Barmaq şaqqıldatmağın oynaq əhənglənməsinə səbəb olduğu barədə illərdir yayılan iddia elmi araşdırma ilə təkzib edilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, uşaqlıqdan çoxlarının eşitdiyi “barmaqlarını şaqqıldatma, qocalanda əllərin əsəcək” xəbərdarlığının elmi əsası olmadığı ortaya çıxıb.
Həkim Donald Ungerin 60 il davam edən qeyri-adi təcrübəsi bu vərdişlə bağlı məşhur inancı dəyişib.
Unger uzun illər ərzində yalnız sol əlindəki barmaqları hər gün şaqqıldadıb, sağ əlində isə bunu etməyib. Təcrübənin sonunda hər iki əl arasında heç bir fərq müşahidə olunmayıb. Həkimin nə sol, nə də sağ əlində oynaq əhənglənməsi və ya hər hansı ciddi problem yaranıb.
Bu araşdırma ona tibb dünyasında yumoristik elmi nailiyyətlərə verilən İq Nobel mükafatını qazandırıb. Sonrakı elmi çalışmalar da barmaq şaqqıldatmağın birbaşa artritə və ya oynaq əhənglənməsinə səbəb olmadığını göstərib.
Mütəxəssislərin sözlərinə görə, barmaqdan gələn “çıt” səsi oynaqlardakı sinovial mayedə həll olmuş qazların təzyiq dəyişməsi nəticəsində yaranır. Barmaq büküldükdə oynaq daxilində təzyiq azalır, qaz qabarcıqları yaranır və onların dağılması nəticəsində həmin səs eşidilir.
Bununla belə, həkimlər oynaqları həddindən artıq güclə və tez-tez şaqqıldatmağın tövsiyə edilmədiyini bildirirlər. Bu vərdiş bəzi hallarda oynaq bağlarının boşalmasına və əl sıxma gücünün azalmasına təsir göstərə bilər.
Beləliklə, ara-sıra barmaq şaqqıldatmaq sağlamlıq üçün ciddi təhlükə hesab edilmir. Lakin vərdişi həddindən artıq təkrarlamaq həm oynaqlara, həm də ətrafdakı insanlara narahatlıq yarada bilər.