Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 16:41:00
Xaricdə karantində saxlanılan tələbələrimiz yardım istədi: “Əgər virusa yoluxsaq…”

 

 

 

 

“Hazırda karantində qaldığımız yataqxanada mənimlə birlikdə 30-dan artıq azərbaycanlı tələbə var. Virusa yoluxacağımız təqdirdə burada bizləri düzgün müalicə edəcək xəstəxanaların olmadığını düşünürük. Bu səbəbdən hökumət tərəfindən təyyarə ilə Azərbaycana evakuasiya olunmağımız gərəklidir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Qazaxıstanın Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin tələbəsi Elvin Kərimov deyib.

 

Elvin Kərimov koronavirusa görə yataqxanada karantində qaldıqlarını qeyd edib:

 

“Hazırda Qazaxıstanda koronavirusa yoluxanların sayı 35 nəfərdən çoxdur. Bizim yaşadığımız Türküstan oblastı ərazisində bu virusa yoluxma halları var.  Karantin elan edildiyinə görə biz azərbaycanlı tələbələr yataqxanada qalmışıq. Qazaxıstanın başqa ölkələrlə də sərhədləri bağlanılıb, aprelin 15-nə qədər fövqəladə hal elan edilib.

 

Bizə bir neçə gün əvvəl dedilər ki, ölkədən çıxa bilərsiniz. Ancaq təəssüf ki, həmin vaxt sərhədlər bağlı idi, reyslər də dayandırılmışdı”.

 

Azərbaycanlı tələbə evakuasiya ilə bağlı səfirliklə əlaqə saxladıqlarını, ancaq təyyarə ilə təmin olunma məsələlərinin yubandığını söyləyib:

 

 

“Maddi baxımdan da çətinlik çəkirik.  Belə ki, hər ay dövlət bizə təqaüd və yol pulu ayırır. Bu ay üçün təqaüdü alsaq da, yol pulu üçün ərizə yazmağımıza baxmayaraq, heç bir cavab gəlməyib. Buna görə də azərbaycanlı tələbələrin çoxu maddi problemlərə görə ölkəni əvvəlcədən tərk edə bilmədi.

 

Səfirliklə əlaqə saxlayırıq. Bizə deyirlər ki, bütün məlumatları Nazirlər Kabinetinin yanında operativ qərargaha təqdim etmişik. Artıq 3 gündür ki, gözləyirik. Hələ ki, nə razılıq, nə də qəbul olunmama ilə bağlı heç bir informasiya əldə etməmişik”.