Qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlərin bir çoxu bu balı daha fərqli ixtisaslara yönəltməyi düşünür. Lakin 658.9 bal toplayan Nuray Muradlı üçün seçim çoxdan bəlli idi. O, uşaqlıqdan arzuladığı müəllimlik peşəsinə üstünlük verdi.
Nuray Muradlı Xəzər Universitetinin Xarici dil müəllimliyi ixtisasına qəbul olub. Yüksək nəticəsinə baxmayaraq, ətrafından hüquq ixtisasını seçməsi ilə bağlı tövsiyələr alsa da, o, öz istəyindən geri çəkilməyib.
“Bu balla niyə məhz müəllimlik?” sualına cavabı isə sadədir: onun üçün müəllimlik bütün peşələrin ən alisidir.
658.9 balla müəllimlik ixtisasını seçən Nuray Muradlı təhsil yolu, müəllimlik arzusu, hazırlıq prosesi və yüksək nəticə toplamaq istəyən abituriyentlərə tövsiyələri barədə AzEdu.az-a danışıb.
“Bakı şəhəri Suraxanı rayonu 79 nömrəli tam orta məktəbdə təhsil almışam. 9-11-ci sinifləri fərqlənmə attestatı ilə bitirmişəm.
Müəllimlik peşəsinə uşaqlıqdan həvəsim var. Abituriyentlik dövrümdə isə gənc müəllimimə baxaraq bu sənətə daha da həvəsləndim. Yüksək bal toplamağıma baxmayaraq, ailəm başqa seçim etməyim üçün mənə heç bir təzyiq göstərmədi, əksinə, peşə seçimimə hörmətlə yanaşdı. Ailəmdə və ya yaxın ətrafımda müəllimlik peşəsinə yiyələnmiş hər hansı qohumum da yoxdur.
Yüksək nəticə əldə etdikdən sonra ətrafımdakı insanlar, valideynlərim xaric, israrla hüquq ixtisasını yazmağımı istəyirdilər. Mən isə düşündüm ki, bütün peşələrin ən alisi müəllimlikdir. Yüksək bal toplamağım uşaqlıq xəyalımdan vaz keçməyimə səbəb ola bilməzdi. Hər peşənin öz çətinliyi var, amma inanıram ki, zamanla qarşılaşacağım hər bir çətinliyin öhdəsindən bu peşəyə olan sevgimlə gələ biləcəyəm.
Təhsilimi magistratura pilləsində davam etdirməyi də düşünürəm. Lakin bu haqda hələ ki dəqiq qərarım yoxdur, bəlkə zamanla daha konkret düşünərəm".
Yaxşı müəllim yalnız dərsi izah edən insan deyil:
"O, tələbəsini, şagirdini başa düşən, onu dinləyən və inkişaf etməsinə kömək edən insandır. Mən gələcəkdə tələbələrimin məni yalnız dərs keçən müəllim kimi yox, onlara motivasiya verən və güvənə biləcəkləri biri kimi görmələrini istəyərdim.
Ailəmizdə qardaşımın abituriyentlik dönəmi pandemiya dövrünə təsadüf etməyinə baxmayaraq, yüksək nəticə 676 bal toplaması mənə çox böyük motivasiya verdi. Onun məsləhətlərindən yararlanaraq qrafikli cədvəllə hazırlaşdım. Qardaşımın bu qətiyyəti məni daha da həvəsləndirdi və mənim də hədəfim 650+ bal toplamaq oldu; nəticədə nail oldum. Hazırlıq müddətində gün ərzində 8-9 saat oxumaq kifayət edirdi. Bütün sosial şəbəkələrdən aktiv şəkildə istifadə etmişəm, sosial həyatıma da hər zaman vaxt ayırmışam".
Yüksək nəticə toplamaq istəyən abituriyentlərə ən böyük tövsiyəm planlı və davamlı çalışmalarıdı:
"Məncə, əsas məsələ saatlarla oxumaq yox, oxuduğun mövzunu həqiqətən mənimsəmək və etdiyin səhvlərdən nəticə çıxarmaqdır. Ən əsası isə özlərinə inansınlar və məqsədlərindən vaz keçməsinlər.
Mənim üçün 659 bal sadəcə bir rəqəm deyil, uzun müddət göstərdiyim zəhmətin nəticəsidir. Nəticəniz nə qədər yüksək olsa da, öz istəklərinizdən və hədəflərinizdən vaz keçməməyiniz çox vacibdir. Mən də yüksək nəticə toplamağıma baxmayaraq, ətrafımdan gələn məsləhətlərə rəğmən öz seçimimdən dönmədim və müəllimlik ixtisasını seçdim. Çünki mənim üçün əsl uğur sevdiyim peşəyə doğru addımlamaq və gələcəyimi öz istəklərim əsasında qurmaqdır".