Azedu.az

Heyvan sevgisi peşə seçiminə çevrildi - Baytarlıq təhsili alan QIZALR

Peşə təhsili

30 Oktyabr 2026, 09:01
Heyvan sevgisi peşə seçiminə çevrildi - Baytarlıq təhsili alan QIZALR

Heyvanlara sevgi bəzən gələcək peşənin seçilməsində həlledici rol oynayır. Son illərdə peşə təhsilinə maraq göstərən gənclər arasında müxtəlif ixtisasları seçən qızlar da var. Kürdəmir Peşə Liseyində “Baytar texniki” ixtisası üzrə təhsil alan qızlar da bu sahəyə maraqları ilə diqqət çəkirlər.

Onlar təhsil müddətində heyvanlara qulluq etməyi, baytarlıqla bağlı nəzəri biliklərə yiyələnməyi və praktiki təcrübə qazanmağı öyrənirlər.

AzEdu.az olaraq onların təəssüratlarını öyrəndik, gələcək planları və arzuları barədə söhbətləşdik. 

Məleykə Əzizzadə ixtisasını sevdiyini dilə gətirib:

“Heyvanları sevirəm. Onlarla münasibətim yaxşıdır və bu sahə mənə maraqlı gəlir. Dərslərimiz də maraqlı keçir. Baytarlıqla bağlı çox şey öyrənirik. Məsələn, bir dəfə dərs zamanı pişik gətirmişdik və onun üzərində əməliyyat aparılmışdı. Bu proses mənim üçün çox maraqlı idi. Bəzi tələbələrin başı ağrıdı, ürəkləri bulandı və onlar otaqdan çıxdılar. Amma mən qorxmadım. Özüm də prosesdə iştirak etdim, pişiyi tutmağa və digər işlərdə kömək etməyə çalışdım.

Çoxları mənə bu ixtisasın yaxşı olduğunu deyir və burada təhsil almağı məsləhət görürdü. Onların fikirləri də seçimimə müsbət təsir göstərdi. Bu gün də baytarlığın çox yaxşı ixtisas olduğunu düşünürəm. Digər ixtisaslarla müqayisədə bu sahə mənə daha maraqlı gəlir.

Dərslərdə, sinifdə və müxtəlif tədbirlərdə maraqlı anlarımız olub. Məktəbdə təşkil olunan tədbirlərdə də iştirak etmişəm. Heç düşünmürdüm ki, dərs zamanı pişiyin üzərində əməliyyat aparıla bilər. Elə bilirdim ki, yalnız nəzəri dərslər keçəcəyik və praktiki məşğələlərə üçüncü kursda başlayacağıq. Amma artıq ikinci kursda bu cür təcrübələrlə qarşılaşdıq. Heyvanlarla bağlı öyrəndiklərimiz mənim üçün gözlənilməz oldu.

Qızların bu peşəni seçməsinə müsbət baxıram. Əvvəllər baytarlıq haqqında çox məlumatım yox idi, hətta bu sahədə çalışan mütəxəssisləri də yaxından tanımırdım. Qrupumuzda oğlanların arasında cəmi üç qızın olması əvvəlcə mənə bir qədər fərqli gəlirdi. Amma təhsil aldıqca anladım ki, bu sahə həqiqətən maraqlıdır və burada çox şey öyrənmək mümkündür.

Gələcəkdə öz baytarlıq məntəqəmi açmaq və heyvan həkimi olmaq istəyirəm. Hələlik təhsilimi davam etdirirəm. Üçüncü kursda daha çox bilik və təcrübə qazanaraq bu sahədə özümü inkişaf etdirməyi düşünürəm. İstəyirəm ki, gələcəkdə heyvanları müalicə edə bilim”.

Gülay Niftaliyeva qeyd edib ki, heyvanlara qarşı hər zaman böyük marağı olub:

“Heyvanları çox sevirəm. Məhz bu səbəbdən baytarlıq ixtisasını seçdim. Ailəm də bu yolda məni dəstəklədi. Gələcəkdə baytarlıq sahəsində çalışmaq istədiyimi bildirdikdə seçimimə çox sevindilər. Məncə, bu, çox yaxşı ixtisasdır. Heyvanları sevmək, onlarla işləməyi və onlara qulluq etməyi öyrənmək çox maraqlıdır. Öz ixtisasımı çox sevirəm və düşünürəm ki, qızlar da bu sahədə uğur qazana bilərlər.

Təhsil müddətində əvvəllər bilmədiyim çox şey öyrənmişəm. Xüsusilə cərrahiyyə ilə bağlı dərslər mənim üçün maraqlıdır. Bu sahədə yeni biliklər əldə etmək xoşuma gəlir. Təhsil müddətində heyvanlarla işləyir, praktiki məşğələlərdə iştirak edirik. Bu yaxınlarda bir pişiyin əməliyyatında iştirak etdik. Müəllimimiz və tələbə yoldaşlarımızla birlikdə prosesə kömək etdik. İlk dəfə heyvanın əməliyyatını görəndə əvvəlcə bir qədər pis oldum. Sonra düşündüm ki, bu, mənim seçdiyim ixtisasdır və bütün bunları öyrənməliyəm. Buna görə də prosesdə iştirak etməyə davam etdim.

Gələcəkdə bir heyvanın həyatını xilas edə bilsəm, çox sevinər və özümü xoşbəxt hiss edərəm. Heyvanlara kömək etmək, onların sağalmasına töhfə vermək mənim üçün çox gözəl hiss olardı. Düşünürəm ki, bu ixtisasa ehtiyac var. Gələcəkdə öyrəndiklərimi tətbiq etmək, heyvanlara qulluq etmək və bu sahədə çalışmaq istəyirəm. Daha çox təcrübə qazanaraq peşəkar mütəxəssis olmağı hədəfləyirəm. Qismət olarsa, öz baytarlıq klinikamı açmağı çox istəyərəm. Bu, mənim ən böyük arzularımdan biridir”.

SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələrolacaq?
Son xəbərlərDaha çox