Azedu.az

Təmayül siniflərinin sayı artırılır: 46 şəhər və rayonu əhatə edəcək

Elm və təhsil

14 Sentyabr 2026, 15:16
Təmayül siniflərinin sayı artırılır: 46 şəhər və rayonu əhatə edəcək

"Təmayül tədris modelinin tətbiq dairəsi də genişləndiriləcək".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, təmayül tədris modelinin tətbiqinə ötən illərdə 14 pilot layihə ilə başlanılıb. Bu il isə modelin 90 müəssisədə tətbiqi planlaşdırılır. Bu müəssisələr 46 şəhər və rayonu əhatə edəcək. “Mahiyyət nədən ibarətdir? 10-11-ci sinifdə, tam orta təhsildə oxuyan şagirdlərin bu təhsil səviyyəsində keyfiyyətinin artırılması, eyni zamanda müəyyən mənada ailələrə kömək məqsədilə sırf ali təhsil müəssisələrinə hazırlıq üçün bu şagirdlərin dəstəklənməsi nəzərdə tutulur. Eyni zamanda müxtəlif təmayüllər və yaxud qəbul üzrə qruplar nəzərə alınmaqla, tədris planları həmin fənlərə intensivləşdirilmiş şəkildə qurulur”, – Emin Əmrullayev deyib.

Nazir növbəti mühüm məsələnin tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili – dövlət dili kimi – fənninin saatlarının artırılması olduğunu bildirib.

“Bilirsiniz ki, Azərbaycan dilində tədrisin keyfiyyətinin artırılması Azərbaycanda ən vacib məqsədlərimizdən biridir. Burada təxminən 150 min şagird əhatə olunacaq. Azərbaycan dili 1-9-cu siniflərdə 3 saatdan 4 saata, 10-11-ci siniflərdə isə 2 saatdan 3 saata artırılacaq. Ümid edirik ki, digər dillərdə təhsil alan şagirdlərimizə bu, Azərbaycanın dövlət dilini daha yaxşı öyrənməyə imkan yaradacaq”, – nazir bildirib.
Emin Əmrullayev qeyd edib ki, Azərbaycan dili ilə bağlı bu dəyişiklik əvvəlki illərdə həyata keçirilən işlərin davamıdır.

“Əvvəlki illərdə də bu prosesi aparmışıq. Bir dəfə bir saat artırmışdıq, yenə bir saat artırırıq. Bundan başqa, xatırlatmaq üçün qeyd edim ki, bir sıra fənlər, o cümlədən Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunur. Dediyim kimi, bütün bu dəyişikliklər Azərbaycan dövlət ümumi təhsil məktəblərində tədris alan şagirdlərin Azərbaycan dilini daha yaxşı öyrənməsi üçündür”, – deyə nazir vurğulayıb.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox