ABŞ-də bəzi özəl universitetlərdə 2026-2027-ci tədris ili üçün bir tələbənin illik təhsil və yaşayış xərcləri 100 min dolları ötüb. Məbləğə təhsil haqqı ilə yanaşı yataqxana, qidalanma və digər universitet xərcləri də daxildir.
AzEdu.az xarici mediadan aldığı məlumata görə, Harvey Mudd College-də bir tələbə üçün illik ümumi xərc 102 min dollardan çox, Çikaqo Universitetində isə təxminən 100,8 min dollar təşkil edir.
Yüksək xərclər ABŞ-də universitet təhsilinin maliyyələşdirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə orta gəlirli ailələr üçün bu məbləğ universitet seçimi zamanı ciddi maliyyə yükü yaradır. Təhsil xərclərini qarşılamaq üçün kreditlərdən istifadə edən tələbələr isə məzuniyyətdən sonra da borc ödəməli olurlar.
Bununla yanaşı, bəzi universitetlər yüksək qiymətlərin təsirini azaltmaq üçün maliyyə yardımı proqramlarını genişləndirir. Məsələn, Rice Universiteti 2027-ci ildən illik ailə gəliri 200 min dollara qədər olan tələbələrə təhsil haqqının tam qarşılanmasını nəzərdə tutan proqram tətbiq etməyi planlaşdırır.
Fidan Şahkərəmova