Azedu.az

Riyaziyyat uğurlarının əsas sirri - PİSA nələri dəyişdi?

Orta təhsil

11 Sentyabr 2026, 09:16
Riyaziyyat uğurlarının əsas sirri - PİSA nələri dəyişdi?

PISA 2025 - Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələri açıqlanıb. Nəticələr əsasən,  Azərbaycan riyaziyyat  üzrə 49-cu yerdə qərarlaşıb və bu istiqamət ölkənin ən yaxşı göstəricilərindən biri hesab olunur. Paytaxt Bakı isə riyaziyyat üzrə 465 bal toplayaraq 91 ölkə və region arasında 29-cu yerdə qərarlaşıb. Elm və təhsil naziri Emin Əmrullayev də riyaziyyat üzrə nəticələrin Azərbaycanın ən uğurlu göstəricilərindən biri olduğunu bildirib.

Maraqlıdır, son illərdə təhsil sistemində həyata keçirilən hansı dəyişikliklərin bu nəticələrə daha çox təsir edib? Azərbaycanın riyaziyyat üzrə ən çox irəliləyiş göstərən ölkələrdən biri olması hansı amillərlə bağlıdır? 

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib.  


189065
Artıq süni intellekt dövründə riyazi biliklərin tələb olunduğu ixtisaslar daha perspektivlidir:

“Ötən günlərdə Elm və Təhsil Nazirliyinin açıqladığı PISA nəticələrinə əsasən, Azərbaycan məktəbləri xeyli irəliləyiş göstərib. Burada, təbii ki, riyaziyyatla bağlı yoxlama prosesləri, eyni zamanda PISA-nın yüksək dəqiqliklə aparılan və əlavə müdaxilələrin mümkün olmadığı bir qiymətləndirmə prosesi olması nəzərə alınmalıdır. Bu göstəricilərin yüksəlməsi, təbii ki, sevindiricidir.

Bəs buna səbəb olan əsas amillər nədir? Düşünürəm ki, burada ilk növbədə riyaziyyatın əhəmiyyətini hər bir valideynin daha dərindən dərk etməsi mühüm rol oynayır. Artıq süni intellekt dövründə, eyni zamanda bəzi ixtisasların ləğv olunması və onlara marağın azalması fonunda riyazi biliklərin tələb olunduğu ixtisasların növbəti illərdə daha perspektivli olacağı da nəzərə çarpır.

Və buna görə də valideynlər birmənalı şəkildə övladlarını daha erkən yaşlardan riyaziyyata, riyazi biliklərin aşılanmasına və məntiqi təfəkkürlərinin inkişaf etdirilməsinə yönəldirlər. Bu, təkcə məktəb dəstəyi ilə bağlı deyil, eyni zamanda onların müxtəlif hazırlıq mərkəzlərində və kurslarda hazırlıq keçməsi ilə də əlaqəlidir.

Bununla yanaşı, təbii ki, riyaziyyatla bağlı müxtəlif proseslər həyata keçirilir. Bu proseslərdən biri, məsələn, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi kompüter əsaslı layihələrdir. Şagirdlər arasında bu istiqamətdə xüsusi layihələr həyata keçirilir və bu da öz müsbət təsirini göstərir”.

Riyaziyyat ixtisaslarına qəbul olanların keçid ballarında kifayət qədər artım var:

“Dövlət İmtahan Mərkəzinin statistikalarında da görünür ki, riyaziyyat ixtisaslarına qəbul olanların keçid balında kifayət qədər artım var. Mən Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsində tədris aparıram və bura qəbul olan uşaqların minimal keçid balı 621 bal olub. Və deməli, bu qrupda oxuyanların hamısı 650 və daha yüksək göstərici göstərən tələbələrdir.

Bunlar da gələcəkdə riyaziyyat müəllimi kimi öz fəaliyyətlərini davam etdirəndə artıq dərs keçdikləri uşaqlar, şagirdlər də kifayət qədər yüksək dərəcədə riyaziyyatı öyrənirlər.

Şübhəsiz, bütün bu halları nəzərə alsaq, əlavə olaraq riyazi istiqamətdə çalışan alimlərin elmi məqalələrinə və həmin məqalələrə edilən istinadların sayında da kifayət qədər artım olduğunu düşünürəm.

Ümumilikdə götürdükdə isə Azərbaycan riyaziyyat məktəbi yenə də yaxşı şəkildə fəaliyyət göstərir. Burada həm Riyaziyyat İnstitutunu, həm də Bakı Dövlət Universitetinin riyaziyyat məktəbini qeyd etmək olar. Bütün bu amillər riyazi biliklərin artırılmasına öz müsbət təsirini göstərib”.

Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir
Son xəbərlərDaha çox