Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 15:13:00
“Geri qayıtmaq mümkünsüzdür, ciddi maddi sıxıntımız var”-  İtaliyadakı xanım tələbəmiz    

 

  

“İtaliyada təhsil alan azərbaycanlı tələbələr vətənə qayıtmaqda dünənə qədər çətinlik çəkirdisə, hazırda bu, mümkünsüz hal alıb”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında İtaliyanın Sapienza Universitetində Biznes Hüququ üzrə magistr təhsili alan Aysel İmanlı deyib.

 

Onun sözlərinə görə, Azərbaycana qayıtmaq istəyən tələbələr üçün yeganə variant dövlətin göndərəcəyi təyyarədir:

 

“Tələbələrin son olaraq Azərbaycana getmək üçün tranzit kimi istifadə etdiyi ölkə Ukrayna idi. Ukraynadan gediş də dayandırıldı. Həmçinin son variant olaraq Rusiya üzərindən ehtimal var idisə, bu gün məlumat aldıq ki, Rusiyadan getmək istəyən tələbəni də buraxmayıblar. Hazırda Azərbaycana qayıtmaq istəyən tələbələr üçün yeganə variant dövlətin göndərəcəyi təyyarədir. Təyyarə göndərilməsi ilə bağlı səfirliklə əlaqə saxladıq, bizə bu barədə danışıqlar getdiyini, artıq bu məsələ ilə bağlı hökumətə müraciət olunduğunu bildirdilər. Əlavə etdilər ki,  Azərbaycana qayıtmaq istəyən tələbələr 14 gün karantin şəraitində saxlanılacaq. Hər hansı çətin vəziyyətdə olduğumuz təqdirdə səfirliyə müraciət edə biləcəyimizi dedilər”.

 

 

Aysel İmanlı bildirib ki, tələbələr hökumətin göndərəcəyi təyyarə ilə uçuşun təhlükəli ola biləcəyi qəanətindədirlər: 

 

 

“Sadəcə, hazırda problem təyyarədə evakuasiya olunacaq tələbələrin hansı şəraitdə aparılacağı ilə bağlıdır. Təxmin edin ki, bir neçə saat eyni mühitdə yol gedən tələbələrdən hətta 1-i belə koronavirusa yoluxmuş olsa, bu, digərlərinin yoluxma ehtimalını artırır və narahatlıq yaradır. Məsələn, Türkiyədə tələbələrin evakuasiya edilməsı zamanı istifadə olunan xüsusi geyimlər, maskalar və s. təmin edilərsə böyük bir qisim tələbə tərəddüdlərindən qurtulub, getmək qərarı verə bilər”.

 

Həmyerlimiz İtaliyada vacib səbəb olmadan küçəyə çıxmağın mümkünsüz olduğunu, qaydalar pozulduğu təqdirdə isə cəza tətbiq olunduğunu qeyd edib:

 

“Bir müddət əvvəl Roma da daxil olmaqla, bütün İtaliya “qırmızı zona” elan edildi. Ölkəyə giriş-çıxışlar kəskin şəkildə məhdudlaşdırıldı. Küçəyə çıxmaq vacib və əsaslı səbəb olmadan icazəli deyil. Marketə və ya apteklərə getmək saat 6-ya qədər icazəlidir. Yolda polislər yaxınlaşıb soruşduğuna görə, başqa istisna hallar üçün üzərində səbəblər qeyd olunan yazılı forma saxlamalısan. Əgər ilk dəfə qanunu pozaraq harasa gedirsinizsə, cərimə və ya xəbərdarlıq nəzərdə tutulur. Digər hallarda isə 3 aya qədər həbs oluna bilərsiniz.

 

Bəzi müəssisələrin qarşısındakı növbələr istisna olmaqla, küçələrdə, demək olar ki, insan görmək çətindir. Xəstə olduğunuz və ya hər hansı bir simptom hiss etdiyiniz halda evdən çıxmaq, İtaliya daxilində başqa şəhərlərə vacib və əsaslı (mənzil başına çatmaq, iş və s.) səbəb olmadan getmək qadağandır. Kimsə bu barədə yalan demiş olarsa, ciddi cəza tətbiq olunur”.

 

Tələbə xanım qeyd edir ki, azərbaycanlı tələbələr hazırkı şəraitdə maddi baxımdan da çətinlik çəkirlər:

 

“Maddi məsələlərdə bir çox azərbaycanlı tələbə çətinliklə üzləşib. Çünki təqaüdlər mövcud vəziyyətə görə gecikir. Bundan əlavə, iş yerləri bağlıdır, işləyərək özünü təmin edən, kirayə pulu ödəyən tələbələr üçün durum daha sıxıntılıdır. Hətta bəzi tələbələr yollar açıq olduğu vaxtlarda biletlər baha olduğu üçün ölkəyə qayıda bilmədilər”.

 

Aysel İmanlı bütün bunlara baxmayaraq, öz nikbinliklərini qoruduqlarını söyləyib:

 

“İtalyanlar, ümumiyyətlə, istiqanlı və optimist millətdir. Belə bir vəziyyətdə də nikbinliklərini itirmirlər. Son günlər dövlətin icazəsi ilə hər axşam saat 6-da hamı eyvanlara çıxır, çalıb-oxuyur, oynayır. Ölkələrinə və bir-birlərinə dəstək olurlar. Belə şeylər stressi azaltmağa, həqiqətən, kömək edir. Ən əsası azərbaycanlı dostlarımızla görüşüb söhbət edirik, bir-birimizlə maraqlanıb, dəstək olmağa çalışırıq”..

 

Qeyd edək ki, İtaliyada 20603 nəfər koronavirusa yoluxub, 1809 nəfər isə dünyasını dəyişib.