Azedu.az

Müəllimlər sertifikatlaşdırmada dəyişiklik istəyir - Ən çox səslənən TƏKLİFLƏR

Sertifikasiya

Müəllimlər və elm adamları

30 İyun 2026, 16:45
Müəllimlər sertifikatlaşdırmada dəyişiklik istəyir - Ən çox səslənən TƏKLİFLƏR

Ötən həftə müəllimlər sertifikatlaşdırmanın birinci beşillik dövrü üzrə son test imtahanında iştirak etdilər. Bununla da prosesin test mərhələsi başa çatdı və növbəti mərhələ kimi yalnız müsahibə qalır.

AzEdu.az mövzu ilə bağlı müəllimlər arasında sorğu keçirərək növbəti illərdə təşkil olunacaq sertifikatlaşdırmanın həm test, həm də müsahibə mərhələsində hansı dəyişikliklərin edilməsini zəruri hesab etdiklərini öyrənib.

Sorğunu təqdim edirik:

Sorğuya münasibət bildirən "İlin gənc müəllimi", riyaziyyat müəllimi, Natəvan Fərzəliyeva bildirib ki, müsahibə mərhələsinin əsas məqsədi müəllimi gərginliyə salmaq deyil, onun potensialını üzə çıxarmaq olmalıdır:

186044

"Sertifikasiyanın birinci beşillik dövrünün yekunlaşması  (Naxçıvan müəllimləri olaraq ikinci dövriyyəsinin də test mərhələsini keçmiş biri kimi) bizə prosesi daha obyektiv qiymətləndirmək imkanı verir. Bir pedaqoq kimi qeyd etməliyəm ki, test  mərhələsinin sualları əslində çətin deyildi, proqramı bilən və hazırlıqlı müəllim üçün tam anlaşılan idi. Lakin prosesin növbəti illərdə daha müasir, ədalətli və stimullaşdırıcı olması üçün həm yazılı, həm də müsahibə mərhələsi ilə bağlı aşağıdakı yeniliklərin tətbiqini təklif edirəm:

Müsahibə mərhələsinin əsas məqsədi müəllimi gərginliyə salmaq deyil, onun potensialını üzə çıxarmaq olmalıdır. Müəllimin özünü tam rahat hiss etməsi, həyəcanını yenməsi üçün komissiya üzvlərinin yanaşması daha loyal və dəstəkləyici olmalıdır.

Müəllimə sadəcə verilən suallara cavab verən biri kimi deyil, öz unikal dərs metodikasını, tətbiq etdiyi fərqli layihələri sərbəst şəkildə təqdim edə biləcək bir həmkar kimi yanaşılmalıdır.

Əgər biz XXI əsr məktəbindən danışırıqsa, müəllimin qiymətləndirilməsində də müasir çağırışlar əsas götürülməlidir.

Müəllimin dərslərində İKT alətlərindən, rəqəmsal platformalardan və Süni İntellekt (AI) texnologiyalarından necə istifadə etdiyi müsahibə mərhələsində xüsusi meyar kimi  Fənlərarası inteqrasiyanı və layihə əsaslı öyrənməni (STEAM) tətbiq edən müəllimlərə müsahibədə əlavə üstünlük verilməlidir.

İmtahandakı bir neçə saatlıq performans müəllimin illərlə qazandığı nüfuzu və əməyi tam ifadə edə bilməz. Bu səbəbdən ümumi bala (və ya müsahibə mərhələsinə) müəyyən əmsallarla əlavələr edilməlidir.

Respublika və beynəlxalq səviyyəli olimpiadalara, qrant layihələrinə şagird yetişdirən, müsabiqələrdə uğur qazanan müəllimlərin bu nailiyyətləri birbaşa onların sertifikasiya balına əlavə (bonus) olaraq yazılmalıdır.
İllərini bu peşəyə vermiş, böyük təcrübəyə malik müəllimlərin stajı qiymətləndirmədə mütləq müsbət təsir edən bir faktor kimi nəzərə alınmalıdır".

Suallar çətin olmasa da, onların strukturunda müasir yeniliklər edilə bilər:

"Metodika blokuna müasir təhsil texnologiyaları və rəqəmsal pedaqogika ilə bağlı situasiya sualları əlavə edilməlidir.

Suallar kurikulum terminlərinin birbaşa tərifini soruşmaqdan tamamilə uzaqlaşmalı, sırf sinif daxilində real problemin rəqəmsal və ya metodiki həllini tapan keyslər (situasiyalar) üzərində qurulmalıdır.

Sertifikasiya sadəcə bir yoxlama mexanizmi deyil, müasir dünya təhsilinə ayaq uyduran, rəqəmsal bacarıqları yüksək olan, olimpiadaçı şagirdlər yetişdirən təcrübəli müəllimləri rəğbətləndirən bir sistemə çevrilməlidir.

Bu variant tam hədəfə vurur  həm dövlətin rəqəmsallaşma siyasəti ilə üst-üstə düşür, həm də müəllim əməyinin real dəyərini müdafiə edir".

"İlin gənc müəllimi", Azərbaycan dili və ədəbiyyat müəllimi, Xəzri Muradovun sözlərinə görə müəllimin peşəkarlığı yalnız bir neçə həddindən artıq xırda detalı bilməməsi ilə ölçülməməlidir:

186050

"Mən sertifikasiya prosesini dəstəkləyən müəllimlərdənəm və hesab edirəm ki, bu proses təhsildə keyfiyyətin yüksəlməsi üçün vacib mexanizmdir. Son illər sertifikasiya müəllimlərin öz üzərində daha çox işləməsinə, peşəkar inkişafına və məsuliyyət hissinin artmasına müsbət təsir göstərib. Ona görə də düşünürəm ki, sertifikasiya davam etməlidir.

Lakin hər bir imtahan prosesi kimi, burada da təkmilləşdirilməli məqamlar var. Əvvəlki illərlə müqayisədə bu il həm ixtisas, həm də kurikulum üzrə sualların çətinlik dərəcəsinin (tarix fənnindən) müəllimlər arasında daha çox etiraz doğurduğunu müşahidə etdik. Xüsusilə tarix müəllimləri tərəfindən narazılıqlar daha çox səsləndirildi. Şəxsən mən yüksək potensiala malik bir neçə müəllim tanıyıram ki, onlar 50+ bal həddini keçə bilmədilər. Bu, əlbəttə ki, təəssüf doğurur. Çünki bəzən müəllimin peşəkarlığı yalnız bir neçə həddindən artıq xırda detalı bilməməsi ilə ölçülməməlidir. Əlbəttə,tarix müəllimi olmadığıma görə bu iddiaların nə qədər həqiqətə uyğun olduğunu deyə bilmərəm. Mükəmməl savada malik bir neçə müəllimlə söhbət etməyim bu qənaətə gəlməyimə səbəb oldu".

Gələcək illərdə ən vacib yeniliklərdən biri imtahandan sonra sualların ictimai müzakirəsinin keçirilməsi ola bilər:

"Əlbəttə, 35 faiz əməkhaqqı artımı nəzərə alınaraq imtahanın müəyyən qədər çətinləşdirilməsi başadüşüləndir. Ancaq çətinlik elmi məntiqə əsaslanmalı, proqram çərçivəsindən kənara çıxmamalı və müəllimlərin nüfuzuna xələl gətirməməlidir. Sual çətin də ola bilər, asan da. Əsas məsələ onun dövlət proqramına uyğun, aydın və ölçmə meyarlarına cavab verməsidir. Həddindən artıq xırdalığa gedən, müəllimin praktik fəaliyyətində demək olar ki, istifadə etmədiyi bilikləri yoxlayan suallar isə müəllimlərdə motivasiya yox, ümidsizlik yarada bilir.

Məncə, gələcək illərdə ən vacib yeniliklərdən biri imtahandan sonra sualların ictimai müzakirəsinin keçirilməsi ola bilər. Məsələn, ən çox etiraz edilən suallar üzrə müstəqil ekspertlər, sual müəllifləri və narazılığını bildirən müəllimlər açıq müzakirəyə dəvət oluna bilər. Əgər müəllim haqlıdırsa, bu qəbul edilməlidir. Əgər sual düzgündürsə, müəlliflər istifadə etdikləri mənbələri və həmin sualın qiymətləndirmə çərçivəsinə uyğunluğunu əsaslandırmalıdırlar. Bu cür şəffaflıq gələcəkdə etimadı daha da artırar.

Müsahibə mərhələsinə gəldikdə isə, mən burada ciddi dəyişiklik görmürəm. Mən özüm sertifikasiya zamanı müsahibə mərhələsində maksimum nəticə göstərmişdim. Suallar həm ixtisas, həm kurikulum, həm də ümumi dünyagörüşünü əhatə edirdi. Ən əsası isə müsahibə komissiyasının müəllimə münasibəti çox peşəkar idi. Onların davranışı müəllimi stressə salmır, əksinə, onu ruhlandırır və özünü rahat ifadə etməsinə imkan yaradırdı. Düşünürəm ki, bu müsbət yanaşma qorunub saxlanılmalıdır".

Müəllimə seçim hüququ verilməlidir:

"Digər bir təklifim isə imtahan forması ilə bağlıdır. Müəllimə seçim hüququ verilməlidir. İstəyən kompüter vasitəsilə, istəyən isə kağız daşıyıcısı üzərində imtahan versin. Kağız formatını seçən müəllim bunun üçün əlavə xidmət haqqı ödəyə bilər. Belə olduqda dövlət üçün əlavə maliyyə yükü yaranmaz, eyni zamanda müəllimlərə seçim imkanı verilər.

Bu xüsusilə riyaziyyat, fizika, kimya və Azərbaycan dili müəllimləri üçün faydalı ola bilər. Hesablamaların aparılması, qrammatik təhlillər və qeydlərin edilməsi kağız üzərində daha rahat olur. Mən özüm də sertifikasiyanın test mərhələsində 56 bal toplamışdım. Hesab edirəm ki, əgər imtahanı kağız daşıyıcısı ilə vermək imkanım olsaydı, nəticəmi 60 bala çatdırmaq ehtimalım daha yüksək idi. Çünki həm universitet təhsilimizdə, həm məktəbdə, həm də hazırlıq prosesində biz uzun illər kağız üzərində işləməyə öyrəşmişik.

Dünya təcrübəsi də göstərir ki, sertifikasiya yalnız test nəticəsinə əsaslanmamalıdır. Məsələn, Finlandiyada müəllimlərin qiymətləndirilməsində əsas diqqət onların peşəkar inkişafına, sinifdə fəaliyyətinə və davamlı təlimlərdə iştirakına yönəldilir. Sinqapurda müəllimlər mütəmadi peşəkar inkişaf proqramlarına cəlb olunur və qiymətləndirmə yalnız testlə məhdudlaşmır. İngiltərədə isə müəllimin fəaliyyəti dərs müşahidələri, peşəkar inkişafı və məktəbdəki fəaliyyəti ilə birlikdə qiymətləndirilir. Bu təcrübələr göstərir ki, biliklə yanaşı, müəllimin praktik bacarığı və inkişaf dinamikası da nəzərə alınmalıdır.

Sonda bir daha vurğulamaq istəyirəm ki, sertifikasiya təhsil sistemimiz üçün vacib islahatdır və davam etməlidir. Lakin prosesin məqsədi müəllimi cəzalandırmaq deyil, onu inkişaf etdirmək olmalıdır. Şəffaflıq, bərabər imkanlar, proqram çərçivəsinə uyğun suallar, açıq müzakirələr və müəllimə seçim hüququ verilməsi sertifikasiyaya olan ictimai etimadı daha da artıracaq. Güclü müəllim isə güclü məktəb və güclü cəmiyyət deməkdir".

Örnək müəllim, informatika müəllimi Birliyant Aslanova qeyd edib ki, müsahibə mərhələsində keçirilən dərslər şablonluqdan çıxmalı, müəllimin öz beyninin məhsulu olmalıdır:

186045

"Hər zaman qeyd edirəm, sertifikasiya çox lazımlı bir prosesdir. Artıq test mərhələsi yekunlaşır, qarşıda müəllimlərin müsahibə mərhələsi qalır. Düşünürəm ki, müsahibə mərhələsi də test mərhələsi qədər önəmlidir. Çünki müəllimin əsas silahı onun nitqi, ünsiyyət bacarığı və qarşı tərəfə fikrini necə ifadə etməsidir. Müsahibədə məhz bu tərəflər üzə çıxır. Bu mərhələ, müəllimlərin verilən suallara və situasiyalara nə dərəcədə düzgün cavab verdiyini göstərən bir tərəzi rolunu oynayır. Yeri gəlmişkən, mən keçən müsahibə mərhələsində maksimum – 40 bal toplamışam.

Bəzən elə olur ki, müəllimlərimiz 100 bal toplayır, bir-birinin ardınca uğurlara imza atırlar, ancaq onların sinifdəki fəaliyyətləri və səriştələri o qədər də mükəmməl olmur. Belə müəllimlər ya şagirdlər tərəfindən sevilmir, ya da sinifdə hər hansı bir problemin qarşısını alarkən çətinlik çəkirlər.

Müsahibə mərhələsində hər şey şifahi şəkildə danışılır. Hər kəs: "Sinifdə belə bir hal baş versə, bunu edərəm", "Yeni mövzunu izah edərkən çətin öyrənən uşaq olsa, ona belə yanaşaram" deyə özünü ən ideal formada təqdim etməyə çalışır. Amma nə qədər gözəl olardı ki, müəllimlərimiz bunu bir auditoriya qarşısında, açıq dərs şəklində göstərə bilsinlər.

Bir var ki, sadəcə danışasan: "Sinifdə zəif oxuyan Aydan adlı şagirdim var, onun zəif tərəflərini izləyirəm, dərsdən sonra ona xüsusi yanaşıram". Bir də var ki, bunu canlı tətbiq edəsən. Mən məktəblərdə açıq dərslərdə iştirak etməyi çox sevirəm. Bir müəllimin dərsində bircə akademik saat - 45 dəqiqə oturmaq kifayət edir ki, onun biliyi, bacarığı və mövzunu sinfə necə çatdırması haqqında fikir yürüdə biləsən. Hətta söhbətin axıcılığından ilk 10-15 dəqiqədə artıq tutursan ki, bu müəllim fikrini nə qədər gözəl çatdırır və ya hansı çatışmazlıqları var.

Tutaq ki, Gülnisə müəllimə test mərhələsindən çox gözəl nəticə göstərib, afərin, qazanıb. Müsahibə mərhələsində ona: "Sinifdə bu hal baş versə, nə edərdin?", "İki uşaq dalaşsa, necə reaksiya verərdin?", "Yeni mövzunu izah edərkən hansı strategiyalardan istifadə edərdin?" kimi şifahi sual-cavablar etməkdənsə, yaxud da icmaldakı dərsin ardıcıllığını sadəcə danışmaqdansa, düşünürəm ki, bunu canlı şəkildə tətbiq etmək daha gözəl olardı.

Məsələn, mən özüm informatika müəllimiyəm keçən dəfə test mərhələsindən 55, müsahibədən isə maksimum  40 bal toplamışam. Tutaq ki, mənim müsahibə mövzum "Say sistemləri"dir. Müəllimlərə mövzular əvvəlcədən təyin edilsə, müəllim də həmin mövzu üzrə icmal hazırlayıb onu canlı şəkildə, açıq dərs kimi tətbiq etsə, hər şey daha aydın olar. Onda müəllimin dərsi necə qurduğu, motivasiyanı nə dərəcədə maraqlı təşkil etdiyi, şagirdlərin ona necə diqqətlə qulaq asdığı  yaxud da tam əksinə, müəllimin bu bacarıqlarının zəif olduğu real şəkildə görünər".

Əgər test mərhələsindən yüksək bal toplamış bir müəllimin praktiki dərsində hər hansı problem varsa, bu, onun üçün bir maneəyə çevrilməməlidir:

"Sadəcə olaraq, həmin müəllimə düzgün istiqamət vermək lazımdır. Hər hansı birimizin nəyi isə bilməməsi və ya bilməyərəkdən səhv etməsi tamamilə normaldır. Əsas odur ki, bunu öyrədəsən. Dərslərin daha gözəl tətbiqinə dair təlimlər keçmək, təcrübəli və nümunəvi müəllimlərin dərslərini təşkil etmək və gənc müəllimlərin həmin dərslərdə iştirakını təmin etmək çox gözəl olardı.

Mən gənc müəllim olan zaman yaşca böyük, təcrübəli həmkarlarımın dərslərində oturmağı, onların dərsi necə qurduğunu müşahidə etməyi çox istəyirdim. Beləcə, harada nəyi yanlış etdiyimi görür, yenilikləri öyrənir və öz dərslərimdə tətbiq edirdim. Bizim məktəbdə yeni mövzulara və açıq dərslərə xüsusi yanaşırlar. Açıq dərslərdə bir neçə müəllim oturub izləyir və hər il kollektivimiz arasında "Görək bu il açıq dərsi kim daha yaxşı tətbiq edəcək?" deyə çox sağlam bir rəqabət mühiti yaranır. 

Ən əsası, bu müsahibə mərhələsində keçirilən dərslər şablonluqdan çıxmalı, müəllimin öz beyninin məhsulu olmalıdır. Məsələn, mən "Say sistemləri" mövzusunu keçirəmsə, dərsi sadəcə dərslikdəki formal qaydalarla "onluq say sistemindən beşliyə necə keçirlər, beşlikdən onluğa necə keçirlər" prinsipi ilə məhdudlaşdırmamalıyam. Onu mütləq həyatla əlaqələndirməliyəm ki, mən öz dərslərimdə bundan tez-tez istifadə edirəm və çox yaxşı nəticə verir. Çünki kurikulumun əsas prinsiplərindən biri olan inteqrasiya dərsi daha anlaşıqlı edir. Mövzunu həyati bacarıqlarla əlaqələndirmək mükəmməl bir üsuldur. Tutaq ki, "Aydan gedib marketdən 3 kiloqram pomidor alır, gəlin bunu qrama, sonra isə digər say sisteminə çevirək" kimi nümunələr tamamilə müəllimin öz yaradıcılığının, öz beyninin məhsulu olmalıdır. Kitabdan, metodik vəsaitdən olduğu kimi köçürməklə yox, məhz müəllimin öz yanaşması ilə qurulduqda, onlar dərsi daha maraqlı təşkil edər, suallara daha dolğun cavab verər və yeni mövzunu şagirdlərə daha asan izah edə bilərlər". 

Hazırda da müsahibə mərhələsi üçün müəllimlərə beş mövzu verilir və onlardan həmin mövzuların icmalını yazmaq tələb olunur:

"Bilmirəm, bəlkə də mənim bu fikrimi reallıqda tətbiq etmək olduqca çətin olar. Çünki bu qədər müəllimin hamısının dərsində oturub onları izləmək və qiymətləndirmək böyük zaman və resurs tələb edir. Amma hər halda, nə qədər gözəl olardı ki, bu təklif sadəcə sözdə qalmasın, praktiki olaraq öz yerini tapsın.

Məsələn, bir təsviri incəsənət müəllimi müsahibədə nə qədər danışsa da ki, "Dərsdə bunu edərəm, onu edərəm", onun üçün bir mənzərə rəsmini çəkməyi, sinifdə bunu şagirdlərə necə öyrədəcəyini göstərməyi – yəni praktiki bacarığını nümayiş etdirməyi daha vacibdir. Nəinki qarşıda durub sadəcə "Sinifdə bu hal baş versə, belə reaksiya verərəm" deyə nəzəri danışmağı. Eyni şey musiqi müəlliminə də, eləcə də bizim kimi informatika müəllimlərinə də aiddir. Düşünürəm ki, bu prosesi mütləq canlılaşdırmaq lazımdır.

Hazırda da müsahibə mərhələsi üçün müəllimlərə beş mövzu verilir və onlardan həmin mövzuların icmalını yazmaq tələb olunur. Yenə həmin sistem qala bilər müəllimlər mövzuları götürüb icmallarını yazarlar, sadəcə müsahibədə həmin mövzu üzrə canlı və qəşəng bir dərs tətbiq edərlər. Təbii ki, komissiyada da hər fənnin öz mütəxəssisi  həmin sahənin təcrübəli müəllimləri iştirak etməlidir. Çünki sahəni bilən müəllim namizədin nə dərəcədə doğru danışdığını və fikrini şagirdlərə nə qədər gözəl, anlaşıqlı izah edə bildiyini dərhal anlayacaq. Proses bu cür qurulsa, düşünürəm ki, hər şey çox mükəmməl olar".

Örnək müəllim, ingilis dili müəllimi, Dürdanə Kərimovanın sözlərinə görə, müsahibə mərhələsində bal toplamaq prinsipi tamamilə ləğv edilməlidir:

186046

"Real sinif otağında illərlə möcüzələr yaradan, test mərhələsində öz ixtisasını yüksək balla sübut edən bir müəllimin taleyi və əməyi müsahibədəki 10-15 dəqiqəlik subyektiv qiymətləndirmədən asılı qalmamalıdır. Müsahibə sadəcə müəllimin peşəyə ümumi yararlılığını, nitqini və psixoloji vəziyyətini yoxlayan bir "Məqbul" (Keçdi) və ya "Qeyri-məqbul" (Keçmədi) süzgəci olmalıdır .

Sertifikasiya imtahanının həm yazılı (test), həm də müsahibə mərhələsində müəllimlərdən kurikulum və metodika bilikləri tələb olunur və hər iki mərhələdə bu mövzuda suallar verilir. Düşünürəm ki, rəsmi, vahid və standart bir metodika/kurikulum dərsliyi hazırlanmalı və bütün müəllimlərə rəqəmsal formatda açıq şəkildə təqdim olunmalıdır.

İmtahan və müsahibə sualları yalnız və yalnız həmin rəsmi kitabın çərçivəsində tərtib edilməlidir ki, müəllim hansı vahid mənbəyə istinad edəcəyini dəqiq bilsin. Müəllim bilməlidir ki, onun oxuyacağı tək bir rəsmi mənbə var və suallar da oradan kənara çıxmayacaq".

Örnək müəllim, biologiya müəllimi Rəqşanə Məmmədova qeyd edib ki, imtahandan sonra hər bir müəllimə hansı meyardan niyə bal itirdiyini göstərən şəffaf, bənd-bənd əsaslandırılmış protokol təqdim edilsin:

186047

"Müsahibə meyarları hər kəsə məlum olsa da, təklif edirəm ki, qiymətləndirmə zamanı subyektivliyi minimuma endirmək üçün bu meyarlar daha detallı alt-bəndlərə (rubriklərə) bölünsün. İmtahandan sonra hər bir müəllimə hansı meyardan niyə bal itirdiyini göstərən şəffaf, bənd-bənd əsaslandırılmış protokol təqdim edilsin. Həmçinin meyarlar çərçivəsində verilən suallar nəzəriyyədən çox, müəllimin sinifdə tətbiq edəcəyi praktiki-metodiki bacarıqları ölçməlidir. 

Test mərhələsinin keyfiyyətini artırmaq üçün suallar əzbərçilikdən uzaq, qrafik təhlili, data analizi, fənlərarası inteqrasiya və situativ keysləri (case-study) əhatə edən beynəlxalq standartlara (PISA/TIMSS) uyğun hazırlanmalıdır. Eyni zamanda, müəllimlərin rəsmi istinad mənbəyinin olması üçün aidiyyəti qurumlar tərəfindən hər bir sualın elmi-metodik izahını (şərhini) özündə birləşdirən rəsmi 'Sertifikasiya Test Bankı' və qiymətləndirmə vəsaitləri nəşr edilərək müəllimlərə təqdim olunmalıdır".

Putin bu tarixdə hakimiyyətdən gedəcək - Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ
Son xəbərlərDaha çox