Azedu.az

Xaricdə təhsil "işbaz"larının dələduzluq oyunları - Üzləşəcəkləri sərt cəzalar 

Ali təhsil

10 Sentyabr 2026, 14:09
Xaricdə təhsil "işbaz"larının dələduzluq oyunları - Üzləşəcəkləri sərt cəzalar 

Son illərdə xaricdə təhsil vədləri ilə abituriyent və valideynlərin aldadılması hallarına tez-tez rast gəlinir. Bəzən, vətəndaşlardan xidmət haqqı adı ilə böyük məbləğdə ödənişlər alınır, lakin vəd edilən təhsil və ya qəbul prosesi reallaşmır.

Belə hallarda vətəndaşların hüquqları necə qorunur? Xaricdə təhsil adı altında insanları aldadan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?

AzEdu.az-a mövzu ilə bağlı hüquqşünas, ailə hüququ üzrə ixtisaslaşmış vəkil Elşad İsayev danışıb.

Hüquqşünas xaricdə təhsil adı ilə pul alıb vədi yerinə yetirməyin hansı hüquqi məsuliyyətlərə səbəb ola biləcəyini açıqlayıb:

"Bu məsələ hüquqi baxımdan kifayət qədər aktualdır və ciddi yanaşma tələb edir. Burada əsas məsələ adi müqavilə öhdəliyinin pozulması halı ilə əvvəlcədən düşünülmüş dələduzluq əməlini bir-birindən ayırmaqdır.

Əgər şirkət və ya şəxs abituriyentə, məsələn, konkret hər hansısa  universitetə qəbul etdirəcəyini, xaricdə təhsil almaq üçün sənədləri təmin edəcəyini, viza alacağını, təqaüd təşkil edəcəyini, universitetdən rəsmi qəbul məktubu əldə etdiyini və s. bildirdiyi halda əslində bunları təmin etmək niyyətində olmadığı halda vətəndaşdan pul alırsa, əməl Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq əlamətlərini yarada bilər. Maddə dələduzluğu aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgəsinin əmlakını ələ keçirmə kimi müəyyən edir.

Əgər şəxs xaricdə təhsil xidməti göstərən şirkətdən şəxsi məqsədləri üçün xidmət alırsa, münasibətlərə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müddəaları da tətbiq oluna bilər. Qanun iş və xidmətlərin göstərilməsi sahəsində istehlakçı ilə icraçı arasındakı münasibətləri tənzimləyir".

Vətəndaşın yalnız cinayət işi başlanmasını tələb etmək deyil, ödədiyi vəsaitin qaytarılması və digər hüquqlarının müdafiəsi üçün mülki qaydada məhkəməyə müraciət etmək imkanı da var:

"Bunun üçün isə mütləq sübut bazası yaradılmalıdır.

Bank köçürməsi, kart ödənişi qəbzi, hesab-faktura, nağd ödəniş barədə sənəd.

Yazışmalar: WhatsApp, Telegram, SMS, e-mail və sosial şəbəkə yazışmaları. Mütləq saxlanılmalıdır ki, gələcəkdə sübutetmə prosesində çətinlik çəkilməsin.

Problem yarandığı təqdirdə prokurorluğa və ya polisə müraciət olunmalıdır".

Ukrayna Rusiya şəhərlərini dağıdır: Güclü partlayışlar
Son xəbərlərDaha çox