Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Qaliblərdən biri də İngiltərənin Birmingem Universitetinində magistratura təhsili alacaq Nigar Mütəllimovadır.
Nigar Mütəllimova AzEdu.az-a açıqlamasında qeyd edib ki, Dövlət Proqramı həqiqətən dünya reytinqlərində olan yüksək mövqələrdə yer tutan nüfuzlu universitetlərdə təhsil almaq üçün çox böyük bir şans yaradır:
"Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində İnformasiya texnologiyaları üzrə almışam.
Dövlət Proqramı əsasında qəbul aldığım digər xarici universitetlər bunlardır: Lids Universiteti, Manşestr Universiteti, Şeffild Universiteti (hamısı İngilərə) və Şotlandiyanın Edinburq Universiteti. Hər birində qəbul aıldığım ixtisaslar IT sahələri üzrə idi. Üstəlik, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, və Korvinus Universiteti, həmçinin İtaliyanın Milan Biçocca Universitetinə qəbul almışdım.
Azərbaycanda təhsil almağı seçsəydim, bu, böyük ehtimal ki, ADA Universitetində olardı.
Dövlət Proqramına müraciət prosesində isə ilk olaraq təhsil almaq istədiyim ixtisası müəyyənləşdirdim. Daha sonra Dövlət Proqramının siyahısında yer alan həmin ixtisas üzrə universitetləri araşdırdım, onların tədris proqramı, sillabusla tanış oldum. Sonda ən çox ürəyimə yatan, yəni sillabus olaraq daha düzgün olduğuna düşündüyüm Birmingem Universitetini seçdim.
Dövlət Proqramı həqiqətən dünya reytinqlərində yüksək mövqələrdə yer tutan nüfuzlu universitetlərdə təhsil almaq üçün çox böyük bir şans yaradır. Həqiqətən burada digər ölkələrdən olan tələbələr belə bu təqaüdlə gəldiyimizi görəndə təəccüblənirlər; onlara qəribə gəlir ki, sizlər üçün necə gözəl belə bir şans var... Bu imkan sadəcə maddi dəstək olaraq məhdudlaşmır, həqiqətən bu mühitdə qurulan akademik əlaqələr, ünsiyyət imkanları, fərqli insanlarla qurulacaq kommunikasiyalar gələcək karyera üçün də çox böyük dəstək olur".
Bura yeni gələndə özümə sual verirdim ki, "mən hardayam, bura niyə gəlmişəm?"
"İlk dərs günü həm həyəcanlı, həm də maraqlı keçdi. Dərs zamanı düşünürdüm ki, yaxşı ki, bu ixtisası seçmişəm. Hər zaman da ilk bunu deyirəm: oxuyacağınız ixtisasın sizin üçün maraqlı olması çox önəmlidir. Çünki sistem fərqlidir, ola bilər ki, siz nəyisə başa düşə bilməzsiniz, amma ixtisasınızı sevdiyiniz zaman sizdə o şeyi gedib araşdırma istəyi yaranır.
Məni ən çox təəccübləndirən bir auditoriyada normalda gördüyümüzdən çox daha çox tələbənin təhsil alması oldu; yəni bir dərsdə eyni anda 200-300 nəfərə yaxın tələbənin iştirak etdiyi vaxtlar da olur. Bu qədər insanın dərs oxuma həvəsi yəqin ki, ən təəccübləndirən şeylərdən biridir.
Tədris baxımından Azərbaycandakı universitetlərlə burdakı təcrübə arasındakı fərqə gəlsək, yəqin ki, ilk fərq təhsil sistemi olar. Tədris - ümumiyyətlə metodika, keçirilmə qaydası dərslərin, imtahanların, dərslərin formatı və tapşırıqlar, hər biri tam fərqlidir.
Çətinlik yalnız sistemə uyğunlaşmaqdır. Düşünürəm ki, bu proses o qədər də sürətli baş vermir, indiyə qədər öyrəşdiyimiz təhsil və akademik uyğunluqdan fərqli bir sistemləri var. Amma çox da çətin deyil, çünki burada bir çox xarici tələbə var. Həmçinin, ümumiyyətlə, müəllimlər bura uyğunlaşmağımız üçün çox dəstək göstərirlər və mehribandılar. Başa düşülməyən bir şeyi izah eləmək üçün həmişə tələbəyə açıqdılar.
Artıq bir həftədən çoxdur ki, İngiltərədə yaşayıram, düşünürəm ki, uyğunlaşma prosesi yavaş-yavaş öz qaydasına düşür. Yeni gələndə insanın bunu psixoloji olaraq həzm etməsi bir az çətin olur. Arada insan özünə sual verir ki, "mən hardayam, bura niyə gəlmişəm?". Amma zaman keçdikcə insan öyrəşir . Ətrafında da sənin kimi insanlar olduğunu görəndə, başa düşürsən ki, bunu hiss eləyən tək sən deyilsən və dərslər başladqca mühitə adaptasiya olmağa çalışdıqca hər şey yerinə oturur. Ünsiyyət baxımından insanlar çox mehriban və kömək eləməyə açıqdırlar. Ümumi xalqı nəzərə alsaq, indiyə qədər müşahidələrimə görə pozitivdirlər.
İngiltərədə fərqli gələn digər məsələ yol hərəkətinin istiqamətləridi. Burda avtomobil və avtobuslarda sürücülər sağ tərəfdə oturduğu üçün yol hərəkəti də, məsələn, yol axını sol tərəflə hərəkət eləyir, sürücü isə sağ tərəfdə olur. Xatırlayıram ki, gedərkən yol verməyə çalışanda belə onlar fərqli istiqamətə çəkilirlər. Hələlik ki fərqli gələn ən böyük şey bu ola bilər".
Azərbaycan haqqında danışanda ən çox yeməklərimizdən söz açırıq:
"Azərbaycan mətbəxindən ən çox darıxdığım şirniyyatlar ola bilər - şəkərbura, paxlava kimi şirniyyatlar və dolmadır. Hətta azərbaycanlı otaq yoldaşlarımızla qərar vermişik ki, ən yaxın zamandada dolma bişirək.
Amma İngiltərədə də hələki elə fərqli nəsə dadmamışam.
Müxtəlif ölkələrdən olan tələbələrlə tanışlıq hissəsinə gələndə, məncə, insanların həyata baxışı və həyatdan nə gözlədikləri fərqlidir. Yəni onların gözlənti və planlarının necə fərqləndiyini görürsən. Ən çox müşahidə etdiyim fərq odur ki, insanlar həyatı yaşamağa tələsmirlər. Məsələn, elə insan var ki, 30 yaşı var, magistr oxuyur və ya magistraturaya daxil olduqdan sonra arada fasilə verib dünyanı gəzmək istəyib, sonra təhsilinə davam edir. Yəni insanlar harasa tələsmirlər, həyatı həqiqətən olması gərəkən axarında və vaxtında yaşayırlar.
Azərbaycan haqqında danışanda ən çox yeməklərimizdən söz açırıq. Hətta fərqli millətdən olan bir otaq yoldaşımız var idi, ona dolma vermişdik. Hər dəfə bizi görəndə hələ də dolmanın nə qədər dadlı olduğunu deyir və yenə yemək istədiyini bildirir. Yəni Azərbaycan deyəndə ilk olaraq ağıllarına gələn hələ ki bu olur.
Xaricdə, xüsusilə Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyən gənclərə tövsiyə edirəm ki, təhsil almaq istədikləri ixtisası və universiteti ətraflı araşdırsınlar
Bu çox səsləndirilən bir tövsiyə olsa da, həqiqətən vacib məqamdır. Çünki xaricdə təhsil xəyalını bir kənara qoyub reallığa baxanda görürük ki, bura gəlib çatdıqda əsas məsuliyyətinizlə universitet və dərslərlə baş-başa qalırsınız. Dərsi öyrənmək, akademik tələbləri yerinə yetirmək üçün sizdə yüksək maraq və həvəs olmalıdır. Seçdiyiniz sahə sizə həqiqətən maraqlı gəlməlidir ki, bu istiqamətdə daha çox öyrənmək istəyəsiniz. Onda həm prosesdən zövq alırsınız, həm də gələcəkdə həmin sahədə özünüzü inkişaf etdirmək sizi daha çox məmnun edir. Ona görə də oxumaq istədiyiniz ixtisası, universiteti, sillabusu, müəllimləri və dərslərin nəyə kökləndiyini daha çox araşdırma üzərindədir, yoxsa spesifik bir sahəyəmi yönəlib bunlara detallı şəkildə baxmağı tövsiyə edərdim".