Azedu.az

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

AzEdu Təhsil Platforması

6 Sentyabr 2026, 10:05
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən AzEdu.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıların bəzi yerlərdə intensiv xarakter alacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır:

“İntensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”.

Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab
Son xəbərlərDaha çox