AzEdu.az Təhsil Portalının “Təhsil Resepti” adlı rubrikasına davam edir.
Rubrikanın əsas məqsədi ictimaiyyətdə maarifçi yanaşmaları, fərqli baxışları, xüsusən də təhsil sahəsi ilə bağlı zəruri düşüncələri ilə seçilən ziyalı şəxslərin fikirlərini, daha doğrusu, "təhsil reseptləri"ni oxuculara çatdırmaqdır. Onlar təhsilimiz üçün hansı "reseptləri" təklif edəcəklər?
Rubrikamızın növbəti qonağ Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, "ADA Universiteti"nin prorektoru, professor Fariz İsmayılzadədir.
Müsahibəni təqdim edirik:
"Valideynlər müəllimlərin işinə hədsiz çox qarışırlar"
- Fariz müəllim, keçmiş dövrdə müəllim nüfuzu daha yüksək idi. Sizcə, bu nüfuzu yaradan sistem idi, yoxsa, cəmiyyətin müəllimə baxışı?
- Təhsil sahəsi, ümumiyyətlə isə cəmiyyətimiz çox dəyişib. Xatırlayıram, 80-ci illərdə müəllimin sinifdəki nüfuzu daha yüksək idi və valideynlər onun avtoritetini sual altına qoymurdular. İndi isə belə bir təəssürat yaranır ki, valideynlər həddindən artıq həssaslaşıblar və tədris prosesinə hədsiz çox müdaxilə edirlər.
Onlar qiymətləndirmə prosesinə qarışır, müəllimlərə müxtəlif formalarda təzyiq göstərirlər. Təbii ki, sosial şəbəkələrin geniş yayılması da bu təzyiqləri artırır. Sinif daxilində baş verənlərin videoya çəkilərək paylaşılması dərs prosesini daha da çətinləşdirir, tədris üçün yeni çağırışlar və çətinliklər yaradır. Bütün bunları mütləq nəzərə almaq lazımdır.
"Təhsildəki çatışmazlıqlardan saatlarla danışa bilərik"
- Kənardan baxanda sizcə, Azərbaycan təhsil sisteminin ən böyük çatışmayan tərəfi nədir?
- Təhsildəki çatışmazlıqlarımız olduqca geniş mövzudur və bu haqda saatlarla danışmaq olar. Hazırda dünyada təhsil və tədris prosesləri tamamilə fərqli bir istiqamətdə inkişaf edir. Fərqli ölkələrdə texnologiyalardan daha geniş istifadə olunur, dərslər və dərsliklər interaktiv xarakter daşıyır. Biz isə hələ də daha çox ənənəvi metodlara bağlı qalmışıq və tədrisimizdə əzbərçiliyə üstünlük verilir. Halbuki müasir dünyada artıq fərqli bacarıqların və kompetensiyaların inkişaf etdirilməsi əsas prioritet kimi qəbul olunur.
- Maraqlıdır, bugünkü məktəblərlə sizin dövrünüzün məktəbləri arasında ən ciddi fərqi nədə görürsünüz?
- Mənim məktəbdə oxuduğum vaxtla indiki zaman arasında texnologiyalar daha çox böyük fərq yaradır. O zaman təkcə ənənəvi, klassik dərsliklər və müəllim var idi. Amma indi texnologiya əsridir. Həm onlayn resurslar, həm də sosial şəbəkələr öz sözünü deyir. Amma bunun həm müsbət, həm də mənfi cəhətləri var.
Mən parlamentdəki çıxışımda da demişəm. Daha yaxşı olar ki, biz yeni bir dövlət proqramı yaradaq. Orada tədris prosesində texnologiyaların düzgün istifadəsi, yeni dərsliklərin, fərqli interaktiv metodların tətbiqi ilə bağlı dövlət proqramı olsun.
- Keçmiş nəslin müəllimlərindən bu günə örnək qalan yanaşmalar və bugünkü gənclərdə sizi ümidləndirən keyfiyyətlər hansılardır?
- Hər bir nəslin aktiv, perspektivli gəncləri var. Onların yeni biliklər qazanmağa, savadlı olmağa həvəsi var. Biz belə gənclərin sayını artırmağa çalışmalıyıq. Gənclərimizə beynəlxalq təcrübələrdən yararlana bilmələri üçün imkanlar yaratmaq lazımdır. Onlar bizim cəmiyyətimizin aparıcı qüvvələridir.
Amma eyni zamanda onu da deyim ki, burada milli dəyərlər də çox vacib rol oynayır. Bizim işimiz təkcə bilik, savad, beynəlxalq təcrübə və hansısa texnologiyalar deyil, həm də gənclərimizə milli dəyərləri aşılamaq olmalıdır.
Tək bilik, savad, beynəlxalq təcrübə və hansısa texnologiyalar yox, biz çalışmalıyıq ki, gənclərimizə eyni zamanda milli dəyərlər də aşılansın. Onların bizim mədəniyyətimizi, dilimizi və tariximizi bilmələri çox vacibdir.
Milli dəyərlərlə bağlı onu da deyə bilərəm ki, gənclər vətənpərvərlik, dövlətçiliyə xidmət və sədaqətlilik prinsipini dərk etməlidirlər.
"Orta məktəb müəllimlərini beynəlxalq təlimlərə cəlb etmək lazımdır"
- Fariz müəllim, əgər təhsil sisteminə kənardan bir resept verməli olsaydınız, ilk hansı problemi həll etməyi tövsiyə edərdiniz?
- Təhsil sahəsində bir neçə köklü dəyişikliklər etmək lazımdır. Texnologiyaların tətbiqi, dərs prosesində interaktivliyin artırılması və dərsliklərin dəyişdirilməsi istiqamətində müəyyən addımlar atılmalıdır.
Eyni zamanda, müəllimlərin hazırlığına da böyük diqqət yetirilməlidir. Onların beynəlxalq təcrübəsini artırmaq və beynəlxalq təlimlərə göndərmək çox vacib məsələdir. Universitetlərdə bu proses baş versə də, orta məktəb səviyyəsində beynəlxalq təlimlərin artırılmasına ehtiyac var.
Dərsliklərimizə də böyük bir dəyişiklik gətirməliyik, çünki onlar artıq köhnəlib. Dərslikləri müasirləşdirmək mütləqdir.