formula 2-yə və Formula 1-ə yüksəlib. Antonelli 2025-ci ildə Mercedes komandası ilə Avstraliya Qran-Prisində debüt edib. Yarışa 16-cı yerdən başlamasına baxmayaraq, dəyişkən hava şəraitində yarışı dördüncü pillədə başa vurub. Mövsüm ərzində sprint sıralamasında poul mövqeyi və üç podium nəticəsi əldə edən Antonelli 2026-cı il üçün də Mercedes heyətində yerini qoruyub.
4. Oliver Birmen (Oliver Bearman)

Britaniyalı Oliver Birmen Formula 1-də ilk yarışına 18 yaşında 2024-cü ildə Səudiyyə Ərəbistanı Qran-Prisində çıxıb. Ferrari-nin gənc pilot proqramının üzvü olan Birmen Carlos Sainz-in yarışdan kənarda qalmasından sonra son məşqdən etibarən onun yerinə Ferrari bolidinin sükanı arxasına keçib. Məhdud hazırlıq imkanına baxmayaraq, 11-ci yerdən start götürən Birmen yarışı yeddinci pillədə başa vuraraq ilk Formula 1 yarışında xal qazanıb. Həmin il Azərbaycan və Braziliya Qran-Prilərində də Haas komandasında ehtiyat pilot kimi yarışıb. Daha sonra Haas ilə Formula 1-də tam mövsümlük yer əldə edib.
5. Lando Norris (Lando Norris)

Bu siyahının hazırda Formula 1-də ən çox tanınan simalarından biri Lando Norrisdur. Britaniyalı pilot 2019-cu ildə McLaren komandası ilə 19 yaşında Formula 1-də debüt edib. Bundan əvvəl isə komandanın test və ehtiyat pilotu olub və müxtəlif cümə məşqlərində iştirak edib. Norris debüt mövsümündə xal toplamağı bacarıb, 2020-ci ildə isə ilk podiumuna yüksəlib. 2024-cü ildə Mayami Qran-Prisində Formula 1-də ilk qələbəsini qazanan pilot həmin mövsüm daha üç yarışda qalib gəlib. 2025-ci ildə isə ilk dəfə dünya çempionu titulunu əldə edib.
6. Fernando Alonso (Fernando Alonso)

İkiqat dünya çempionu Fernando Alonso da Formula 1-də çox gənc yaşda (19 yaşında) debüt edən pilotlar sırasındadır. İspaniyalı sürücü 2001-ci ildə Minardi komandası ilə ilk yarışına çıxıb. Komandanın bolidi çempionluq uğrunda mübarizə aparacaq səviyyədə olmasa da, Alonso həmin mövsümdə öz potensialını nümayiş etdirib. 2002-ci ildə Renault-da ehtiyat pilot kimi fəaliyyət göstərən Alonso 2003-cü ildə əsas heyətə qayıdıb. Daha sonra ilk poul mövqelərini və qələbələrini qazanan pilot 2005 və 2006-cı illərdə dünya çempionu olub. Karyerasında Renault, McLaren, Ferrari və Alpine komandalarında çıxış edən Alonso hazırda Aston Martin pilotudur.