"Riyaziyyat üzrə nəticələrimiz ən yaxşı göstəricilərimizdəndir"
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanın PISA nəticələrində xüsusilə riyaziyyat üzrə göstəricilər diqqətçəkəndir.
E.Əmrullayev qeyd edib ki, əvvəlki illərdə həyata keçirilən müəyyən addımların nəticələri də PISA göstəricilərində öz əksini tapır. Onun sözlərinə görə, bu istiqamətdə əldə olunan nəticələrin 80-90 faizə qədər hissəsi müvafiq yanaşmaların təsiri ilə bağlı ola bilər. Nazir Azərbaycanın digər iki istiqamət- oxu savadlılığı və təbiət elmləri üzrə nəticələrinə də toxunub. O bildirib ki, bu sahələrdə də müəyyən nəticələr əldə olunub, lakin riyaziyyat üzrə göstəricilər daha müsbət mənzərə ortaya qoyur.
"Dediyim kimi, riyaziyyat nəticələrinə görə Bakı da, Azərbaycan da ölçülərə görə heç də pis olmayan, ən yaxşı nəticələrimizdən birini göstərib Azərbaycan riyaziyyat üzrə 49-cu yerdə qərarlaşıb. Onun sözlərinə görə, bu, ölkənin ən yaxşı göstəricilərindən biri olmaqla yanaşı, əvvəlki nəticələrlə müqayisədə artımı da göstərir.
Riyaziyyat üzrə 49-cu yerdəyik. Bu, ən yaxşı göstəricilərdən biridir. Eyni zamanda artım göstəricisidir. Ən yaxşı artım göstərən ölkələrdən biriyik. 2025 nəticələri Azərbaycan təhsilində həm müsbət məqamları, həm də gələcəkdə üzərində işlənilməli istiqamətləri müəyyənləşdirməyə imkan verir".