Azedu.az

Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb

Xaricdə təhsil

14 Sentyabr 2026, 09:37
Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi tərəfindən keçirilmiş Azərbaycan–Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin nəticələri müəyyənləşib.

Bu barədə AzEdu.az-a ETDA-dan məlumat verilib. 

Qeyd olunub ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistanın elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, alimlər arasında elmi əlaqələrin gücləndirilməsi, eləcə də aktual elmi istiqamətlər üzrə birgə tədqiqatların dəstəklənməsidir.

Müsabiqə çərçivəsində Azərbaycan və Özbəkistan alimlərinin birgə iştirakı ilə təqdim edilmiş ümumilikdə 139 elmi layihə ekspertiza mərhələsindən keçirilib.

Elmi və texniki ekspertizanın yekunlarına, həmçinin hər iki tərəfin ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən 5 elmi layihə müsabiqənin qalibi elan olunub.

Müsabiqənin qalib layihələri

1. Vanadiumun titanmaqnetit filizindən və texnogen tullantılardan çıxarılmasının kompleks emal metodlarının işlənib hazırlanması. (Azərbaycan: AR ETN Kimya İnstitutu PHŞ, Özbəkistan: İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti)

2. Günəş, külək və dizel elektrik stansiyalarının enerji yığma sistemləri (akkumulyator batareyaları, hidravlik enerji yığıcıları və qravitasiya əsaslı yığıcılar) ilə birlikdə kombinə olunmuş işinin optimal idarə olunması üçün alqoritmlərin hazırlanması. (Azərbaycan: Sumqayıt Dövlət Universiteti, Özbəkistan: İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti)

3. Avtonom istilik təchizatı sistemləri üçün funksional kompozit materiallar əsasında polimer günəş kollektorunun parametrlərinin işlənməsi və elmi əsaslandırılması. (Azərbaycan: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Özbəkistan: Qarşı Dövlət Texniki Universiteti)

4. Əlçatan mobillik – daha yaxşı şəbəkə planlaşdırılması ilə nəqliyyat sisteminin optimallaşdırılması (şəhər mobilliyinin öyrənilməsi üçün proqram təminatının hazırlanması). (Azərbaycan: Azərbaycan Texniki Universiteti, Özbəkistan: Cihaz Politexnik Universiteti)

5. Oksidləşmiş və qarışıq mis filizlərinin emalı texnologiyasının işlənib hazırlanması. (Azərbaycan: AR ETN Kimya İnstitutu PHŞ, Özbəkistan: Olmalıq Dövlət Texniki İnstitutu)

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi qalib layihələrin rəhbərlərini və tədqiqat qruplarını təbrik edir, onlara elmi fəaliyyətlərində uğurlar arzulayır.

Bakı metrosu iflic vəziyyətə düşdü -Qatarlar niyə 30 dəqiqə dayandı?
Son xəbərlərDaha çox