Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Bu tarix ölkəmizdə müəllim əməyinin və təhsildə onların rolunun qeyd edildiyi gündür. Lakin maraqlı məqam ondan ibarətdir ki, dünyanın bütün ölkələrində Müəllimlər Günü eyni tarixdə qeyd olunmur. 5 oktyabr UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi müəyyənləşdirilsə də, bir sıra ölkələr öz milli tarixlərini və müəllimlik peşəsi ilə bağlı mühüm hadisələri əsas götürərək fərqli günlər seçiblər.
Niyə məhz 5 oktyabr? UNESCO-nun Ümumdünya Müəllimlər Günü üçün seçdiyi 5 oktyabr təsadüfi tarix deyil. Bu gün 1966-cı ildə Beynəlxalq Əmək Təşkilatı və UNESCO tərəfindən müəllimlərin statusu ilə bağlı tövsiyənin qəbul edilməsinin ildönümüdür. Sənəddə müəllimlərin hüquqları, məsuliyyətləri, peşə hazırlığı, işə qəbul və əmək şəraiti ilə bağlı beynəlxalq meyarlar müəyyənləşdirilib. Ümumdünya Müəllimlər Günü isə 1994-cü ildən etibarən qeyd olunur.
AzEdu.az müxtəlif ölkələrdə Müəllimlər Gününün hansı tarixlərdə qeyd olunduğunu araşdırıb.
Hindistanda Müəllimlər Günü 5 sentyabrda qeyd olunur. Bu tarix ölkənin ikinci prezidenti, filosof və pedaqoq Sarvepalli Radhakrishnanın doğum günüdür. Maraqlısı budur ki, Radhakrishnanın doğum gününü qeyd etmək istəyən tələbələri və tərəfdarları olduqda o, şəxsi ad gününün qeyd olunması əvəzinə həmin günün müəllimlərə həsr edilməsini istəyib. Beləliklə, 5 sentyabr Hindistanda müəllimlərə təşəkkür və ehtiram günü kimi formalaşıb.

Çində Müəllimlər Günü 10 sentyabrdır. Ölkədə bu gün 1985-ci ildə təsis edilib. Çin hakimiyyəti tarix seçimində əsas məqsədlərdən birini müəllimlərin cəmiyyətdə nüfuzunu yüksəltmək, təhsilə və biliyə hörmət mədəniyyətini gücləndirmək kimi müəyyənləşdirib. 10 sentyabr sonradan ölkənin qanunvericiliyində də Müəllimlər Günü kimi təsbit olunub.

Cənubi Koreyada müəllimlər mayın 15-də xatırlanır. Bu ölkədə həmin gün “Müəllimlər Günü” kimi qeyd edilir və ənənəyə görə şagirdlər müəllimlərinə qərənfil hədiyyə edirlər. Tarixin seçilməsi də təsadüfi deyil: 15 may Koreyanın tarixi şəxsiyyətlərindən biri olan Kral Seconqun doğum günüdür. Buna görə tarix həm milli yaddaş, həm də müəllimlərə ehtiram ənənəsi ilə əlaqələndirilir.
Meksikada da Müəllimlər Günü 15 maydır. Ölkədə bu tarix 1917-ci ildə prezident Venustiano Carranza tərəfindən müəllimlərin əməyinin tanınması günü kimi müəyyənləşdirilib və ilk dəfə 1918-ci ildə qeyd olunub. Meksika hökumətinin məlumatına görə, 15 mayın seçilməsi ölkənin tarixi hadisələrindən biri – Kərətero şəhərinin ələ keçirilməsi və İkinci Meksika İmperiyasının süqutu ilə bağlıdır.

Braziliyada isə müəllimlərin günü 15 oktyabrda keçirilir. Bu tarixin arxasında təhsil tarixində mühüm hadisə dayanır. 15 oktyabr 1827-ci ildə imperator I Pedro Braziliyanın şəhər, qəsəbə və kəndlərində ibtidai məktəblərin yaradılmasını nəzərdə tutan fərman imzalayıb. Müəllimlərə həsr olunan ilk yerli təşəbbüslər daha sonra meydana gəlib, 1963-cü ildə isə 15 oktyabr ölkə üzrə rəsmi məktəb bayramı kimi təsdiqlənib.
Argentinada Müəllimlər Günü 11 sentyabrda qeyd olunur. Burada tarix birbaşa ölkənin təhsil tarixində mühüm rol oynamış şəxsiyyətlə bağlıdır. 11 sentyabr 1888-ci ildə Argentinanın keçmiş prezidenti, pedaqoq və təhsil islahatçısı Domingo Faustino Sarmiento vəfat edib. Sarmiento Argentinada təhsilin genişləndirilməsinə və müəllim hazırlığının inkişafına böyük töhfə verən şəxslərdən biri hesab olunur. Buna görə 11 sentyabr onun xatirəsinə Müəllimlər Günü kimi seçilib.

Albaniyada isə tarix daha fərqli məna daşıyır – 7 mart. Bu ölkədə Müəllimlər Günü 1887-ci il martın 7-də alban dilində tədrisin aparıldığı ilk məktəbin açılması ilə əlaqələndirilir. Yəni burada tarix konkret müəllim və ya dövlət xadiminin doğum və ya vəfat günü deyil, milli təhsil tarixində mühüm hadisənin ildönümüdür.

Çexiya və Slovakiyada Müəllimlər Günü 28 martdır. Bu tarix XVII əsrdə yaşamış məşhur pedaqoq Yan Amos Komenskinin doğum günüdür. Komenski müasir pedaqogikanın inkişafında mühüm rol oynayan şəxslərdən biri hesab olunur. Bu səbəbdən onun doğum günü müəllimlik peşəsinə həsr olunan xüsusi gün kimi seçilib.

Taylandda Müəllimlər Günü yanvarın 16-da keçirilir. Ölkədə bu gün 1956-cı ildə hökumətin qərarı ilə təsis edilib və ilk dəfə 1957-ci ildə qeyd olunub. 16 yanvarın seçilməsinin səbəbi 1945-ci ildə müəllimlərin statusunu və peşəsini tənzimləyən qanunun elan edilməsi ilə bağlıdır. Taylandda bu gün əsasən müəllimlərə ehtiram göstərmək və onların cəmiyyət qarşısındakı rolunu vurğulamaq məqsədi daşıyır.

Vyetnamda isə Müəllimlər Günü 20 noyabrdır. “Vyetnam Müəllimlər Günü”nün bu tarixdə qeyd olunması 1982-ci ildə hökumətin qərarı ilə rəsmiləşdirilib. Qərara əsasən, hər il noyabrın 20-si müəllimlərə ehtiram göstərilməsi, onların əməyinin qiymətləndirilməsi və müəllimlik peşəsinin cəmiyyətdəki rolunun vurğulanması günü kimi müəyyənləşdirilib.

Avstraliyada Müəllimlər Günü oktyabrın son cümə gününə təsadüf edir. Beləliklə, bu ölkədə də UNESCO-nun 5 oktyabr tarixindən fərqli milli təqvim formalaşıb. Müəllimlər Günü ölkə üzrə müəllimlərin əməyinin və təhsilə verdikləri töhfənin tanınması üçün müxtəlif məktəb tədbirləri ilə qeyd olunur.

Venesuelada 15 yanvar, Tailandda 16 yanvar, Sudanda 24 fevral kimi tarixlər seçilib. Bu tarixlərin hər birinin arxasında ölkələrin öz təhsil tarixi və milli qərarları dayanır. Məsələn, Sudanda 24 fevral 1971-ci ildə həyata keçirilən təhsil islahatları ilə əlaqələndirilir.
Almaniyada Müəllimlər Günü 12 iyunda, Macarıstanda isə iyunun ilk bazar günündə qeyd olunur. Macarıstanda bu gün çərçivəsində müəllimlərin mükafatlandırılması və təhsil işçilərinin əməyinin tanınması ənənəsi də var.