Azedu.az

2 yaşdan başlayan təhsil, gündə 15 saat dini dərs: Gizli icmanın təhsil dünyası - ARAŞDIRMA

Araşdırma

7 Sentyabr 2026, 15:19
2 yaşdan başlayan təhsil, gündə 15 saat dini dərs: Gizli icmanın təhsil dünyası - ARAŞDIRMA

Türkiyəli məşhur yutuber Ruhi Çenetin Hasidik yəhudilərin yaşadığı icmada apardığı çəkilişdən sonra bu icmanın həyat tərzi ilə yanaşı, təhsil sistemi də gündəmə gəlib.

Çenet videoda uşaqların təxminən 2 yaş yarımdan dini təhsilə başladığını, bəzi Hasidiklərdə isə gün ərzində 15 saatdan çox Tövrat öyrənməyə vaxt ayrıldığını bildirir.

AzEdu.az Hasidiklərin təhsil sistemini araşdıraraq bu modelin necə qurulduğunu, uşaqların hansı yaşdan təhsil aldığını, məktəbdən sonra harada oxuduqlarını və dünyəvi fənlərin bu sistemdə hansı yeri tutduğunu araşdırıb. 

Hasidiklər yəhudiliyin ultra-ortodoks istiqamətlərindən biri hesab olunur. Bu icmalarda dini qaydalar gündəlik həyatın mühüm hissəsini təşkil etdiyi kimi, təhsilin də əsas istiqamətlərindən biri dini biliklərin və ənənələrin yeni nəsillərə ötürülməsidir. Buna görə uşaqların təhsilində Tövrat, Talmud, Mişna və yəhudi dini hüququ ilə bağlı mətnlər xüsusi yer tutur.

Dini təhsil çox erkən yaşda başlayır. Çenetin videosunda uşaqların təxminən 2 yaş yarımdan etibarən dini təhsilə başladığı və əsas diqqətin Tövratın öyrənilməsinə yönəldiyi qeyd olunur. Bu məlumat Hasidik ailələrdə uşaqların dini biliklərlə çox erkən yaşda tanış olması barədə ümumi məlumatlarla da uyğun gəlir. Lakin 2 yaş yarım şərti bütün Hasidik uşaqlar üçün məcburi və eyni başlanğıc yaşı kimi qəbul edilmir. İcmalar və məktəblər arasında fərqlər mövcuddur.

Hasidik təhsil sistemində uşaqlar böyüdükcə dini mətnlərin öyrənilməsi daha da intensivləşir. Xüsusilə oğlanların təhsilində Talmud mühüm yer tutur. Talmud yəhudi dini qanunlarını, şərhləri və müxtəlif dini-hüquqi mübahisələri özündə birləşdirən əsas mətnlərdən biridir. Tələbələr burada yalnız mətnləri oxumurlar, müxtəlif fikirləri müqayisə edir, suallar üzərində düşünür və dini-hüquqi məsələləri müzakirə edirlər.

Çenetin gündəmə gətirdiyi ən diqqətçəkən məqamlardan biri də təhsilə ayrılan vaxtdır. Onun videosunda bəzi Hasidiklərin gündə 15 saatdan çox Tövrat öyrəndiyi bildirilir. Burada isə mühüm bir fərq var: bu rəqəm bütün Hasidik məktəblər üçün vahid gündəlik norma deyil. 2025-ci ildə Nyu-York ştatında aparılmış geniş araşdırma göstərib ki, Hasidik məktəblərin tədris proqramları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. 

Araşdırmaya əsasən, Nyu-York ştatında 264 Hasidik məktəb müəyyən edilib və bu məktəblərdə ən azı 111 min şagird təhsil alır. Tədqiqat həmçinin məktəblərin eyni model üzrə fəaliyyət göstərmədiyini göstərir. Bəzi oğlan məktəblərində dünyəvi fənlər çox məhdud olduğu halda, digər Hasidik məktəblərində belə dərslər də keçirilir. 

Bəzi Hasidik oğlan məktəblərində riyaziyyat, ingilis dili və digər dünyəvi fənlərin məhdud da olsa tədris edildiyi aşkarlanıb. Bu səbəbdən “Hasidik məktəblərində dünyəvi fənlər yoxdur” ifadəsini bütün icmaya şamil etmək düzgün deyil. 

Oğlan və qızların təhsil proqramları da fərqlənir. 2025-ci il araşdırmasına görə, tədqiq edilən Hasidik qız məktəblərinin hamısında riyaziyyat və ingilis dili tədris olunub. Oğlan məktəblərində isə dünyəvi fənlərin payı bəzi hallarda xeyli aşağıdır.

Bunun əsas səbəblərindən biri Hasidik ənənədə oğlanların dini mətnlərin, xüsusilə Talmudun daha intensiv şəkildə öyrənilməsinə yönəldilməsidir. Bu təhsil yalnız dini məlumatların əzbərlənməsindən ibarət deyil. Talmud dərslərində mürəkkəb mətnlərin təhlili, fikir ayrılıqlarının müqayisəsi və arqumentlərin qurulması mühüm yer tutur. 

Ateres Chaya Mushka Begins New Year With Additional Grade | Anash.org

Hasidiklərin təhsil sistemi məktəblə bitmir. Oğlanların bir hissəsi orta məktəbdən sonra yeshivada təhsilini davam etdirir.

Yeshiva yəhudi dini təhsil müəssisəsidir. Burada əsasən Tövrat, Talmud, Mişna, yəhudi dini hüququ və dini şərhlər öyrənilir. Yeshivanı klassik universitetlə eyniləşdirmək düzgün deyil. Universitetdə müxtəlif elm və peşə istiqamətləri üzrə akademik dərəcə əldə etmək əsas məqsəd olduğu halda, yeshivada əsas məqsəd dini mətnləri və dini hüququ dərindən öyrənməkdir.

Yeshivada oxuyan gənclər günün böyük hissəsini dini mətnlərin öyrənilməsinə həsr edə bilirlər. Tədris zamanı tələbələr mətnləri oxuyur, bir-biri ilə müzakirə edir, dini hüquqi məsələləri təhlil edir və müxtəlif ravvinlərin fikirlərini müqayisə edirlər. Bu səbəbdən yeshiva təhsili həm dini, həm də intensiv mətn-analizinə əsaslanan bir təhsil formasıdır.

Bəzi yeshivalarda dini təhsil uzun illər davam edir. Şagird orta məktəbdən sonra da təhsilini davam etdirərək günün böyük hissəsini Tövrat və Talmudun öyrənilməsinə həsr edə bilər. Bu mərhələdə məqsəd yalnız diplom əldə etmək deyil, dini biliklərin daha dərin səviyyədə mənimsənilməsidir.

Yeshivalara başqa ölkələrdən də gəlirlər

Hasidik dini təhsil yalnız bir şəhər və ya ölkə ilə məhdudlaşmır. ABŞ və İsrail ultra-ortodoks yəhudi təhsilinin əsas mərkəzləri arasında yer alır. Buna görə müxtəlif ölkələrdə yaşayan yəhudi gənclər dini təhsillərini davam etdirmək üçün başqa ölkələrdəki yeshivalara gedə bilirlər.

Çenetin çəkilişində də təhsil alan gənclər arasında başqa ölkələrdən gələn şəxslərin olduğu qeyd olunur. Bu, dini təhsilin yalnız yerli icma üçün deyil, daha geniş Hasidik və ultra-ortodoks yəhudi şəbəkəsi daxilində də davam etdirildiyini göstərən nümunələrdən biridir.

Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır: yeshiva universitet deyil və burada oxuyan hər bir şəxs universitet tələbəsi hesab olunmur. Bununla yanaşı, “Hasidiklər universitetə getmir” demək də düzgün deyil. İcma daxilində dünyəvi ali təhsil alan şəxslər də var. Sadəcə, ənənəvi Hasidik təhsil yolunda dini təhsilin universitet təhsilindən daha üstün tutulduğu hallar mövcuddur.

Central Yeshivas Tomchei Tmimim - 770 - Chabadpedia

İdiş dili də təhsilin bir hissəsidir

Hasidiklərin təhsil sisteminin başqa maraqlı xüsusiyyəti İdiş dilinin geniş istifadəsidir. ABŞ-də yaşayan bir çox Hasidik ailə gündəlik ünsiyyətdə idişdən istifadə edir və bu dil bir sıra oğlan məktəblərində əsas ünsiyyət dili olaraq qalır. Araşdırmalarda İdişin Hasidik məktəblərinin böyük hissəsində mühüm yer tutduğu göstərilir. 

Bu yanaşma yalnız dil məsələsi deyil. Hasidik icmalar üçün idiş dini və mədəni kimliyin qorunmasının vasitələrindən biri hesab olunur. Buna görə uşaqlar həm dini mətnləri, həm də icma daxilində gündəlik həyatda istifadə olunan dili kiçik yaşlardan mənimsəyirlər.

Jews at top of class in first-ever global study of religion and education |  National Catholic Reporter

Dünyəvi təhsil məsələsi niyə mübahisəlidir?

Hasidik təhsil sistemi ilə bağlı əsas müzakirələrdən biri dini və dünyəvi təhsil arasındakı nisbətlə bağlıdır.

Sistemin tərəfdarları dini təhsilin icmanın kimliyini, ənənələrini və dini dəyərlərini qorumaq üçün vacib olduğunu bildirirlər. Onların baxışına görə, Tövrat və Talmud təhsili yalnız dini ayinlərə hazırlıq deyil, eyni zamanda düşünmə, mətn təhlili və müzakirə bacarıqlarının inkişafına xidmət edir.

Tənqidçilər isə bəzi oğlan məktəblərində dünyəvi fənlərin məhdud olmasının məzunların sonrakı mərhələdə universitetə qəbul və əmək bazarına çıxış imkanlarına təsir göstərə biləcəyini bildirirlər. Nyu-Yorkdakı son araşdırmalar isə vəziyyətin məktəbdən məktəbə dəyişdiyini göstərir. 

Beləliklə, Hasidiklərin təhsil sistemini yalnız “uşaqlar məktəbə getmir” və ya “yalnız Tövrat oxuyurlar” ifadəsi ilə izah etmək mümkün deyil. Burada müxtəlif mərhələlər, fərqli məktəb modelləri və icmadan icmaya dəyişən yanaşmalar mövcuddur.

Bir tərəfdə erkən yaşlardan başlayan dini təhsil, uzun saatlar ərzində Tövrat və Talmudun öyrənilməsi və məktəbdən sonra yeshivalarda davam edən dini təhsil, digər tərəfdə isə müxtəlif məktəblərdə tətbiq olunan dünyəvi fənlər dayanır.

Məhz bu xüsusiyyət Hasidiklərin təhsil sistemini dünyadakı digər təhsil modellərindən fərqləndirir. Burada təhsil yalnız gələcək peşəyə hazırlıq deyil, eyni zamanda dini biliklərin, dilin, ənənələrin və icma kimliyinin yeni nəsillərə ötürülməsi vasitəsi kimi qəbul edilir. 

Ukraynadan dağıdıcı HÜCUM - Rusiya şəhərləri vurulur!
Son xəbərlərDaha çox