https://www.zirve.edu.az/
17.03.2018 17:31
Türkiyəli məktəbli: Bakıdakı tarixi abidələr məndə dərin maraq doğurdu

“Azərbaycana gəlmək, qardaş ölkədə olmaq çoxdankı arzum idi. Çox məmnunam ki, artıq bu arzum gerçəkləşdi. Biz məktəblilər Azərbaycanla Türkiyənin mehriban qardaşlıq münasibətlərindən və birliyindən sonsuz qürur duyuruq”.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) orta məktəb şagirdlərinin ikinci mübadilə proqramı çərçivəsində ölkəmizə gəlmiş Ankara şəhərindəki Hacı Ömer Tarman Anadolu Liseyinin X sinif şagirdi Süleyman Özmən AZƏRTAC-a müsahibəsində deyib.

Bakıda çox mehriban qarşılandıqlarını, mübadilə proqramının məktəblilərə Azərbaycanın zəngin tarixi, təbiəti, təhsili, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq imkanı yaratdığını deyən S.Özmən paytaxtdakı məşhur Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələrin onda dərin maraq doğurduğunu vurğulayıb.

Türkiyəli məktəbli deyib: ”Mübadilə proqramı çərçivəsində Azərbaycanın digər görməli yerlərinə də səfərlər edəcəyik. Düşünürəm ki, burada gördüklərimiz heç vaxt yaddaşımızdan silinməyəcək”.

Xatırladaq ki, martın 17-dən 24-dək Azərbaycanın ev sahibliyi edəcəyi “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramına” Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan 38 şagird və 6 təlimçi qatılıb.