Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri, Filologiya üzrə fəlsəfə doktoru, dos. Esmira İsmayılovanın bu günlərdə yeni monoqrafiyası işıq üzü görüb. “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” monoqrafiyası AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Abid Tahirlinin elmi və bədii yaradıcılığına həsr edilib.
AzEdu.az xəbər verir ki, monoqrafiyada prof. Abid Tahirlinin elmi, bədii, publisistik, pedaqoji fəaliyyəti təhlilə cəlb edilmiş, keçdiyi mənalı və şərəfli həyat yolundan ətraflı söz açılmışdır. Azərbaycan ədəbiyyatşünaslıq elminin mühacirət qolunun formalaşdırılmasında, mühacir ədiblərin irsinin araşdırılmasında əvəzsiz xidmətləri olan, “bu sahənin lokomotivi” adlandırılan prof. Abid Tahirlinin bu istiqamətdə yazdığı monoqrafiyaları, elmi məqalələri, bədii, publisistik əsərləri tədqiqata cəlb edilmiş, mühacirətşünas alimin zəngin irsi müxtəlif rakurslardan təhlil edilmişdir. Əsər “Müəllifdən”, “Giriş”, bir-biri ilə bu və ya digər şəkildə məntiqi əlaqələrdə olan fəsillər, “Nəticə” və “Ədəbiyyat siyahısı”ndan ibarətdir.
Əsərin birinci fəslində Abid Tahirlinin ömür yolunun müxtəsər xronikası verilir, ikinci fəsildə tədqiqatçının mühacirətdə yaşayıb-yaratmış müəlliflərin həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyalarının ümumi və orijinal tərəfləri təhlil edilir, üçüncüdə mühacirət ədəbiyyatı nümayəndələrinin portretlərindən təqdim edilmiş ştrixlər araşdırılır, qürbətçilərin qəlbində və qələmində 31 Mart, 15 Sentyabr, 28 May və 28 Aprel tarixlərinin mahiyyəti izlənilir, mühacirət mətbuatının təşəküllü problemləri ön plana çıxarılır, Vətəndə və Qürbətdə “millət davasının aparılması” sistemləşdirilir, dördüncüdə klassik və çağdaş ədəbiyyat məsələləri Abid müəllimin əsərlərinin mahiyyətindən çıxış edilərək təhlil edilir və s.
Müəllif araşdırmanın birinci fəslindən sonra üç fundamental fəsildə Abid Tahirlinin mühacir ədiblərin həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyalarını, “Mühacir portretlərinə ştrixlər”ə diqqət çəkməyi zəruri hesab etmişdir. Burada tədqiqatçı Abid müəllimin monoqrafik təhlillərində Ceyhun Hacıbəyli, Məhəmməd Altunbay, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Nağı Şeyxzamanlı, Əmin Abid (Gültəkin), Almas İldırım, Banin (Ümmül Banu), Kərim Yaycılı, Alazan Baycan, Teymur Atəşli və başqa bu kimilərin həyat, ömür, yaradıcılıq talelərinin üzərində dayanmaqla, həm də vicdanlı, obyektiv və tendensiyalılıqdan kənar mövqe sərgiləyməyi bacarmışdır.
Monoqrafiyanın məzmun-mahiyyət və struktur-kompozisiya xüsusiyyətlərindən ən mühüm görünən tərəf odur ki, dosent Esmira İsmayılova Abid Tahirlinin həyatının, ömrünün ayrı-ayrı fraqmentlərini, uşaqlıq, yeniyetməllik, gənclik illərini, tələbəlik dövrünü və tədqiqatçılıq səriştəsini kondisiyalı və əsaslı təqdim edib.
Filologiya elmləri doktoru, prof. Nizami Məmmədov(Tağısoy) kitaba maraqlı “Ön söz” yazıb: “Bu araşdırma nəinki Abid müəllimin yaradıcılığının, həm də müasir Azərbaycan mətbuatşünaslığının və ədəbiyyatşünaslığının ünlü nümayəndəsinin elmi, publisistik və bədii yaradıcılığının mühüm bir mərhələsinin detalları ilə izlənilməsinə həsr edilmiş layiqli töhfədir”.
Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, prof. Kamran Kazımov, rəyçilər filologiya elmləri doktorları prof. Nizami Məmmədov və prof. Asif Rüstəmli, dos. Qədim Rufullayev, redaktor Akif Cabbarlı, texniki redaktor Ənvər Şahqubadbəylidir.
Prof. Abid Tahirlinin elmi, publisistik, bədii yaradıcılığından bəhs edən monoqrafiya ədəbiyyatşünaslar, bu sahənin mühacirət qolunu araşdıran tədqiqatçılar, həmçinin tələbələr, magistrant və doktorantlar, eləcə də mühacirət ədəbiyyatı və mətbuatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.