"Sertifikatlaşdırma sonrası 20 min tamştatlı müəllim vəzifəsi yaradılması nəzərdə tutulur"
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə sistemdə fəaliyyət göstərən təxminən 115 min müəllim prosesə cəlb olunur və sertifikatlaşdırma islahatının növbəti mərhələsi həyata keçirilir.
Emin Əmrullayev bildirib ki, prosesin yekununda müəllimlər uğurlu və uğursuz nəticə göstərənlər olmaqla iki əsas qrupa ayrılır. Uğurlu nəticə əldə edən müəllimlər arasından müəyyən meyarlar əsasında tamştatlı müəllimlər seçilir.
Nazirin sözlərinə görə, islahat çərçivəsində mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsinin yaradılması nəzərdə tutulur və bu statusu qazanan müəllimlər bundan sonra sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar.
Emin Əmrullayev qeyd edib ki, uğurlu nəticə göstərən digər müəllimlər isə əməkhaqqına əlavə alan saathesabı müəllimlər kimi fəaliyyətlərini davam etdirəcəklər.
Onun sözlərinə görə, uğursuz nəticə göstərən müəllimlərin bir hissəsi sistemdə köməkçi müəllim kimi saxlanılır, uyğun tələblərə cavab verməyən və nəticə göstərə bilməyən digər qrupla isə əmək müqaviləsinə xitam verilir.