Hind okeanında Fransanın dənizaşırı departamenti olan Mayottada 120 minə yaxın məktəbli, "Çido" siklonundan təxminən iki il sonra yeni tədris ilinə tam bərpa olunmamış məktəblərdə başlayıb.
Bu barədə AzEdu.az Avropa bürosu Fransa mediasına istinadən xəbər verir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, siklon təhsil müəssisələrinin təxminən 40%-ni dağıdıb, eyni zamanda, bir sıra təhsil müəssisələrində təmir işləri hələ başa çatmayıb.
Paytaxt Mamudzunun meri Ambdilvahedu Sumaylanın sözlərinə görə, siklon nəticəsində 12 milyon avro məbləğində ziyan dəymiş bir neçə məktəbdə təmir işlərini başa çatdırmaq lazımdır. O qeyd edib ki, dövlət maliyyələşdirilməsinin alınmasında yaranan inzibati maneələr müxtəlif bələdiyyələrdə işlərin gedişini ləngidib.
Məktəblərdən birində şagirdlərin valideynləri bərpa işlərinin sürətləndirilməsini tələb edərək etiraz aksiyası keçiriblər. Yer çatışmazlığı səbəbindən 2025-ci ildən dərslər növbəli şəkildə keçirilir və valideynlərin sözlərinə görə, hər bir uşaq gündə cəmi təxminən üç saat yarım təhsil alır.
Fransanın Baş naziri Sebastyan Lekornü avqustun 26-27-də Mayottaya səfər etməlidir. Yerli hakimiyyət orqanları ondan maliyyələşdirmə və bərpanın sürətləndirilməsi ilə bağlı yeni qərarlar gözləyirlər.
"Çido" siklonu 2024-cü ilin dekabrında Mayottada adanın infrastrukturuna irimiqyaslı ziyan vurub.