Azedu.az

Emin Əmrullayev müəllim və şagirdlərə təşəkkür edib

Təhsil Nazirliyi

8 Sentyabr 2026, 22:24
Emin Əmrullayev müəllim və şagirdlərə təşəkkür edib

Elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında PISA tədqiqatının nəticələri ilə bağlı paylaşım edib.

AzEdu.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün şagird qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq tədqiqat olan PISA 2025-in nəticələrini təqdim etdik. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) builki PISA hesabatını belə adlandırıb: "gələcəyə hazır şagirdlər". Bizim üçün də əsas sual budur: şagirdlərimiz gələcəyə nə dərəcədə hazırdırlar?

Nəticələr bu suala nikbin baxmağa əsas verir. Bakı üzrə əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə riyaziyyatda 63, təbiət elmlərində 60, oxu savadlılığında 40 bal artım qeydə alınıb. Bu, iştirakçı ölkələr arasında ən yüksək irəliləyişlərdən biridir. Baza səviyyəsinə çatmayan şagirdlərin sayı təxminən iki dəfə azalıb. Oxu savadlılığındakı irəliləyişi isə xüsusilə qeyd etmək istəyirəm. Builki beynəlxalq hesabat oxu bacarığının dünya miqyasında ən çox diqqət tələb edən sahə olduğunu göstərir. Oxu bacarığı bütün fənlər üzrə öyrənmənin təməlidir.

PISA 2025-in bizim üçün xüsusi əhəmiyyəti həm də ondadır ki, tədqiqat bütün iqtisadi rayonlar üzrə olmaqla ölkəmizi tam əhatə etdi. Bununla artıq hər regiona dair dəqiq mənzərə formalaşıb. Beləliklə, PISA 2029-da bütün ölkə üzrə inkişaf dinamikasını izləmək mümkün olacaq.

PISA bizim üçün yalnız nəticə deyil, həm də təhsil sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm göstəricidir.

Bu nəticənin arxasında dayanan müəllimlərimizə, şagirdlərimizə və valideynlərə dərin minnətdarlığımı bildirirəm", - deyə paylaşımda qeyd edilib. 

TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi
Son xəbərlərDaha çox