Kaliforniya Universitetinin (UC) Berkeley kampusunda aparılan yeni araşdırma göstərib ki, kitabı dinləmək və oxumaq beynin məlumatı emal etməsi baxımından demək olar ki, eyni təsir yaradır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Journal of Neuroscience jurnalında dərc olunan tədqiqat çərçivəsində alimlər beynin müxtəlif söz kateqoriyalarına reaksiyasını əks etdirən üçölçülü semantik xəritələr hazırlayıblar.
Nəticələr göstərib ki, eyni məzmunu oxuyan və dinləyən insanların beynində formalaşan semantik fəaliyyət xəritələri demək olar ki, üst-üstə düşür.
Araşdırmanın baş müəllifi, UC Berkeley-də neyroelm üzrə doktoranturadan sonrakı tədqiqatçı Fatma Dəniz bildirib ki, müasir dövrdə insanların getdikcə daha çox audiokitablar, podkastlar və səsləndirilmiş mətnlər vasitəsilə məlumat əldə etməsi bu tədqiqatın əhəmiyyətini artırır.
Onun sözlərinə görə, əldə olunan nəticələr insanların eyni məzmunu istər oxuyarkən, istərsə də dinləyərkən semantik məlumatı oxşar şəkildə emal etdiyini göstərir.
Tədqiqat zamanı könüllülər eyni hekayələri həm oxuyub, həm də dinləyiblər. Bu müddətdə onların beyin fəaliyyəti funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) vasitəsilə qeydə alınıb. Alimlər beyin görüntülərini hekayələrin zaman kodlu mətnləri ilə müqayisə edərək beynin hansı hissəsinin ayrı-ayrı sözlərə reaksiya verdiyini müəyyən ediblər.
Daha sonra xüsusi kompüter proqramı vasitəsilə hekayələrdəki minlərlə söz semantik kateqoriyalara bölünüb. Məsələn, "pişik", "balıq" və "ayı" sözləri "heyvan" kateqoriyasında birləşdirilib. "Voksel əsaslı kodlaşdırma" üsulu ilə bu kateqoriyalar serebral korteksdə aktivləşən sahələrlə əlaqələndirilib.
Tədqiqatçılar bildiriblər ki, oxuma və dinləmə zamanı yaranan semantik beyin xəritələrinin bu qədər oxşar olması onlar üçün gözlənilməz nəticə olub. Onlar əvvəlcədən beynin bu iki proses zamanı məlumatı fərqli mexanizmlərlə emal edəcəyini düşünürdülər.
Alimlərin fikrincə, araşdırmanın nəticələri beynin dili emal mexanizmlərinin daha yaxşı başa düşülməsinə kömək etməklə yanaşı, disleksiya kimi dil emalı pozuntularının öyrənilməsi və gələcək müalicə üsullarının hazırlanmasına da töhfə verə bilər.