ABŞ Müdafiə Nazirliyi 30 universitetə xarici qurumlarla akademik və tədqiqat əlaqələrini yenidən nəzərdən keçirmələri barədə göstəriş verib. Qərarın əsasən Çin, eləcə də Rusiya və İranla əlaqəli qurumlarla əməkdaşlıqlara aid olduğu bildirilir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, universitetlərdən xarici qurumlarla mövcud maliyyə, tədqiqat və akademik əməkdaşlıqları yoxlamaq və milli təhlükəsizlik baxımından problemli hesab edilən əlaqələri dayandırmaq tələb olunur. Universitetlərə bu yoxlamanı aparmaq üçün iki həftə müddət verilib. Tələblərə əməl etməyən ali təhsil müəssisələri gələcək federal tədqiqat maliyyələşməsindən məhrum qala bilər.
ABŞ rəsmilərinin sözlərinə görə, məqsəd dövlət vəsaiti hesabına maliyyələşdirilən tədqiqatların icazəsiz texnologiya transferi, intellektual mülkiyyətin oğurlanması və xarici qüvvələr tərəfindən sui-istifadə edilməsinin qarşısını almaqdır. Pentaqonun yenilənmiş siyahısında ümumilikdə 130 xarici qurum yer alır və onların böyük hissəsi Çində yerləşir.
Rəsmi açıqlamada 30 universitetin adları açıqlanmasa da, ABŞ rəsmilərinin bildirdiyinə görə onların arasında Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT) və Cons Hopkins Universiteti də var.
Qərar ABŞ universitetləri ilə Çin arasındakı elmi əməkdaşlıqların gələcəyi ilə bağlı müzakirələri də gücləndirib. Təhsil sahəsinin bəzi nümayəndələri isə universitetlərə qarşı bu cür tədbirlərin konkret sübutlar təqdim edilmədən akademik əməkdaşlıqları şübhə altına ala biləcəyini bildirirlər.
Fidan Şahkərəmova