Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində məktəblərin təhsilin keyfiyyəti baxımından bir-birindən kəskin fərqlənməməli olduğunu bildirib.
Əgər bütün məktəblər eyni keyfiyyəti təmin etməlidirsə, valideynin məktəb seçməsinə ehtiyac qalacaqmı Azərbaycanda “yaxşı məktəb” anlayışını bütün məktəblər üçün əlçatan etmək üçün ən vacib addım nə olmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi (Əfəndiyev) qeyd edib ki, təhsilin keyfiyyəti baxımından məktəblər demək olar ki, eyni səviyyədə xidmət göstərməli və vətəndaşlarımızı keyfiyyətli təhsillə təmin etməlidirlər:

"Bunun üçün, təbii ki, məktəbin infrastrukturundan tutmuş pedaqoji və rəhbər heyətinə qədər bütün komponentlər, tam ideal olmasa da, mümkün qədər yüksək səviyyədə olmalıdır. Belə olduğu təqdirdə, “mənim məktəbim”, yaxud “filankəsin məktəbi” anlayışından “bizim məktəbimiz” və ya “bizim məktəblərimiz” yanaşmasına keçə bilərik.Bu halda təhsil verənlər, idarəetmə heyəti – direktor və direktor müavinləri, eləcə də texniki işçilər öz vəzifə və öhdəliklərini yüksək səviyyədə yerinə yetirməlidirlər. Hər bir şagird üçün də bərabər imkanlar yaradılmalıdır.
Təbii ki, bütün məktəblərdə eyni keyfiyyət təmin edildikdə valideynin məktəb seçməsinə də ciddi ehtiyac qalmayacaq. Məktəb seçimi yalnız məktəblər arasında müəyyən rəqabət yarandığı halda aktuallaşa bilər. Yəni valideyn əvvəlcədən bilir ki, məktəblər arasında rəqabət var və hər kəs övladının müəyyən məktəbdə təhsil almasını istəyir. Bu halda elektron sistem vasitəsilə valideynin hansı məktəbdə və hansı sinifdə təhsil almaq istədiyini müəyyənləşdirmək mümkündür.
Lakin bütün məktəblərdə keyfiyyət eyni səviyyədə olduğu halda, məsələn, Binəqədi rayonunda yaşayan valideynin Xətai rayonunda, yaxud Xətai və ya Yasamal rayonunda yaşayan valideynin Nizami, Nəsimi və ya Binəqədi rayonunda məktəb axtarmasına ehtiyac qalmayacaq".
Yaxşı məktəbdə olan imkanları bütün məktəblər üçün əlçatan etmək baxımından ən vacib məsələlərdən biri, ilk növbədə, təhsilverənlərin keyfiyyətidir:
"Təhsilverənlərin həm diaqnostik, həm də sertifikasiya qiymətləndirmələrinin nəticələri yüksək olmalıdır. Bundan əlavə, müəllimlərin işə qəbulu zamanı da yüksək nəticə göstərən namizədlərin seçilməsi vacibdir.
Məktəblərdə metodistlərin fəaliyyət göstərməsi üçün imkanlar yaradılmalı, metodbirləşmələr və metodik kabinetlər fəaliyyət göstərməlidir. Şagirdlərin dərsdinləmələri aparılmalı, müvafiq qeydlər tutulmalıdır ki, təhsilin keyfiyyət göstəricilərini ölçmək mümkün olsun.
Hər bir məktəbin ümumi keyfiyyət göstəricilərini müəyyənləşdirdikdə, hansı məktəbdə və hansı istiqamətdə problemlərin olduğunu daha asan müşahidə edə bilərik. Bundan sonra əsas diqqəti məhz həmin istiqamətlərin inkişafına yönəltməklə müvafiq tədbirlər görmək mümkündür.
Bütün bunlarla yanaşı, məktəblərin infrastruktur məsələləri də həll olunmalıdır. İstər istilik və soyutma sistemləri, istər elektrik enerjisi, istərsə də internet təminatı və digər zəruri imkanlar bütün məktəblərdə əlçatan olmalıdır. Bu halda valideynlərin əlavə və ya alternativ məktəb axtarışına ehtiyacı azalacaq.
Düşünürəm ki, bunları həyata keçirmək elə də çətin deyil. Sadəcə, müəyyən işlərin görülməsi üçün zamana ehtiyac var. Yəqin ki, qarşıdakı illərdə ölkədə şagirdlərin sayında da müəyyən dəyişikliklər olacaq. Hazırda təxminən 1 milyon 600 min şagirdin olduğunu nəzərə alsaq, bu rəqəmin gələcəkdə 1 milyon 500 min, hətta 1 milyon 400 minə qədər azalması mümkündür. Yəqin ki, həmin dövrdə qeyd etdiyimiz yanaşmaları təhsil sistemində daha asan tətbiq etmək imkanımız olacaq".