Azərbaycanda ümumi təhsil müəssisələrinin sayı son 25 ildə azalıb.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.
Belə ki, 2000/2001-ci tədris ilində ölkə üzrə 4548 ümumi təhsil müəssisəsi olduğu halda, 2025/2026-cı tədris ilində bu göstərici 4195-ə düşüb. Məlumatlara əsasən, 2005/2006-cı tədris ilində ümumi təhsil müəssisələrinin sayı 4550-yə çatıb. Sonrakı illərdə isə müəssisələrin sayında mərhələli azalma müşahidə olunub.
Ən ciddi azalma ibtidai və ümumi orta məktəblərin sayında qeydə alınıb. Belə ki, ibtidai məktəblərin sayı 2000/2001-ci ildəki 470-dən 2025/2026-cı ildə 183-ə, ümumi orta məktəblərin sayı isə 922-dən 713-ə enib.
Tam orta məktəblərin sayı isə əksinə, artıb. 2000/2001-ci tədris ilində 3136 tam orta məktəb olduğu halda, 2024/2025-ci ildə bu göstərici 3342-yə yüksəlib. 2025/2026-cı tədris ilində isə tam orta məktəblərin sayı 3283 olub.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin sayı da illər üzrə azalıb. 2000/2001-ci ildə 20 olan belə müəssisələrin sayı 2025/2026-cı ildə 16 təşkil edib.Təhsilalanların ümumi sayında da müxtəlif illərdə fərqli dinamika müşahidə olunub. 2000/2001-ci ildə 1 milyon 653,7 min nəfər olan təhsilalanların sayı 2010/2011-ci ildə 1 milyon 324,6 min nəfərə qədər azalıb. Sonrakı illərdə isə artaraq 2024/2025-ci ildə 1 milyon 695,1 min nəfərə çatıb. 2025/2026-cı ildə bu göstərici 1 milyon 674,6 min nəfər olub.
Müəllimlərin sayı isə 2000/2001-ci ildə 161,3 min nəfərdən 2010/2011-ci ildə 172,4 min nəfərə yüksəlib. Sonrakı illərdə azalma qeydə alınıb və 2025/2026-cı tədris ilində müəllimlərin sayı 143,7 min nəfər təşkil edib.