"Təhsil ekosistemi dəyişəndə nəticələr də artacaq".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələri ilə bağlı keçirilən tədbirdə qeyd edib.
Nazir PISA tədqiqatının keçirilmə mexanizmi və 2029-cu ildə keçiriləcək növbəti qiymətləndirməyə hazırlıq prosesindən danışıb:
"PISA-da iştirak edəcək məktəblərin seçimi təsadüfi qaydada aparılır və seçim zamanı müxtəlif göstəricilər, o cümlədən region, məktəbin yerləşdiyi ərazi, şagirdlərin cins bölgüsü və digər amillər nəzərə alınır.
PISA 2029-dan əvvəl, 2028-ci ildə test sualları Azərbaycan məktəblərində sınaqdan keçiriləcək.
PISA-dan bir il əvvəl, 2028-ci ildə təsadüfi seçim əsasında bu suallar sınaqdan keçiriləcək. Məqsəd odur ki, Azərbaycanda verilən sualın Azərbaycanda, Almaniyada və digər ölkələrdə eyni şəkildə işləyib-işləmədiyi müəyyənləşdirilsin. İşləyən suallar saxlanılır, mübahisəli olanlar isə çıxarılır”, - deyə Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, PISA-da şagirdlərin fərdi olaraq neçə bal toplaması əsas məqsəd deyil. Burada əsas hədəf ölkənin təhsil sisteminin ölçülməsidir:
"Bu, uşaqların bal toplaması üçün keçirilən imtahan deyil, ölkənin ölçülməsi məqsədini daşıyan tədqiqatdır. Prinsip etibarilə, bu, imtahan deyil, tədqiqatdır".
Onun sözlərinə görə, 2029-cu ilin aprel-may aylarında keçiriləcək qiymətləndirmədən sonra məlumatların təhlili və nəticələrin hazırlanması təxminən bir il davam edir.
Nazir həmçinin PISA 2029 çərçivəsində media savadlılığı və süni intellektlə bağlı bacarıqların ölçülməsi məsələsinə toxunub. O bildirib ki, bu istiqamətdə yekun çərçivə və tətbiq mexanizmləri müəyyənləşdirildikdən sonra müvafiq hazırlıq işləri aparılacaq.
Emin Əmrullayev təhsil nəticələrinin yaxşılaşdırılmasında müəllim amilinin də mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, sertifikatlaşdırma və müəllimlərin işə qəbulu istiqamətində həyata keçirilən dəyişikliklərin nəticəsi qısa müddətdə deyil, uzunmüddətli perspektivdə daha aydın görünəcək.
"Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib. Yəni müəllimlərin 20 faizindən çoxu sistemdən çıxıb və yenisi ilə əvəzlənib. Biz sistemə yanaşdıqda bunun təsirini 10 il sonra görəcəyik. Sistem üçün bu yaxşıdır, fərd üçün isə ola bilsin ki, müəyyən mənada neqativdir".
Nazir bildirib ki, təhsil sistemində nəticələrin yüksəlməsi yalnız bir istiqamətdə dəyişiklik etməklə mümkün deyil. Bunun üçün müəllim, məktəb, valideyn və ümumilikdə sosial mühit də daxil olmaqla bütöv təhsil ekosistemində dəyişikliklər aparılmalıdır.
"Ekosistem dəyişəndə nəticələr də artacaq. Müəllimi dəyişəcəksiniz, məktəbi dəyişəcəksiniz, valideynin baxışını dəyişəcəksiniz, təhsilin mühitini dəyişəcəksiniz. İnsanların sosial mühitini də dəyişəcəksiniz. Sadəcə onların bəziləri 5 ilin, bəziləri isə 30 ilin tələbidir".
O, görülən işlərin nəticə verməsi üçün zaman tələb olunduğunu, lakin PISA 2025 göstəricilərinin gələcək nəticələr baxımından müəyyən ümid yaratdığını bildirib:
"Birinci nəticələr bizə ümid verir ki, görülən işlərin sonuncu nəticəsi var".