Təhsil gündəminin əsas mövzuları sırasında məktəblər, müəllimlər, şagird nailiyyətləri və ali təhsil məsələləri daha çox diqqət çəkir.
Lakin təhsil sistemində ictimai müzakirələrdə nisbətən az yer alan, problemləri və inkişaf perspektivləri kölgədə qalan istiqamətlər də var.
Maraqlıdır, təhsilin “ögey övladları” hesab edilə biləcək bu sahələr hansılardır və onların inkişafı üçün hansı addımlar atılmalıdır?
AzEdu.az mövzu ilə bağlı təhsil jurnalistlərinin fikirlərini öyrənib.
AzEdu.az-ın əməkdaşı Məltəm Anar söyləyib ki, tələbələrin istehsalat təcrübəsinə kifayət qədər səthi yanaşılması mövzusu gündəmə çox az gəlir, hətta heç bir həll yolu göstərilmir və ciddi bir problem kimi qəbul edilmir:

"Nəzərə almalıyıq ki, bu, gənclərin karyerası üçün kifayət qədər vacib məsələdir. Məlumdur ki, tələbənin təcrübə üçün üz tutduğu bir çox qurumlar tələbəyə vaxt ayırmaq istəmədiklərindən "Gəlməyinə ehtiyac yoxdur, adını yazacağıq, 3 ay sonra gələrsən, sənədlərinə imza atarıq" deyirlər.
Həmçinin ucqar kənd məktəblərində müəllim çatışmazlığı da kifayət qədər vacib problemlərdən biridir. Sözügedən məktəblərdə bir fənn müəllimi bir neçə fənni tədris etmək məcburiyyətində qalır. Hətta elə mənim təhsil aldığım məktəbdə də bu hallar var idi. Coğrafiya müəllimi həm coğrafiya, həm fizika, həm musiqi, həm də tarix dərslərini şagirdlərə keçirdi.
Bu da dərslərin keyfiyyətsizliyindən xəbər verir. Çünki müəllim müəyyən fənlər haqqında məlumatlı olsa da, məhz öz fənni üzrə ixtisaslaşmış sayılır. Ümidvaram ki, sözügedən problemlər yaxın zamanda öz həllini tapar".
Report-un əməkdaşı Şəfiqə Nazimqızı qeyd edib ki, bəzi məktəblərdə inklüziv siniflər yaradılıb və gələcəkdə bu modelin daha da geniş şəkildə tətbiqi nəzərdə tutulur:

"Bəs inklüziv siniflərdə təhsil alan uşaqların sinif yoldaşları və müəllimləri üçün maarifləndirici görüşlər keçirilirmi? Çünki hər hansı məhdudiyyəti olan uşaq onsuz da daha həssas yanaşmaya ehtiyac duyur. Onun sinif yoldaşları və müəllimləri belə uşaqlarla necə davranmalı olduqlarını, hansı məqamlara diqqət etməli olduqlarını bilirlərmi?
Nəzərə alsaq ki, ümumi təhsil məktəblərində belə bullinq və zorakılıq halları ilə qarşılaşırıq, inklüziv siniflərdə bu məsələyə xüsusi diqqət yetirilməsinin vacib olduğu düşünürəm. Məncə, bu istiqamətdə təkcə müəllimlərlə deyil, şagirdlərlə və valideynlərlə də mütəmadi maarifləndirici görüşlər keçirilməlidir. Hətta bu iş sinif-sinif, məktəb-məktəb, eləcə də ailələrlə görüşlər formatında təşkil oluna bilər. Çünki inklüziv təhsilin uğurlu olması yalnız uşağın həmin sinfə qəbul edilməsi ilə deyil, onun özünü təhlükəsiz, rahat və qəbul olunmuş hiss etdiyi mühitin yaradılması ilə mümkündür".
APA-nın əməkdaşı Günay Elşən bildirib ki, təhsil sahəsində mediada daha az gündəmə gətirilən, lakin şagirdlərin gündəlik həyatına birbaşa təsir edən bir sıra problemlər mövcuddur:

"Son zamanlarda ən çox nəzərəçarpan nüanslardan biri məktəb psixoloqlarının fəaliyyətidir. Şagirdlər arasında cinayət həddinə qədər çatan mübahisələrin, bullinqin, psixoloji və fiziki şiddətin yayğınlaşdığı dövrdə məktəb psixoloqlarının fəaliyyətinin keyfiyyəti, onların real iş yükü, şagirdlərlə fərdi iş imkanları və fəaliyyətinin effektivliyi ayrıca araşdırılmalıdır. Digər mühüm məsələ məktəblərdə tibb məntəqələrinin vəziyyəti, burada çalışan tibb işçilərinin təminatı və şagirdlərə göstərilən ilkin tibbi yardımın səviyyəsidir.
Son zamanlar məktəblərdə baş verən zəhərlənmələrin fonunda məktəb yeməkxanalarında qidaların keyfiyyəti, qida təhlükəsizliyinə nəzarət də diqqət tələb edən məsələlərdəndir. Uşaqların məktəbdə sağlam və əlçatan qidalanma imkanlarının olub-olmaması araşdırılmalıdır. Məktəb kitabxanalarının vəziyyəti də təhsil sistemində mediada nisbətən az gündəmə gətirilən məsələlərdəndir. Bir çox məktəbdə kitabxana və müəyyən kitab fondu mövcud olsa da, əsas sual onların şagirdlər tərəfindən nə dərəcədə istifadə edilməsidir.
Kitabxanaların yalnız kitabların saxlanıldığı məkan deyil, şagirdlərin mütaliəyə marağının formalaşdırıldığı aktiv təhsil mühiti olması vacibdir. Kitab fondunun müasir ədəbiyyat, elmi-populyar nəşrlər və uşaqların yaş qruplarına uyğun kitablarla yenilənməsi ayrıca diqqət tələb edir. Digər tərəfdən, kitabxanaların iş saatlarının şagirdlərin dərsdənkənar vaxtına uyğun olub-olmaması da araşdırılmalıdır. Kitabxanaçıların yalnız kitab verib-qaytaran əməkdaş kimi deyil, şagirdlərin mütaliə və informasiya savadlılığının inkişafına töhfə verən mütəxəssis kimi fəaliyyət göstərməsi önəmlidir.
Elektron resursların və rəqəmsal kitabxanaların məktəb kitabxanalarına inteqrasiyası da müasir dövrdə mühüm məsələlərdən biridir.Bununla yanaşı, məktəblərdə informatika və texnologiya kabinetlərinin texniki vəziyyəti, mövcud kompüter və digər avadanlıqların işləkliyi də mühüm problemdir. Bir çox hallarda texnologiya ilə bağlı imkanların kağız üzərində mövcudluğu ilə onların real istifadəsi arasında fərq yarana bilər. Məktəblərin yalnız akademik bilik verən deyil, həm də uşaqların psixoloji, fiziki və sosial inkişafını təmin edən mühitə çevrilməsi vacibdir.
Bu sahələrdə mövcud problemlərin sistemli şəkildə araşdırılması həm resursların daha düzgün bölüşdürülməsinə, həm də şagirdlərin təhsil şəraitinin yaxşılaşdırılmasına kömək edə bilər. Mövcud problemlər gələcəkdə mövcud olacaq daha böyük problemlərə zəmin yaratmamalıdır. Problem vaxtında təhlil edilməli, daha da böyüməsinin qarşısı alınmalıdır. Əsas məsələ isə bu istiqamətlərin yalnız ayrı-ayrı hallarda deyil, davamlı şəkildə monitorinq olunması və nəticələrin ictimaiyyətə açıqlanmasıdır".
Sfera.az-ın əməkdaşı Firuzə Əliyevanın sözlərinə görə, mediada təhsillə bağlı daha çox müzakirə olunmalı, amma bir qədər kölgədə qalan məsələlərdən biri məktəblərdə psixoloq xidmətidir:

"Formal olaraq bir çox təhsil müəssisəsində psixoloq ştatı var, amma əsas sual həmin xidmətin real olaraq nə dərəcədə işləməsidir. Məktəbdə psixoloqun adının və kabinetinin olması hələ şagirdin psixoloji dəstək aldığı anlamına gəlmir. Psixoloqların iş yükü, bir məktəbə düşən şagird sayı, peşəkar hazırlığı, fəaliyyətinin qiymətləndirilməsi və ən əsası, şagirdin ehtiyac duyduğu anda ona əlçatan olması ayrıca araşdırılmalıdır. Bu sahədə formal göstəricidən real nəticəyə keçmək lazımdır.
Digər vacib məsələ şagird və tələbələrin sosial fəaliyyətinin təşkilidir. Təhsil müəssisəsi yalnız dərs keçilən məkan olmamalıdır. Məktəbdə və universitetdə şagird və tələbənin idmanla məşğul olması, müxtəlif yaradıcılıq və intellektual fəaliyyətlərə qoşulması, asudə vaxtını səmərəli keçirməsi üçün real imkanlar yaradılmalıdır. Xüsusilə məktəblərdə idman zalları, meydançalar, dərnəklər, kitabxanalar və digər sosial fəaliyyət imkanlarının vəziyyətinə daha çox diqqət yetirilməlidir. Şagirdin gününün böyük hissəsini keçirdiyi müəssisədə onun dərsdənkənar fəaliyyəti üçün şərait yoxdursa, təhsilin sosial funksiyasından tam danışmaq çətindir.
Məni düşündürən digər məsələlərdən biri də hələ də təhsil sistemində qayıb anlayışının bu qədər geniş yer tutmasıdır. Şagirdin dərsdə iştirak edib-etməməsinin sadəcə “qayıb” kimi qeydə alınması XXI əsrin təhsil yanaşmaları fonunda kifayət qədər köhnə mexanizm təsiri bağışlayır. Əsas sual şagirdin niyə dərsdə olmadığı, təhsildən uzaqlaşmasına hansı amillərin səbəb olduğu və bunun qarşısını necə almağın mümkünlüyüdür. Yəni məqsəd yalnız qayıbı qeyd etmək yox, şagirdin davamiyyət probleminin səbəbini müəyyənləşdirmək olmalıdır.
Dərs vəsaitləri məsələsini də ayrıca qeyd edərdim. Burada söhbət təkcə dərslikdən getmir. Məktəblərdə müxtəlif fənlər üzrə əlavə dərs vəsaitlərinə, müasir metodik materiallara, praktik vəsaitlərə çıxışın vəziyyəti də araşdırılmalıdır. Müəllimdən müasir və interaktiv tədris tələb edilirsə, bunun üçün onun əlində müvafiq resursların olub-olmaması da eyni dərəcədə vacibdir. Məncə, bu kimi mövzular mediada epizodik deyil, davamlı şəkildə araşdırılmalı və aidiyyəti qurumların qarşısında konkret suallar qoyulmalıdır. Çünki təhsilin keyfiyyəti yalnız imtahan nəticələri və statistik göstəricilərlə ölçülmür, məktəbin şagird üçün necə bir mühit yaratdığı da ən azı həmin göstəricilər qədər önəmlidir".
Modern.az-ın müxbiri Arifə Kərimzadə qeyd edib ki, məktəblərdə istilik təchizatının zəifliyi və bəzi müəllimlərin şagirdlərə qarşı aqressiv davranışı mediada yetərincə işıqlandırılmır:

"Soyuq sinif otaqları uşaqların sağlamlığına və dərsə diqqətinə, kobud rəftar isə psixoloji vəziyyətinə və öyrənmək həvəsinə təsir edir. Həll üçün məktəblərin istilik sistemlərinə müntəzəm nəzarət, müəllimlərə psixoloji dəstək və şagirdlərin çəkinmədən müraciət edə biləcəyi işlək şikayət mexanizmi lazımdır".
Cəhbə.info.az-ın əməkdaşı Nigar Abdullayeva bildirib ki, son illər təhsil sahəsində müxtəlif məsələlərə toxunulur, mövcud problemlərin həllinə çalışılsa da elə mövzular var ki, onlar sanki kölgədə qalır:

"Onlardan biri də məktəb kitabxanaları ilə bağlıdır. Sovet dövründə kitabxanalar məktəblərin ən aktiv hissələrindən biri idi. Şagirdlər oradan çox fəal şəkildə istifadə edir, asudə vaxtlarında həmin kitabxanadan faydalanırdılar. İndi isə məktəb kitabxanaları sadəcə dərslikləri paylayıb-toplamaq funksiyasını yerinə yetirir.
Şagirdlər də kitabxana funksiyasının ancaq bu olduğunu düşünürlər. Mən bu gün məktəb kitabxanalarının təhsilin, o cümlədən məktəbin “ögey övladına” çevrilməsinin səbəbini “kölgə təhsili” ilə əlaqələndirirəm. Çünki son illər şagirdlər təhsilin yalnız repetitor yanına getmək və imtahanlara hazırlaşmaqdan ibarət olduğunu düşünürlər.
Ali məktəblərə qəbulun hər il daha da çətinləşməsi şagirdləri, demək olar ki, məktəbdən “qaçaq” salıb. Bu gün bir faktdır ki, şagirdlər məktəbə sadəcə orada olduqlarını təsdiq etmək üçün gəlir və dərsin bitməsini gözləyirlər ki, repetitor yanına yetişə bilsinlər.
Dərsi dinləməyə vaxt tapmayan şagird kitabxanadan yararlanmağa necə vaxt tapa bilər? Bu isə başqa bir mövzudur ki, bu gün elə kənd məktəblərimiz var ki, nəinki kitabxanası yoxdur, hətta məktəb binası hər an uçma təhlükəsi ilə üz-üzədir və istismara yararsızdır. Əgər son vaxtlar şagirdlərin “oxu vərdişləri”nin olmamasından şikayətlənirlərsə, bunun səbəblərindən biri də şagirdlərin vaxtını yalnız imtahana sərf etməsidir".
Redaktor.az-ın əməkdaşı Aytəkin Əliyevanın sözlərinə görə, təhsil sahəsində az müzakirə olunan və həllini tapmayan mövzulardan biri məktəb psixoloqlarının fəaliyyətidir:

"Amma elə ən problemli sahələrdən biri də budur. Məktəb uşaqlar üçün yalnız təhsil aldıqları yer deyil, həm də fərd olaraq formalaşdıqları məkandır. Elə bu aspektdən məsələyə baxsaq, uşaqların psixoloji vəziyyətləri ilə də vaxtında məşğul olmaq önəmlidir. Lakin məktəblərin bir çoxunda fəaliyyət göstərən psixoloqların sayı barmaqla sayılacaq qədərdir.
Eyni zamanda, bu psixoloqların fəaliyyətinə nəzarətin olub-olmaması da sual altındadır. Bu sahədə geniş işlərin görülməsi önəmlidir. Psixoloqların şagirdlərlə fərdi çalışması və problemlərin daha əvvəl müəyyənləşdirilməsi üçün də imkanlar yaradılmalıdır".
Globalinfo.az-ın əməkdaşı Safura Bənnayeva bildirib ki, ən ciddi məsələlərdən biri kənd məktəbləri ilə bağlıdır:

"Kənd məktəblərinin ən çox diqqətdən kənarda qalan problemlərindən biri də budur ki, məsələ təkcə müəllim çatışmazlığından ibarət deyil. Birləşdirilmiş siniflər, uşaqların məktəbə gedib-gəlməsi, internetin, laboratoriyanın, kitabxananın imkanları, məktəbdənkənar fəaliyyətlərin azlığı kimi problemlər də var.
Məncə, bunun həlli üçün hər kənd məktəbinin konkret ehtiyacını ayrıca müəyyənləşdirmək və ona uyğun dəstək vermək lazımdır. Eyni zamanda, kəndlərdə işləyən müəllimlərin uzunmüddətli qalmasını təmin etmək üçün onlar üçün daha yaxşı şərait və motivasiya mexanizmləri yaradılmalıdır".
Milli.az-ın əməkdaşı Mina Mikayılova söyləyib ki, az danışılan məsələlərdən biri məktəblərdə şagirdlərin dərsdənkənar inkişaf imkanlarıdır:

"Çünki bu gün təhsildə daha çox uşağın imtahan nəticəsi, aldığı qiymətlər və hansı universitetə qəbul olduğu ön plana çıxır. Amma uşağı yalnız bunlarla qiymətləndirmək düzgün deyil. Bəzən dərsləri o qədər də yaxşı olmayan, yüksək qiymətlər almayan bir uşağın tamam başqa sahədə çox böyük istedadı ola bilər. Məsələn, yaxşı yazır, gözəl danışır, musiqiyə, teatra, texnologiyaya və ya başqa bir sahəyə böyük maraq göstərir.
Məktəbin əsas vəzifələrindən biri də bu bacarıqları görmək və uşağın özünü həmin istiqamətdə sınamasına şərait yaratmaqdır. Məktəb yalnız yaxşı qiymət alan uşaqların deyil, hər bir uşağın özünü kəşf edə bildiyi yer olmalıdır. Ona görə düşünürəm ki, məktəblərdə dərsdənkənar fəaliyyətlərə daha ciddi yanaşılmalıdır. Uşaqların maraqlarını üzə çıxarmaq üçün müxtəlif dərnəklər, yaradıcılıq və idman imkanları olmalıdır. Uşağın məktəbdə keçirdiyi illər yalnız imtahana hazırlaşmaqdan ibarət olmamalıdır".
Trend.az-ın əməkdaşı Humay Ağacanova qeyd edib ki, təhsilin “ögey övladı” sayıla biləcək mövzularla əslində gündəlik həyatımızda çox rastlaşırıq:

"Amma statistikada və xəbərlərdə yetəri qədər göstərilmir. Bunlardan mənə görə vacib sayıla biləcək bir problem, məktəbdən yayınan uşaqlardır. Bunun səbəbi çox ola bilər. Valideynin təşəbbüsü, uşağın öz istəyi, maddi, nəqliyyat problemi, məktəbdə bullinq və s. Amma istənilən halda səbəblər araşdırılıb, problem həll edilməlidir.
Şagirdlərin davamiyyətinə nəzarət edən sistem olmalıdır. Jurnalda dərsdə iştirak edir və ya etmir qeydini aparmaqla, davamiyyəti aşağıdırsa valideynlə əlaqə saxlayıb, səbəbi öyrənib, davamiyyətini bərpa etsin deməklə iş bitmir. Əgər tez-tez dərs buraxırsa, davamiyyətində kəskin azalma varsa, məktəb rəhbərliyi valideynlə əlaqə saxlamalı səbəbini öyrənməkdən əlavə, hətta deyərdim ki, göstərilən səbəb yerində müşahidə etməlidir. Təəssüf ki, bu məsələyə çox səthi yanaşılır. Bu iş yalnız Elm və Təhsil Nazirliyinin məsuliyyətində olmamalıdır. Məktəb, ailə, sosial xidmətlər agentliyi, icra strukturları birgə iş aparmalıdır".