İngiltərədə orta məktəblərdə şagirdlərə təqdim olunan qidalarla bağlı aparılan araşdırma narahatedici nəticələr ortaya qoyub.
Bite Back xeyriyyə təşkilatının 391 dövlət orta məktəbinin menyularını araşdırması nəticəsində məktəblərin təxminən dörddə üçünün sağlam qidalanma qaydalarını pozduğu müəyyənləşdirilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, məktəblərin 53 faizində çips, şokolad və digər yüksək yağ, şəkər və duz tərkibli məhsulların satışına yol verilib. Bu məhsulların bəziləri səhər yeməyi və nahar vaxtı da şagirdlərə təqdim olunub. Məktəblərin 57 faizində isə burger, kolbasa və digər emal olunmuş ət məhsullarının icazə veriləndən daha çox təqdim edildiyi aşkarlanıb.
Həmçinin məktəblərin 37 faizində kartofdan hazırlanan qızardılmış məhsulların normadan artıq verildiyi müəyyən edilib. Araşdırmanı aparan təşkilat məktəblərdə sağlam qidalanma qaydalarına nəzarətin gücləndirilməsinə çağırıb.
İngiltərənin Təhsil Nazirliyi də qaydaların bütün məktəblərdə düzgün tətbiq edilmədiyini qəbul edib və məktəb qidalanması standartlarına nəzarətin sərtləşdiriləcəyini açıqlayıb.