Dövlət Proqramı çərçivəsində xaricdə bakalavr təhsili almağa gedən azərbaycanlı gənclər arasında Çinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Əvvəlki illərdə ABŞ daha çox seçilən istiqamətlərdən biri olduğu halda, son nəticələrdə Çin Böyük Britaniyadan sonra ikinci ən çox seçilən ölkədir.
Maraqlıdır, gənclərin Çin universitetlərinə üstünlük verməsinin əsas səbəbləri nələrdir?
AzEdu.az-a mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.

Çin universitetlərinin təhsil keyfiyyəti son illərdə əhəmiyyətli dərəcədə yüksəlib:
“Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin bakalavr təhsili üçün Amerika Birləşmiş Ştatları əvəzinə Çin universitetlərinə üstünlük verməsi, əslində, qlobal iqtisadi və texnoloji trendlərlə də üst-üstə düşür. Bu tendensiya, xüsusilə, Çin universitetlərinin ölkənin sürətli iqtisadi inkişafına paralel olaraq dünya reytinqlərində sürətlə irəliləməsi ilə özünü göstərir. Nəticədə, siyahıda Çin Xalq Respublikasının universitetləri Böyük Britaniya universitetlərindən sonra ikinci yerə yüksəlib.
Ümumiyyətlə, bu ölkənin təhsil keyfiyyəti son illərdə əhəmiyyətli dərəcədə yüksəlib. Bunu Çin universitetlərinin beynəlxalq reytinqlərdə sürətlə irəliləməsində, universitetlərin simasının və təhsil keyfiyyətinin yüksəlməsində, eləcə də tələbələrə qazandırdığı bilik, bacarıq və səriştələr hesabına yaratdığı unikal karyera imkanlarında aydın şəkildə görürük. Əlbəttə ki, bu dəyişikliyi şərtləndirən müxtəlif amillər, akademik üstünlüklər və gənclərə qazandırdığı strateji dividendlər mövcuddur”.
Çinin süni intellekt, robototexnika və 5G sahəsində liderliyi bu marağın əsas səbəblərindəndir:
“Bu marağın artmasına təsir edən bir neçə mühüm amil var. İlk növbədə, Çinin süni intellekt, robototexnika və 5G texnologiyaları sahəsində dünya liderlərindən birinə çevrilməsi danılmaz faktdır. Eyni zamanda, Dövlət Proqramının mühəndislik və yüksək texnologiyalar üzrə prioritetləri Çinin güclü tərəfləri ilə tam üst-üstə düşür. Ümumilikdə, bu istiqamətlər ölkənin milli prioritetləri ilə də yüksək səviyyədə uyğunluq təşkil edir.
Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının universitetləri ilə müqayisədə Çinin nüfuzlu ali təhsil müəssisələrinə qəbul prosesi daha optimal və bürokratik maneələrdən uzaqdır. Yəni qəbul prosedurları daha çevik şəkildə həyata keçirilir. Bu üstünlük təkcə Dövlət Proqramı çərçivəsində müraciət edənlər üçün deyil, həm də proqramdan kənar qaydada fərdi müraciət edən gənclər üçün cəlbedici amillərdən biri hesab olunur.
Bu üstünlük təkcə bakalavr və magistratura proqramları üzrə deyil, doktorantura səviyyəsində də özünü göstərir. Çünki Amerika Birləşmiş Ştatları və bir sıra Avropa ölkələrinin universitetlərində doktorantura proqramlarına qəbul prosesi kifayət qədər mürəkkəbdir. Çin universitetləri isə istedadlı doktorantlar üçün daha açıq imkanlar təqdim edir. Qəbul prosesində bürokratik maneələr minimum səviyyədədir və prosedurlar daha çevik şəkildə həyata keçirilir”.
Qlobal reytinqlərdə sürətlə irəliləyən Çin universitetləri bəzi hallarda ABŞ-nin nüfuzlu universitetlərini də geridə qoyurlar:
“Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının son illərdə tətbiq etdiyi sərt viza siyasəti və uzunmüddətli yoxlama prosedurları da gənclərin daha əlçatan viza imkanları təklif edən Çinə üz tutmasına təsir göstərir.
Hətta bu yaxınlarda Şanxaydakı bir universitetin doktorantura proqramına qəbul olunmuş bir gəncin fikirlərini misal gətirə bilərəm. Onun sözlərinə görə, son illərdə Çin şəhərlərinin siması tamamilə dəyişib və gənclər bunu yaxından hiss edirlər. Bu texnoloji transformasiya təkcə universitetlərdə deyil, bütövlükdə ölkənin inkişafında da aydın şəkildə özünü göstərir.
Çin şəhərləri müasir infrastrukturu və inkişaf səviyyəsi ilə gənclərin diqqətini cəlb edir. Eyni zamanda, yaşayış xərcləri Amerika Birləşmiş Ştatları ilə müqayisədə daha münasibdir. Düzdür, söhbət Dövlət Proqramından gedirsə, iştirakçıların əsas xərcləri dövlət tərəfindən qarşılanır. Bununla belə, gənclər Çində həm təhsil, həm də gələcək karyera baxımından daha geniş imkanlar görürlər.
Qeyd etdiyim kimi, Çin universitetləri qlobal reytinqlərdə sürətlə irəliləyir və bəzi hallarda Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərini də geridə qoyurlar. Üstəlik, Çin universitetlərinin reytinqlərdə yüksəliş tempi ABŞ universitetləri ilə müqayisədə daha sürətlidir”.
“Bir kəmər, bir yol’ təşəbbüsü Azərbaycan-Çin iqtisadi əlaqələrini gücləndirdikcə, Çində təhsil alan mütəxəssislərə tələbat da artır:
“Bundan əlavə, Çin universitetləri bakalavr səviyyəsində tam ingilis dilində yüksək keyfiyyətli tədris proqramları təklif edir. Tələbələr müasir elmi laboratoriyalarda və "smart" kampuslarda tədqiqat aparmaq imkanı əldə edirlər. Dövlət Proqramı ilə yanaşı, Azərbaycan və Çin arasında dövlətlərarası əməkdaşlıq çərçivəsində, eləcə də Çin hökuməti tərəfindən təqdim olunan müxtəlif tədqiqat qrantları və tələbə mübadiləsi proqramları da mövcuddur. Bütün bu amillər Çin universitetlərini azərbaycanlı gənclər üçün daha cəlbedici seçimə çevirir.
Həm akademik, həm də karyera baxımından Çin universitetlərinin təqdim etdiyi üstünlüklər kifayət qədər genişdir. Çində bakalavr təhsili almaq azərbaycanlı gənclərə həm yerli, həm də qlobal əmək bazarında mühüm rəqabət üstünlüyü qazandırır. Eyni zamanda, dünyanın ən çox istifadə olunan biznes dillərindən biri olan Çin dilini peşəkar səviyyədə mənimsəmək imkanı əldə edirlər. Bundan əlavə, Çinin qlobal miqyasda fəaliyyət göstərən iri şirkətləri tələbələr üçün baş ofislərində təcrübə proqramları təşkil edir ki, bu da onların gələcək karyera inkişafına birbaşa müsbət təsir göstərir.
Digər mühüm məqamlardan biri isə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycan-Çin iqtisadi əlaqələrinin sürətlə inkişaf etməsidir. Bu baxımdan, Çində təhsil alan gənclər gələcəkdə əmək bazarında daha çox tələb olunan mütəxəssislərə çevrilmək imkanı qazanırlar. Eyni zamanda, onlar Asiyanın və dünyanın gələcək biznes və elm elitası ilə peşəkar əlaqələr qurur, geniş akademik şəbəkəyə qoşulmaq imkanı əldə edirlər”.
Yaxın gələcəkdə Çinə təhsil axını daha da güclənəcək:
“Gənclərin Çinə üz tutması təkcə keyfiyyətli təhsil almaq deyil, həm də gələcəyin iqtisadi güc mərkəzlərindən birində yer almaq deməkdir. Onlar anlayırlar ki, ölkəyə qayıtdıqdan sonra Azərbaycanda rəqəmsal transformasiya, sənaye və innovativ inkişaf sahələrində mühüm rol oynaya bilərlər. Hesab edirəm ki, Çin təhsilinə maraq qarşıdakı illərdə daha da artacaq. Çünki Çin həm rəqəmsal texnologiyalar, həm innovasiya, həm də ali təhsil sistemi baxımından sürətlə inkişaf edir və dünyanın ən böyük iqtisadiyyatlarından birinin əmək bazarında yer almaq praqmatik və məqsədyönlü gənclər üçün geniş imkanlar yaradır.
Eyni zamanda, Çində iri sənaye və texnologiya şirkətləri universitetlərlə sıx əməkdaşlıq edir və paralel şəkildə inkişaf edirlər. Dual təhsil modeli burada kifayət qədər geniş tətbiq olunur. Ümumilikdə, Çin universitetlərində təhsil artıq ənənəvi mühazirə formatından kənara çıxaraq praktiki bilik, tədqiqat və innovasiya yönümlü model üzərində qurulub. Bütün bunlar müasir dünyagörüşünə malik, düzgün təhsil seçimi etmək istəyən gənclərin diqqətini cəlb edir. Düşünürəm ki, yaxın gələcəkdə Çinə təhsil axını daha da güclənəcək. Bu tendensiya təkcə Azərbaycan üçün deyil, dünyanın savadlı, bilikli və perspektivli gəncləri üçün də daha geniş imkanlar yaradacaq.
Hesab edirəm ki, bunun əsas səbəbi gənclərin təhsil seçimlərini edərkən daha praqmatik, çevik və gələcəyə hesablanmış qərarlar vermələridir. Məhz buna görə də Çin universitetlərinə maraq getdikcə artır. Hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniya universitetləri hələ də ilk sırada qərarlaşsa da, mən hesab edirəm ki, yaxın perspektivdə bu mənzərə dəyişə bilər. Çin universitetlərinin sürətli inkişafı, artan cəlbediciliyi və təqdim etdiyi imkanlar nəzərə alınarsa, onların gənclərin seçimlərində Böyük Britaniya universitetlərini belə geridə qoya bilərlər”.