Emin Əmrullayev: "Azərbaycan PISA nəticələrində irəliləyiş göstərən 16 ölkədən biridir"
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, PISA-da iştirak edən ölkələrdən 62-də geriləmə, 16-da isə irəliləyiş qeydə alınıb. Onun sözlərinə görə, Azərbaycan nəticələrini yaxşılaşdıran 16 ölkədən biridir.
E.Əmrullayev qeyd edib ki, ölkələrin PISA nəticələri müqayisə edilərkən onların əvvəlki illərdəki göstəricilərinə, eləcə də inkişaf səviyyəsinə görə müxtəlif qruplara bölünməsi nəzərə alınmalıdır. Bakı şəhərinin riyaziyyat üzrə nəticələrinə toxunan nazir bildirib ki, paytaxt 2018-ci ildə 420 bal, 2022-ci ildə COVID-19 pandemiyasının təsiri ilə 397 bal, 2025-ci ildə isə 465 bal toplayıb.
"Bu artım göstəricisidir. Burada tam deyə bilərik ki, biz artıq COVID-in nəticələrini, geridə qalmışlığını, mənfi təsirini və fəsadlarını adlamışıq. COVID təhsilə fəsadlar vermədi deyil. Uşaqların öyrənmələrində müəyyən boşluqlar yarandı",- deyə E.Əmrullayev bildirib.
Nazir vurğulayıb ki, 2025-ci ilin nəticələri bu baxımdan müsbət dinamikanın olduğunu göstərir.
E.Əmrullayev dünya üzrə PISA nəticələrində müşahidə olunan tendensiyaya da diqqət çəkib. O bildirib ki, yüksək orta göstəriciyə malik ölkələrdə də son illərdə nəticələrin aşağı düşməsi müşahidə olunur.
"500 baldan 463-ə enmişdir. 2000-ci illərlə, 2006-cı illə müqayisədə dünyada təhsil müəyyən mənada dinamikanı, irəliləyişi göstərmir. Orta şagird üçün, 15 yaşlı uşaqlarda ölkənin orta nəticəsi artım göstərmir. Bütün inkişaf etmiş ölkələrdə də belədir",- deyə nazir qeyd edib.
Nazir Bakı şəhərinin riyaziyyat üzrə nəticəsini xüsusilə müsbət qiymətləndirib və bu göstəricinin Azərbaycan təhsilinin, riyaziyyat təliminin nəticələri baxımından qürurverici olduğunu bildirib.