Azedu.az

Türkiyə bələdiyyəsindən azərbaycanlı tələbələr üçün TƏKLİF: “Ortaq fond yaradılsın”

AzEdu Təhsil Platforması

7 Oktyabr 2026, 14:10
Türkiyə bələdiyyəsindən azərbaycanlı tələbələr üçün TƏKLİF: “Ortaq fond yaradılsın”

Türkiyə Respublikasının Mersin vilayətinin Gülnar rayonunun bələdiyyə sədri Fatih Önge Azərbaycan və Türkiyə bələdiyyələri arasında təhsil və gənclər sahəsində əməkdaşlıq imkanlarından danışıb.

Fatih Önge AzEdu.az-a açıqlamasında bildirib ki, kiçik və gəlirləri məhdud olan bələdiyyə olmasına baxmayaraq, Gülnar Bələdiyyəsi ötən il 75 universitet tələbəsinə aylıq 2 250 lirə təqaüd verib.

Onun sözlərinə görə, bu proqramdan yalnız Gülnarda yaşayan və ya valideynləri burada yaşayan tələbələr yararlanıb:

“Bunu daha geniş şəkildə də həyata keçirmək mümkündür. Məsələn, Türk Dünyası Bələdiyyələr Birliyi vasitəsilə ortaq fond yaradıla bilər. Həmin fond hesabına Türkiyədə təhsil alan, xüsusilə Azərbaycan başda olmaqla, Türk dünyasından olan tələbələrə təqaüd verilə bilər.

Ötən il başqa bir layihə də həyata keçirdik. Türkiyədə təhsil alan Türk dünyasından 10 tələbəni Gülnarda, sahildə yerləşən 5 ulduzlu Ulu Resort Otelində bir həftə qonaq etdik. Onların 6-sı Azərbaycan, 4-ü isə Qazaxıstan vətəndaşı idi. Tələbələri universitetdəki təhsil göstəricilərinə əsasən seçdik. Onları Mersində gəzdirdik, Gülnarı tanıtdıq və birlikdə vaxt keçirdik. Qazaxıstanlı tələbələrdən biri özü ilə dombra gətirmişdi, dombra çaldı və mahnı oxudu.

Bu il bir qədər gecikdik və layihəni təşkil edə bilmədik, amma bundan sonra hər il davam etdirmək istəyirik. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün Milliyyətçi Hərəkat Partiyası və Gülnar Bələdiyyəsi olaraq bu cür ortaq layihələri davam etdirmək niyyətindəyik”,- deyə bələdiyyə sədri qeyd edib.

F.Önge gənclər üçün yaradılan imkanlardan da danışıb.

 O bildirib ki, Gülnarda universitetə hazırlaşan gənclər üçün etüd və çalışma mərkəzi yaradılır:

“Şəhərin mərkəzində köhnə bir kafemiz var idi. Həmin məkanı yenidən quraraq müasir kafeyə çevirdik. Aşağı mərtəbəni isə universitetə hazırlaşan gənclər üçün etüd və çalışma mərkəzinə çeviririk. Burada internet və fərdi çalışma bölmələri olacaq. Gənclər gecə saat 11:00-12:00-dək burada dərs oxuya biləcəklər. Yuxarı mərtəbədə isə kafe fəaliyyət göstərəcək.

Bu layihə də Gənclər Məclisinin təkliflərindən biri idi. Gülnar Bələdiyyəsi olaraq 15 gəncdən ibarət Gənclər Məclisi yaratmışıq. Onlar hər üç aydan bir toplaşaraq gənclərlə bağlı hansı işlərin görülməsinin vacib olduğunu müzakirə edirlər. Beləliklə, gəncləri şəhərin idarə edilməsində qərarvermə prosesinə cəlb edirik”.

Bələdiyyə sədri bildirib ki, gənclər məclisində səsləndirilən təkliflər real layihələrə çevrilir:

“Gənclər Məclisinin üzvlərinin əksəriyyəti 10, 11 və 12-ci sinif şagirdləridir. Onlar universitet imtahanlarına hazırlaşarkən rahat çalışa biləcəkləri məkana ehtiyaclarının olduğunu bildirdilər. Biz də bu təklifi nəzərə aldıq və kafemizin əvvəlcə anbar kimi istifadə etməyi planlaşdırdığımız aşağı mərtəbəsini onların istifadəsinə verməyə qərar verdik.

Bundan başqa, hər il Gülnarda Mədəniyyət və Yerli Məhsullar Festivalı keçirilir. Festivalda sənətçi dəvət edərkən də gənclərin fikrini öyrənirik. Onlardan hansı sənətçini görmək istədiklərini soruşur və proqramı müəyyənləşdirərkən onların seçimlərini nəzərə alırıq”.

F.Önge Azərbaycan və Türkiyə bələdiyyələri arasında qardaş şəhər layihəsinin həyata keçirilməsinin də mümkün olduğunu vurğulayıb:

“İstəyirəm ki, qardaş şəhər layihəsi vasitəsilə gənclər arasında qarşılıqlı səfərlər təşkil edək. Məsələn, Gülnardan 10 gənci - 5 qız, 5 oğlan olmaqla, orta məktəb şagirdlərini Azərbaycana gətirək. Əvvəlcə Bakını gəzdirək, İçərişəhəri, Şəhidlər xiyabanını, Türk Şəhidliyini ziyarət etsinlər, daha sonra qardaş şəhərimizi görsünlər.

Sonra Cəbrayıldan 10 gəncin Gülnara gəlməsini istəyirəm. Onları əvvəlcə Mersində gəzdirmək, daha sonra Gülnara gətirmək olar. Gənclər burada yörük mədəniyyətini görsünlər, yerli yeməklərimizi dadsınlar, üzüm bağlarımızı gəzsinlər, Gülnarın kənd həyatını yaxından tanısınlar.

Mənim əsas məqsədim bu cür layihələrlə mədəni yaxınlaşmanı və qarşılıqlı tanışlığı gücləndirməkdir. İstəyirəm ki, Cəbrayıldan olan bir gənc desin: “Bəli, mən Gülnarı tanıyıram, Mersini görmüşəm”. Yəni onun dünyagörüşü genişlənsin, yeni yerlər görsün və fərqli insanlarla tanış olsun”.

SON DƏQİQƏ! ABŞ-dən şok xəbərdarlıq - Dərhal Rusiyadan çıxın!
Son xəbərlərDaha çox