Azedu.az

Bakı qabaqda, bölgələr geridə, təhsil rəqəmlərinin arxasındakı SİRR

Orta təhsil

9 Sentyabr 2026, 09:33
Bakı qabaqda, bölgələr geridə, təhsil rəqəmlərinin arxasındakı SİRR

Hər dəfə Azərbaycanda məktəblərin nəticələri açıqlananda, buraxılış və qəbul imtahanlarının göstəricilərinə baxılanda ortaya bir sual çıxır:

Niyə Bakı məktəbləri daha irəlidədir?

Bu sualın hər zaman məntiqlə verilən cavabları da var. Qeyd edirlər ki, Bakıda valideynlərin təhsil səviyyəsi daha yüksəkdir, ailələrin təhsilə münasibəti fərqlidir. Paytaxtda hazırlıq imkanları daha genişdir. Əlavə tədris resursları çoxdur. Məktəblərin imkanları daha yaxşıdır, müəllim seçimi daha genişdir və s..

Demək olar ki, bu cavabların hamısında həqiqət payı var. Amma onu da özümüzdən soruşaq ki, Azərbaycanın ən yüksək nəticə göstərən müəllimləri harada toplanır? Ardından daha bir sual ortaya çıxır, əgər güclü müəllimlər daha çox güclü məktəblərə, aşağı nəticə göstərən müəllimlər isə daha çox zəif imkanlı ərazilərə gedirsə, onda biz təhsildə fərqi azaltmaq istəyirik, yoxsa onu sistemləşdiririk? Hər bir halda bu mənzərə təhsil ədaləti məsələsidir.

Uşağın doğulduğu yer onun müəllimini müəyyən etməlidirmi?

Təsəvvür edək ki, iki uşaq eyni gündə dünyaya gəlir, birinin doğulduğu yer Bakı, digərininki isə ucqar kənddir. Onların ağlı, istəyi eyni olar bilər. Hər ikisi gələcəkdə alim, həkim, mühəndis, müəllim, yazıçı və ya başqa bir sahədə olmaq istəyir. Amma indiki gerçıklik odur ki, məktəb yaşına çatanda onların qarşısına eyni imkanlar çıxmır. Biri daha çox müəllim seçimi olan şəhərdə oxuyacaq. Digəri isə müəllim çatışmazlığı və ya zəif müəllimlə əhatələnmiş məhdud bir məktəbdə təhsil alacaq. Yəqin hər kəs razılaşar ki, doğulduğu yer uşağın aldığı təhsilin keyfiyyətini müəyyən etməməlidir.

Ötən gün PİSA 2025, Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb və mənzərə birmənalıdır. Bakı şagirdləri ölkənin qalan hissəsindən xeyli irəlidədir. Riyazi savadlılıqda Bakı 460 balla dünyada 2-ci yerdə qərarlaşıb, təbiət elmlərində 47-ci pillədə (92 ölkə və region arasında) yer alıb. Eyni zamanda, elm və təhsil naziri Emin Əmrullayevin özünün etiraf etdiyi kimi, bəzi bölgələrdə şagirdlərin 80-88 faizi oxu savadlılığı üzrə minimal göstəriciyə belə çata bilmir. Bu fərq izlənilə bilən səbəblərin nəticəsidir. Bu yazıda həmin səbəbləri, xüsusilə ölkədə müəllim yerləşdirmə sisteminin roluna diqqət yetirərək, məntiqi ardıcıllıqla təhlil edəcəyik.


Təhsildə Bakı-region uçurumu

Faktlar aydındır. Nazirin təqdim etdiyi məlumata görə, ölkə üzrə 2-ci səviyyədən aşağı göstəriciyə malik şagirdlərin payı 51,6% təşkil edir, bu da onu göstərir ki, hər iki şagirddən biri əsas bacarıqları mənimsəyə bilmir. Bakı üzrə isə bu göstərici 37%-ə düşüb, hələ də yüksəkdir, amma ölkə ortalamasından xeyli aşağıdır.

Regionlar arasındakı fərq daha kəskindir. Bəzi bölgələrdə oxu savadlılığı üzrə aşağı nəticə göstərən şagirdlərin payı 80-88 faizə çatır, halbuki Bakıda yüksək nəticə göstərən şagirdlərin payı 1,2 faizə yüksəlib (ölkə üzrə isə cəmi 0,2 faiz). Bu, sadəcə "Bakı bir az yaxşıdır" deyil, struktur baxımdan iki fərqli təhsil reallığının mövcudluğunu göstərir.

Analar, ibtidai təhsil və sertifikasiya

Nazir Əmrullayev bu fərqin səbəbini izah edərkən maraqlı bir zəncirvari məntiq təqdim edib. Onun sözlərinə görə, regionlardakı aşağı nəticələrin əsas səbəbi ilk növbədə ibtidai təhsilin keyfiyyətidir, "bir çox bölgələrimizdə ibtidai təhsilin keyfiyyəti ənənəvi olaraq aşağı olub" deyən nazir, bunun üzərinə heç nə qurmağın mümkün olmadığını vurğulayıb.

Bununla yanaşı, nazir valideynlərin, xüsusilə anaların təhsil səviyyəsinin də nəticələrə təsir edə biləcəyini bildirib. Beynəlxalq pedaqoji araşdırmalar (məsələn, PIRLS çərçivəsində aparılan tədqiqatlar) da göstərir ki, evdə oxu vərdişi, valideynin təhsil səviyyəsi və "Öyrənməni Dəstəkləyən Ev Mühiti" uşağın oxuyub-anlama bacarığına birbaşa təsir edən amillərdəndir. Yəni nazirin bu tezisi elmi əsasdan tam məhrum deyil.

Lakin diqqətlə baxdıqda, nazirin izahının özü bir həlqə əskikdir, bəs regionlarda ibtidai təhsilin keyfiyyəti niyə aşağıdır? Bu sualın cavabı bizi məhz müəllim məsələsinə gətirib çıxarır. Çünki nazirin özü də etiraf edir ki, "sertifikasiyadan öyrəndiklərimiz göstərir ki, bir çox bölgələrimizdə ibtidai təhsilin vəziyyəti acınacaqlıdır" və "bu regionlarda müəllimlərlə mütləq iş aparmaq lazımdır".


Müəllim yerləşdirmə sistemi problemin bir hissəsidir

Burada məntiqi ardıcıllıq bizi əsas məqama gətirir. Azərbaycanda uzun illərdir davam edən müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya prosesi nəticəsində müəllim kontingenti xeyli yenilənib. Görünən tərəf özlüyündə müsbət addımdır. Lakin bu prosesin təşkili prinsipinə nəzər salmaq lazımdır. Yerləşdirmədə daha yüksək bal toplayan namizədlər, adətən, Bakı və iri şəhərlərə ünvanlanır, ucqar bölgələrə doğru getdikcə, tələb olunan keçid balı aşağı düşür.

Məntiqi olaraq belə bir nəticəyə gəlib çıxırıq, nisbətən aşağı bal toplayan müəllimlər, əsasən, ucqar bölgələrə yönləndirilir. Sual doğur, uzaq bir kənddə doğulan məktəbli uşağın nə günahı var ki, ona məhz aşağı bal toplayan müəllim təyin olunsun? Axı uşaq öz doğulduğu yeri seçməyib, amma sistemin təşkili elədir ki, onun təhsil keyfiyyəti, doğulduğu coğrafiyaya görə əvvəlcədən müəyyən bir dezavantajla başlayır. Əgər zəncirin başlanğıc həlqəsi (müəllim keyfiyyəti) bölgədən bölgəyə fərqlənirsə, son nəticə (şagird nailiyyəti) də qaçınılmaz olaraq fərqlənəcək.

Digər ölkələr bu problemi necə həll edir?

Bu sualın cavabını tapmaq üçün dünya təcrübəsinə baxmaq faydalıdır.  Çünki "istedadlı müəllimləri necə bölüşdürmək olar" sualı, əslində, qlobal təhsil siyasətinin əsas dilemmalarından biridir.

Finlandiya modeli... Dünyanın ən uğurlu təhsil sistemlərindən sayılan Finlandiyada fundamental prinsip fərqlidir, burada "ən yaxşı məktəb" və ya "ən yaxşı müəllim" siyahısı ümumiyyətlə mövcud deyil. Bütün müəllimlər yerləşdikləri yerdən asılı olmayaraq mütləq magistr dərəcəsinə malik olmalıdır, təhsil 5-6 il davam edir və müəllimlik statusu, harada işləməsindən asılı olmayaraq, cəmiyyətdə eyni səviyyədə hörmətlidir. Nəticədə, kiçik şəhərdəki məktəblə paytaxtdakı məktəb arasında keyfiyyət fərqi minimuma enir.

ABŞ modeli... ABŞ-da müəllim maaşları əsasən yerli vergilərdən formalaşdığı üçün, varlı rayonlarla kasıb rayonlar arasında təbii bir fərq yaranır. Əslində ABŞ modeli Azərbaycandakı Bakı-region fərqinə struktur baxımdan bənzərdir. Lakin ABŞ hökuməti bunu tam olaraq bizdəki kimi etmir. Title I proqramı kimi federal maliyyə mexanizmləri məhz aztəminatlı rayonlara əlavə maliyyə yardımı yönəldərək, müəllim keyfiyyətindəki fərqi kompensasiya etməyə çalışır.

Nəticə budur ki, uğurlu sistemlərin ortaq cəhəti istər Finlandiyanın "hamı üçün eyni yüksək standart" prinsipi, istərsə də ABŞ-ın "zəif rayona əlavə resurs" kompensasiya mexanizmi heç birində "ən yaxşı nəticəli müəllim avtomatik olaraq paytaxtda cəmləşməlidir" məntiqi yoxdur. Əksinə, adları çəkilən ölkələrdə təhsil sistemləri məhz bu təbii qütbləşmənin qarşısını almaq üçün qurulub.

Bunun ardından daha bir suala, "niyə MİQ və sertifikasiya nəticələri məhz coğrafi yerləşdirmə üçün meyar rolunu oynamalıdır?" cavab axtaraq.  Alternativ bir yanaşma nəzəri cəhətdən mümkündür: MİQ və sertifikasiya nəticələri yalnız maaş dərəcəsi və peşəkar inkişaf imkanlarını müəyyənləşdirsin. Yəni yüksək bal toplayan müəllim, harada işləməsindən asılı olmayaraq, daha yüksək maaş və status qazansın, amma bu, onun mütləq Bakıda yerləşdirilməsi demək olmasın. Bu modeldə yüksək nəticəli müəllimlər könüllü həvəsləndirmə (maddi stimul, mənzil dəstəyi, əlavə məzuniyyət kimi) vasitəsilə ucqar bölgələrə də cəlb oluna bilər. Cənubi Koreya və Yaponiyada tətbiq olunan rotasiya sistemlərinin əsas məntiqi də elə budur. Təcrübəli müəllimlər müəyyən dövrlərdən sonra fərqli (o cümlədən daha çətin) məktəblərə köçürülür ki, heç bir məktəb daimi olaraq "zəif müəllim hovuzu" statusunda qalmasın.

Bölgələrə ədalətsizlik...

Hesab etmək olar ki, mövcud model, nəticə etibarilə, struktur ədalətsizliyi doğurur. Məsələyə komple yanaşma edildikdə, əslində burada kiminsə pis niyyətinin olmadığı üzə çıxır. Çox güman ki, "daha yüksək bal, daha çox seçim hüququ" məntiqi ilə qurulub, bu da ilk baxışda ədalətli (meritokratik) görünür. Lakin nəticə etibarilə, bu "fərdi ədalət" prinsipi, "kollektiv ədalətsizliyə" yəni ucqarda doğulan uşağın sistemli dezavantajına gətirib çıxarır.

Fərqi başqa sözlə belə ifadə etsək, deyə bilərik ki, sistem müəllimin haqqını (öz balına uyğun yer seçmək hüququnu) qoruyur, amma şagirdin haqqını (harada doğulmasından asılı olmayaraq keyfiyyətli təhsil almaq hüququnu) arxa plana keçirir. PİSA nəticələri məhz bu ikinci haqqın nə dərəcədə pozulduğunu rəqəmlərlə göstərir.


Sual cavabsız qalmamalıdır

PİSA 2025 nəticələri Azərbaycan təhsili üçün həm sevindirici (ümumi irəliləyiş, riyaziyyatda dünya üzrə 2-ci ən böyük sıçrayış), həm də narahatedici (regional uçurum) mənzərə yaradıb. Nazirin özünün dediyi kimi, bu nəticələrin təsirini "10-15 il sonra" tam görəcəyik. Bu da o deməkdir ki, bu gün qəbul edilən qərarlar (o cümlədən müəllim yerləşdirmə prinsipləri) gələcək nəsillərin taleyini indidən müəyyənləşdirir.

Biz MİQ və sertifikasiya nəticələrini yalnız maddi həvəsləndirmə vasitəsinə çevirməyə, bölgələrə isə keyfiyyət təminatını fərqli mexanizmlərlə (məcburi rotasiya, əlavə stimul, resurs kompensasiyası) həll etməyə hazırıqmı? Beynəlxalq təcrübəyə əsaslansaq, bu mümkündür.

Təhsil paytaxtda başlayıb kənddə zəifləməməlidir. Gələcə Bakı ilə yanaşı, bölgələrdəki uşaqlardadır. (mənbə Modern.az)

TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi
Son xəbərlərDaha çox