İngiltərədə aparılan yeni araşdırma göstərib ki, qadınlar və kişilər eyni anda bir neçə fiziki və zehni tapşırığı yerinə yetirməkdə oxşar səriştə nümayiş etdirsələr də, bu prosesə şifahi ünsiyyət əlavə olunduqda kişilər daha çox çətinlik yaşayırlar.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Brunel Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 41 kişi və 37 qadın olmaqla ümumilikdə 78 nəfər iştirak edib.
İştirakçılardan gündəlik həyatdakı intensivliyi əks etdirən müxtəlif fiziki və zehni tapşırıqları vaxt məhdudiyyəti şəraitində eyni vaxtda yerinə yetirmələri tələb olunub.
Təcrübənin ilk mərhələsində yalnız tapşırıqların icra sürəti və ümumi performans qiymətləndirilib. Nəticələr qadınlar və kişilər arasında əhəmiyyətli fərqin olmadığını göstərib. Hər iki qrupun eyni vaxtda bir neçə işi oxşar səviyyədə idarə edə bildiyi müəyyən edilib.
Araşdırmanın ikinci mərhələsində isə iştirakçılar tapşırıqları yerinə yetirərkən onlara ünvanlanan şifahi sualları da cavablandırıblar. Bu zaman kişi iştirakçıların 25 faizdən çoxu sualları cavabsız qoyub. Qadınlarda isə bu göstərici təxminən 10 faiz təşkil edib.
Tədqiqatçılar bildiriblər ki, əldə olunan nəticələr kişilərin eyni anda bir neçə işi yerinə yetirə bilmədiyini göstərmir. Onların fikrincə, kişilər intensiv fəaliyyət zamanı şifahi ünsiyyəti ikinci plana keçirməyə daha çox meyl göstərirlər.
Araşdırmanın müəlliflərindən olan neyroalim Dr. Andre J. Szameitat qeyd edib ki, kişilərin işləyərkən susması və ya suallara gec cavab verməsi kənardan onların prosesə nəzarəti itirdiyi təəssüratını yarada bilər. Halbuki bu, onların tapşırıqları uğurla yerinə yetirə bilmədiyi anlamına gəlmir.
Təcrübənin davamında qadın və kişi iştirakçıların tapşırıqları icra edərkən lentə alınmış görüntüləri araşdırmanın məqsədi barədə məlumatı olmayan 80 nəfərlik müstəqil müşahidəçi qrupu izləyib.
Müşahidəçilər xüsusilə şifahi sualların verildiyi hissələrdə kişi iştirakçıların prosesə daha az nəzarət etdiyini düşünüblər. Onlarda kişilərin daha zəif nəticə göstərdiyi, tapşırıqlara daha az səy göstərdiyi və gördükləri işdən daha tez narazı qaldığı barədə fikir formalaşıb.
Araşdırma müəllifləri isə bu təəssüratın əsas səbəbinin performans fərqi deyil, kişilərin tapşırıq zamanı daha az ünsiyyət qurması olduğunu vurğulayıblar.
Mütəxəssislərin fikrincə, tədqiqatın nəticələri ev və iş mühitində gərgin anlarda kişilər arasında ünsiyyət problemlərinin niyə daha qabarıq müşahidə olunduğunu izah etməyə kömək edə bilər.