"İbtidai sinifdə daha çox dil biliklərinin və oxu bacarıqlarının inkişafına fokuslanmaq lazımdır".
AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı oxu savadlılığı üzrə mövcud vəziyyətə və qarşıdakı hədəflərə toxunub.
"Oxu bacarıqlarının inkişafı yalnız Azərbaycan dili fənni çərçivəsində nəzərdən keçirilməməli, ümumi təhsil prosesində əsas istiqamətlərdən biri kimi diqqətdə saxlanılmalıdır. Bu istiqamətdə müəllimlərin işə qəbulu və sertifikasiya proqramlarının məzmununda da müvafiq dəyişikliklərə ehtiyac var.
İbtidai sinif müəllimlərinin də buna ehtiyacı var. Bu nə deməkdir? İbtidai sinifdə daha çox dil biliklərinin və oxu bacarıqlarının inkişafına fokuslanmaq lazımdır. Bu, bizim üçün ən yaxşı alətlərdən biri ola bilər.
PISA nəticələri ölkədə oxu bacarıqları üzrə ciddi problemin olduğunu göstərir. Bizim bu mövzuda əsaslı şəkildə geri qaldığımız görünür. Amma irəliyə doğru getmək üçün resursumuz var. İnanıram ki, bunu da edə bilərik
Oxu savadlılığı üzrə nəticələrin yaxşılaşdırılması uzunmüddətli prosesdir və 2030-cu illərdə daha nəzərəçarpacaq nəticələrin əldə olunması mümkündür".
O bildirib ki, əsas məqsədlərdən biri 15 yaşlı şagirdlərin oxu üzrə minimal bacarıq səviyyəsinə çatmasını təmin etməkdir. Nazirin sözlərinə görə, hazırkı nəticələrdə şagirdlərin əhəmiyyətli hissəsi oxuduğu mətni lazımi səviyyədə anlamaqda çətinlik çəkir:
"İki nəfərdən biri deyil, təxminən üç nəfərdən ikisi oxuduğu mətni lazımi səviyyədə anlamır. Bu göstəricini dəyişmək mümkündür və bunun üçün ardıcıl şəkildə çalışmalıyıq".