"Bəzi bölgələrdə oxu savadlılığı üzrə ciddi problemlər var".
AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı bölgələr üzrə oxu savadlılığında müşahidə olunan fərqlərdən danışıb.
Nazir bildirib ki, ayrı-ayrı bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri ölkə üzrə ümumi göstəriciyə ciddi təsir edir.
Onun sözlərinə görə, bəzi bölgələrdə şagirdlərin təxminən 80-88 faizinin oxu savadlılığı üzrə minimal göstəriciyə çatmaması narahatlıq doğurur.
"Bəzi bölgələrdə 80 faiz civarında oxuyub-anlama üzrə nəticələr aşağıdır. 88 faizə yaxın göstəricilər də var. Yerdə qalan bölgələrin çəkisi isə daha azdır. Böyük hissəni Bakı, Abşeron-Xızı və digər bölgələr təşkil edir. Ona görə də bu nəticələr ümumi göstəriciyə təsir edir".
Nazir vurğulayıb ki, regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. O, bu vəziyyəti müəllimlərin sertifikatlaşdırılması imtahanlarında ayrı-ayrı regionlar üzrə müşahidə olunan nəticələrlə də əlaqələndirib.
"Bu regionlarda əsaslı şəkildə işləmək lazımdır. Sertifikatlaşdırma imtahanlarında da bu məsələ ilə bağlı müəyyən nəticələri görmüşük. Həmin bölgələrdə müəllimlərlə böyük mənada iş aparmaq lazımdır".
Emin Əmrullayev Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Nazirin sözlərinə görə, regionlar üzrə nəticələr təhsildə uzun illər ərzində formalaşmış problemlərin daha aydın görünməsinə imkan verir və bu istiqamətdə sistemli tədbirlərin görülməsinə ehtiyac var.