“Sizə şikayət etməyin bir mənası yoxdur, bunu işləmək lazımdır”.
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib.
“Bunu da başa düşmək lazımdır: Mənə görə, bu gün biz az məlumat paylaşdıq, bir sıra mövzularla bağlı kifayət qədər məlumatımız var: məsələn, valideynlərlə necə işləyə bilərik və s. Burada çox sadə məsələlərdən söhbət gedir. Mən məktəb direktorlarını anlayıram. 2500 şagirdi olan bir məktəbin direktoru olmaq, təxminən 2000 uşağın, yəni 2000 ailənin gəldiyi bir məktəbin rəhbəri olmaq heç də asan iş deyil. Bu, birmənalı olaraq çətin işdir. Amma yenə deyirəm, siz bu işi görməyə qərar vermisiniz.
Mən inanmıram ki, biz kimisə məktəb direktoru işləməyə məcbur etmişik. O işi qəbul edəndə bu, həmin insanlarla işləməyi də qəbul etmək deməkdir.
Sizə şikayət etməyin bir mənası yoxdur. Bunu işləmək lazımdır. Kömək istəyə bilərsiniz, dəstək istəyə bilərsiniz, birlikdə işləyə bilərik.
Amma istəyərdim ki, burada əyləşən rəhbər şəxslər bu məsələyə çox ciddi yanaşsınlar.
İkinci məsələ kommunikasiya məsələsidir.
Ən sadə şey həmişə problemi özündən yuxarıda görməkdir. Yəni demək ki, “Mən sizi başa düşürəm, amma mənim problemim mənim deyil. Problem məndən yuxarıdadır”. Bu, qısa müddətdə həll yolu kimi görünə bilər.
Ola bilər ki, bu yanaşma icma ilə sizin aranızda müəyyən mənada “üzünüzü qorumağa” kömək edir.
Amma bu, o demək deyil ki, siz problemi həll edirsiniz. Siz sadəcə problemi şərti olaraq başqa səviyyəyə ötürürsünüz. Biz bunu görürük. Elə hesab etməyin ki, görmürük.
Nazirlik olaraq görürük ki, siz yerli səviyyədə problemi həll edəndə bunu bizdən daha yaxşı və daha tez edirsiniz. Nəinki problemin bizim səviyyəyə gəlib çatmasını gözləmək.
Üçüncü vacib məqam isə artıq bizim ümumi təhsil sistemimizdə olan məsələdir. Burada da ardıcıllıq dediyim məsələlərdən biri budur ki, biz bir yol götürmüşük. Bu yol bizdən, tam səmimi desəm, təxminən 10 ilə qədər vaxt tələb edir. Çünki bu, tez baş verməyəcək”.