Azedu.az

"Məcburiyyət məni müəllim etdi” - Köçkün müəllimin yarımçıq qalan DƏRSİ

Rubrika

22 İyun 2026, 14:21
"Məcburiyyət məni müəllim etdi” - Köçkün müəllimin yarımçıq qalan DƏRSİ

Hər birimizin ömür kitabında silinməz izlər qoyan, bizə təkcə elmin əlifbasını deyil, həm də həyatın ləyaqət dərslərini öyrədən unudulmaz simalar var. Müəllimlər bu sıradakı ilklərdəndir.

AzEdu.az təhsil portalı "Bir zamanlar müəllim" rubrikasında vaxtilə lövhə qarşısında dayanan, bu gün isə fərqli yerlərdə olan keçmiş pedaqoqların xatirələrini işıqlandırır. 

Rubrikamızın növbəti qonağı tanınmış jurnalist Əfqan Qafarlıdır

Əfqan Qafarlı keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Dövlət İdarəçilik Akademiyasında) İdarəetmə fakültəsində tam ali təhsil alıb. 4-cü kursda oxuyarkən orta məktəbdə tarix müəllimi işləyib. Müəllim kimi fəaliyyəti 1 il davam edib. 5-ci kursda pedaqoji fəaliyyətdən uzaqlaşaraq mətbuat sahəsinə gəlib. 1998-ci ildən media sahəsində çalışır. “Elita, "Bu gün", "Yeni yüzil", "Xalq Cəbhəsi", "Cümhuriyyət", "Üç nöqtə", "Xəzər-Kaspiy” qəzetlərində işləyib. Eyni zamanda, bir sıra digər KİV-lərlə əməkdaşlıq edib. 2009-ci il sentyabrın 1-dən Modern.az saytında çalışır. Hazırda saytın redaktorudur.

Müsahibəni təqdim edirik:

- Müəllimlik illərinizdən bəhs edərkən ağlınıza gələn ilk xatirə nə olur?

- Müəllimlik illərindən danışanda ki, mən cəmi 1 il müəllim işləmişəm. Yəni müəllimlik fəaliyyətim uzun sürmədiyindən dərin iz buraxan xatirələrim də azdır. Necə deyərlər, müəllimliklə bağlı nə yatdım ki, nə də yuxu görəm.

Bununla belə, həmin dövrü ilk növbədə daha çox ağrılı-acılı xatirələrlə yada salıram. 90-cı illərin ortalarında ailəmiz üçün çox çətin zamanlar idi, doğulub boya-başa çatdığım Cəbrayıl rayonu yenicə işğal olunmuşdu. Valideynlərim Biləsuvar rayonundakı məcburi köçkün şəhərciyində məskunlaşmışdılar, işsiz-gücsüz idilər, min bir əzab-əziyyətə qatlaşırdılar. Bir tələbə olaraq maddi sıxıntılarım çox olduğundan işləyib heç olmasa özümü dolandırmalıydım, iş tapmaq isə çox çətin idi. O zaman Cəbrayıl rayonunun sakinləri kimi, məktəbləri də köçkün düşmüşdü, müəllim çatışmazlığı vardı, maaşlar çox aşağı idi deyə, didərgin düşən pedaqoqların çoxu başqa sahələrə üz tutmuşdular. Mən Təhsil Nazirliyinə müraciət etdim, ixtisasım müəllimlik olmasa da, müstəsna hal kimi tarix fənnindən dərs deməyimə icazə verildi. Və beləcə həyat məni tələbə ikən bir köçkün məktəbinin sinif otağına gətirdi. 4-cü kursda oxuyarkən tarix müəllimi işləməyə başladım. Bir yandan özüm tələbə kimi dərs alırdım, o biri yandan da şagirdlərə dərs verirdim.

Bəzən qısa bir zaman kəsiyi insanın yaddaşında ömürlük qalır. Mənim qısamüddətli müəllimliyim də belə oldu.

185580

- İlk dərs gününüzü necə xatırlayırsız?

- İlk dərs günümdə həm müəllim idim, həm də hələ tələbə həyatı yaşayan bir gənc. Əlimdə jurnal, qarşımda isə məndən bəzən yaşca çox da kiçik olmayan uşaqlar vardı.

Müəllim kürsüsü insanı bir anda dəyişir. Bir neçə dəqiqə əvvəl tələbə olan insan birdən-birə qarşısındakı uşaqların gözündə "müəllim" olur.

O gün anladım ki, müəllim olmaq təkcə kitabdakı məlumatı danışmaq deyil. Qarşındakı uşağın sənə baxışında bir məsuliyyət var və onu dərk edib vicdanla çalışmalısan.

Mənim ilk dərsimdə məktəbimizin direktoru rəhmətlik Razi müəllim gəlib qapının arxasında pusubmuş ki, görsün dərs keçə bilirəm ya yox. Bunu sonradan mənə müəllim yoldaşlardan biri dedi. Razi müəllim qapının arxasında bir xeyli dayanıb qulaq asıb, əmin olanda ki, mən dərs keçə bilirəm, çıxıb gedib.

- Müəllim işlədiyiniz dövrdə heç zaman unuda bilmədiyiniz sizə çox güclü təsir edən hansı xatirəni bizimlə bölüşə bilərsiniz?

- Mənim müəllimliyim çox uzun çəkmədi, amma bir ildə az şey də görmədim. Ən böyük təsir edən məqam o uşaqların taleyi idi. Mən tarix dərsi deyirdim, amma qarşımda tarix kitabından daha böyük bir həyat hekayəsi olan uşaqlar otururdu.

Onlar da mənim kimi köçkün uşaqları idi. Onların gözlərində həm itirilmiş yurd həsrəti, həm də gələcəklə bağlı suallar vardı.

Bəzən dərsdə Cəbrayıldan, Qarabağdan danışanda mövzu sadəcə tarix olmurdu. O an sinif otağında həm dərs, həm xatirə, həm də bir ağrılı-acılı hekayə yaşanırdı.

185577

- İllər keçsə də, heç unuda bilmədiyiniz, hər xatırlayanda üzünüzdə təbəssüm yaradan bir şagirdiniz və ya hadisə varmı?

- Müəllimlik fəaliyyətim qısa olduğu üçün çox böyük şagird xatirələri arxivi yoxdur. Amma o uşaqların səmimiyyəti yadımdadır.

Bəzən dərs zamanı etdiyimiz kiçik söhbətlər, onların verdiyi sadə suallar bu gün belə məndə xoş təbəssüm yaradır.

Yadımdadır ki, 11-ci sinif şagirdləri “Son zəng” tədbirindən sonra özləri üçün kiçik bir məclis təşkil etmişdilər və müəllimlərdən də ora yalnız məni çağırmışdılar, hətta sinif rəhbərini də yox. Uşaqlar müəllimin gənc olduğunu tez hiss edirlər. Görünür ki, mən onlara yalnız müəllim kimi deyil, həm də böyük qardaş kimi yaxın olmuşdum.

Bir hadisəni də danışım: deməli, müəllim kimi fəaliyyətə başlayanda məktəbin 6A sinfinin rəhbərliyini mənə tapşırdılar. Sən demə bu sinif məktəbin ən bərbad sinifi imiş. Heç bir müəllim 6A-nın sinif rəhbəri olmaq istəmirmiş. Əvvəlki illərdə sinif rəhbəri olmuş müəllimlər ondan imtina ediblərmiş. Mənim də heç nədən xəbərim yox... Elə ilk gündən mənə məlum oldu ki, 6A-nın şagirdləri dərsə gəlməyən, dəcəllik edən uşaqlardan ibarətdir. Təsəvvür edin, jurnala 15-16 şagirdin adı yazılırdı, dərsə isə 5-6 uşaq gəlirdi. Bir gün belə, iki gün belə, üç gün belə.. həftə başa çatandan sonra direktor məni çağırıb dedi ki, dərs ili boyunca bu cür davam edə bilməz, gedib qapılara düşüb uşaqları evlərindən məktəbə gətirməlisən. Onda bildim ki, digər müəllimlər niyə 6A-ya rəhbərlik etmək istəmirlərmiş. Belə bir sinfi mənim kimi təcrübəsiz müəllimin üstünə atmaqla necə deyərlər, canlarını qurtarmışdılar.

Məcbur olub qapılara düşdüm, valideynlərdən xahiş etdim ki, uşaqları dərsə göndərsinlər. İnsafən ertəsi gün uşaqların hamısı dərsə gəldi, onları sinfə salıb qapını çöldən bağladım və qaçdım müəllimlər otağında olan direktora xəbər verməyə:

- Razi müəllim, 6A-nın şagirdləri nəhayət dərsə gəliblər, sinifdədirlər, - dedim.

- Hə, lap yaxşı, gedək baxaq, - direktor təəccüblənib ayağa qalxdı.

Sinif otağının qapısını açanda gözlərimə inanmadım, cəmi 3-4 şagird qalmışdı. Qalanların hamısı - qızlı-oğlanlı pəncərədən atlanıb qaçmışdılar. Direktor hirsindən heç nə deməyib müəllimlər otağına qayıtdı... Mənsə pərt oldum. O sinif dərs ili boyunca məni çox yordu, başımı çox ağrıtdı... Heç vaxt hamılıqla dərsə gəlmədilər.
İndi hərdən həmin hadisə yadıma düşəndə gülməyim gəlir.

185578

- Sizcə, "bir zamanlar müəllim olmuş" insan həqiqətənmi bu peşədən tamamilə uzaqlaşa bilir? Müəllimlik insanın xarakterinə necə möhür vurur?

- Düşünürəm ki, həqiqətən müəllim olmuş insan heç vaxt tamamilə müəllimlikdən uzaqlaşmır.

Mən sonradan jurnalistikaya keçdim, amma müəllimlikdən qazandığım ən vacib xüsusiyyətləri özümlə apardım: səbir, dinləmək bacarığı, qarşı tərəfi anlamaq və fikri aydın çatdırmaq.

Müəllimlik insanın xarakterinə görünməyən bir möhür vurur. Bəzən bir insanın peşəsi dəyişir, amma onun insanlara yanaşması dəyişmir.

- Sizin dövrünüzün təhsil mühiti, şagird-müəllim münasibətləri ilə bugünkü reallıqlar arasında hansı fərqləri görürsünüz?

- Bizim dövrdə müəllimə münasibətdə daha çox hörmət və məsafə vardı. Müəllim sözünün çəkisi böyük idi. Di gəl ki, maaşlar çox aşağı idi... Amma buna baxmayaraq fədakarlıq edən müəllimlər çox idi.

Bugünkü dövrün də öz üstünlükləri var. İndi informasiya çox əlçatandır, uşaqlar daha sərbəst düşünürlər, sual verirlər. Əsas məsələ budur ki, müəllim bu dəyişən dünyanın içində öz nüfuzunu qorumağı bacarsın.

- Heç partalar arxasında oturan o uşaqların səs-küyü, tənəffüs zəngi, hətta lövhə qarşısındakı o həyəcan üçün darıxırsınızmı?

- Xeyr, darıxmıram. Bəzən uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş müəllimlərdən eşidirəm, deyirlər, məktəbin ən gözəl musiqisi elə uşaqların səsidir. Tənəffüs zəngi, lövhə qarşısındakı həyəcan, bir şagirdin cavab gözləyən baxışı - bunlar müəllimlik peşəsinə vurğun olanların xatirələrində ən qiymətli hissələrdir. Mən müəllimlik peşəsinə vurğun olmamışam, amma pis müəllimlik də etməmişəm. Ona görə də darıxdığın anlar olmayıb.

- Heç haradasa bir vaxt şagirdiniz olmuş kimləsə qarşılaşmısınızmı?

- Bir neçə dəfə olub belə qarşılaşmalar. Vaxtilə uşaq kimi gördüyüm biri ilə hansısa məclisdə gənc olaraq qarşıma çıxıb mənim ona dərs dediyimi söyləyib. Bir müəllimin ən böyük mükafatı illər sonra şagirdinin onu xatırlamasıdır. Bir dəfə keçmiş şagirdim jurnalist kimi Facebook şəbəkəsində paylaşdığım yazıdakı xırda səhvlə əlaqədar mənimlə əlaqə saxlamışdı. Artıq onun özü də ali təhsili başa vurub müəllim işləyirdi. Onda keçmiş şagirdimin bu diqqəti mənə xoş təsir bağışlamışdı.

- Gənc müəllim olaraq dərs metodunuz necə idi?

- Mənim üstünlüyüm yaşca uşaqlara yaxın olmağım idi. Onları yalnız şagird kimi yox, düşünən insanlar kimi qəbul edirdim.
Tarix fənnini tədris edərkən çalışırdım ki, yalnız tarixləri əzbərlətməyim. Hadisələrin arxasındakı insan talelərini göstərim.
Şagirdləri dərsə həvəsləndirmək üçün asan suallardan ibarət testlər tərtib edirdim ki, yaxşı oxumayanlar da nələrəsə cavab verə bilsinlər, çaba göstərsinlər. Qiymət verməyə xəsislik etməməyim uşaqların çox xoşuna gəlirdi.

185582

- Əgər zamanı geri qaytarmaq şansınız olsaydı, yenə də eyni çətin, amma şərəfli yolu seçərdinizmi?

- Yəqin ki, yox, seçməzdim. Çünki müəllimliyə ehtiyacdan gəlmişdim, 1 il işləyəndən sonra anladım ki, bu sahə mənim yerim deyil. Aldığım maaşla uzağa getmək olmazdı - qəpik-quruşa işləməklə özümü aldada bilməzdim. Müəllim olmaq həm də böyük səbr, istək, bu peşəyə vurğunluq tələb edir... Və 1 ildən sonra obrazlı desəm, dərsi yarımçıq qoyub məktəblə vidalaşdım.

- Keçmiş şagirdləriniz bu müsahibəni oxusalar, onlara buradan nə demək istərdiniz?

- Onlara demək istəyərdim ki, həyat yolunuz haraya aparır-aparsın, insanlığınızı qoruyun. Yadda saxlayın ki, bilik insanı yüksəldir, amma mərhəmət və vicdan insanı dəyərli edir.

- Bu gün müəllimlik fəaliyyətinə yeni başlayan gənc həmkarlarınıza təcrübəli biri kimi hansı məsləhəti verərdiniz?

- Mən özümü uzun illər müəllimlik etmiş təcrübəli biri kimi təqdim etməzdim. Amma bir zamanlar bu məsuliyyəti daşımış şəxs kimi deyə bilərəm ki, müəllim ilk növbədə insan yetişdirir, bunu yadda saxlasınlar.

TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır
Son xəbərlərDaha çox