Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “Ignite” İnkubasiya proqramı çərçivəsində “Emosional intellekt və komanda dinamikası” mövzusunda təlim keçirilib.
AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara emosional intellektin komanda daxilində effektiv ünsiyyət və əməkdaşlığın formalaşmasında rolu barədə məlumat verilib. Sessiya çərçivəsində empatiya, emosiyaların idarə olunması, stresin idarə edilməsi və komanda əməkdaşlığının gücləndirilməsi kimi mövzular müzakirə olunub.
Təlimi ADNSU-nun Startap və TTO şöbəsinin baş mütəxəssisi və Biznes analitikası kafedrasının müəllimi Aysel Sadıqova aparıb.
İnteraktiv formatda təşkil olunan sessiya zamanı iştirakçılar müxtəlif praktiki nümunələr və müzakirələr vasitəsilə komanda daxilində fərqli yanaşmaların anlaşılması, emosional reaksiyaların düzgün idarə edilməsi və sağlam iş mühitinin formalaşdırılması ilə bağlı yanaşmalarla tanış olublar.
Təlimin əsas məqsədi iştirakçıların emosional intellekt və komanda işi üzrə bacarıqlarını inkişaf etdirmək, empatiya və stress idarəetməsi vasitəsilə komanda əməkdaşlığını daha da gücləndirmək olub.